Ermənistan, Qərb və İran yol, Azərbaycan, Türkiyə və Rusiya dəhliz istəyir......

15-06-2023, 07:55           
Ermənistan, Qərb və İran yol, Azərbaycan, Türkiyə və Rusiya dəhliz istəyir......
Ərdoğan Zəngəzur dəhlizinin reallaşmasına qarşı İranın problem yaratdığını açıqlayıb və bu məsələni qısa zamanda həll etmək istiqamətində addımlar atılacağını deyib.
Bəllidir ki, Ərdoğanla Əliyev Bakıda bu məsələni müzakirə edib və dəhlizin önündəki İran maneəsinin aşılması üçün atılacaq addımları müəyyənləşdiriblər. Hərçənd, Zəngəzur dəhlizinə İranla yanaşı, Ermənistan və Qərb ölkələri də qarşı çıxır:
- Ermənistan öhdəlik götürsə də, Naxçıvana “maneəsiz çıxış” verməyi suverenliyinin pozulması kimi qiymətləndirir və “dəhliz” yox, “yol” məntiqini irəli sürür;
- Qərb dəhlizə Rusiyanın nəzarət etməsinə qarşı olduğu üçün “yol” məntiqindən çıxış edir;
İran dəhlizlə razılaşarsa, Ermənistan və Qərb yenə qarşı çıxacaq. O zaman, Ərdoğan İranı niyə ön plana çıxarır və “İran razılaşarsa, dəhliz açıla bilər” məntiqindən çıxış edir?
Azərbaycan, Türkiyə və Rusiya dəhliz, Ermənistan, Qərb və İran yol istəyir. Bu iki cəbhə arasında tarazlığı pozan və bölgədə Ermənistanın mövqeyini praktiki baxımdan gücləndirən İrandır. İran razılaşarsa:
- Qərbin bölgədə dəhlizin önünü praktiki müstəvidə kəsmək imkanları zəifdir;
- Ermənistan bölgədə təklənəcək və kommunikasiyanın açılması zərurəti qarşısında “maneəsiz keçid” öhdəliyini yerinə yetirmək şəraiti ilə üzləşəcək;
Ərdoğanın “Zəngəzur dəhlizinə problemi İran yaradır” açıqlamasını bu cür oxuya bilərik. Və mümkündür ki, Bakı və Ankara Moskvanın da iştirakı ilə Tehranı razı salmaq üçün yenidən işləyəcək.
Lakin buna nail olmaq hələ də sual altındadır və İranın mövqeyinə nüvə məsələsində ABŞ-la anlaşıb-anlaşmayacağı, eləcə də Çinin bölgədə nə qədər aktivləşəcəyi təsir edəcək.
Asif Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.