Mediaya dövlət dəstəyinin məsuliyyəti, yoxsa sağmal inəkdən gələn süd yanaşması…

15-06-2023, 09:24           
Mediaya dövlət dəstəyinin məsuliyyəti, yoxsa sağmal inəkdən gələn süd yanaşması…
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun parlamentdə pul üsyanına qalxması hökümətin mediaya dəstək strategiyasında nəzarət mexanizmindəki bir sıra yanlışları üzə çıxardı. Deputat öz qəzetinə illik 1.5 milyon yardım istəyir.

Təbiidir ki, bu rəqəmi o, havadan götürməyib. Deməli, bu qənaətə gəlirik ki, Bəxtiyar Sadıqov azı son 15 ildə bu həcmdə yardım alıb. Bu da 15-20 miyon vəsait deməkdir.

Tam əminliklə demək olar ki, həmin vəsaitin böyük hissəsi elə baş redaktorun özü tərəfindən mənimsənilib. Verilən bu qədər dövlət dəstəyinin fonunda Bəxtiyar Sadiqov qzetlə bağlı hansı naliyyəti ortaya qoyub?

Qəzet əvvəlki kimi dövlətin verdiyi redaksiyada yerləşir, tirajında artma əvəzinə azalma var, işçilərin sayında ixtisarlar müşahidə olunur.

Niyə dövlətin əlaqədar qurumları media dəstək adı ilə ayrılan pulların hara və necə xərcləndiyi və verilən külli miqdarda maddi dəstəyin fonunda hansı irəliləyişlərə nail olunduğu ilə bağlı araşdırma aparmır?

Belə addımlar atılsaydı Bəxtiyar Sadıqov kimilər parlamentdə deyil, müttəhimlər kürsüsündə əyləşmiş olardı. Çünki dövlət bu pulu qəzetin rəhbərinin ailə büdcəsinin çiçəklənməsinə deyil, media subyektinin inkişafı üçün ayırır.

Mediaya maliyyə yardımı ilə bağlı siyasət elə yürüdülməlidir ki, dəstək alan subyektlərin rəhbərləri bu vəsaitə sağmal inəkdən gələn süd kimi baxmasınlar. Həmin pulu doğrudan da media subyektinin inkişafına düzgün xərcləməklə bağlı məsuliyyət hiss etsinlər.

Bəxtiyar Sadıqova ən gözəl cavabı spiker Sahibə Qafarova verdi. Dedi ki, indiyə qədər ayrılan pulları havaya sovurmaq, mənimsəmək əvəzinə elə xərcləyərdin ki, qəzetin rentabelli olardı.

Deyəsən, dövlət mediaya dəstək adı ilə ayrılan pulların amansızlıqla mənimsənildiyini gec də olsa dərk etməyə və bəzilərinin harınlıq mənbəyi olan bu “kislorodu” kəsmək qərarına gəlib.

Bir faktı da deyim ki, Bəxtiyar Sadıqovun qəzetdən əldə etdiyi gəlir yalnız dövlətin ayırdığı rəsmi vəsaitdən ibarət deyil. Qəzetin çox böyük reklam büdcəsi də var. Bunu da qəzet öz tirajına görə deyil, rəsmi qəzet adı ilə hədələri və əlaqələri hesabına əldə edib.

Nəinki Bəxtiyar Sadiqovun, hətta ona “qara kassa” funksiyasını həyata keçirən müavinin belə gücü çatar ki, yığdıqları var-dövlət hesabına qəzeti illərlə maliyyələşdirsinlər.

Bunu qəti etməzlər. Çünki onlar dövlətin media proyektlərindən əldə olunan vəsaitə yalnız asan mənimsəmə və varlanma mənbəyi kimi baxırlar. Dövlətin əlaqədar qurumları mütləq mənada medianın inkişafı məqsədilə ayrılan milyonlarla vəsaitlərin necə xərcləndiyi ilə bağlı obyektiv araşdırmalara başlamalıdır. Əks təqdirdə, biz Bəxtiyar Sadıqovdan da pis nümunələrlə üz-üzə qalmalı olacayıq…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.