Aİ Arazdəyənə də endi və... - Biz `ekoloji terror` deyib bağıranda isə seyr etdilər

15-06-2023, 09:29           
Aİ Arazdəyənə də endi və... -
Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının üzvləri Vedi("Ararat") rayonunun “Yerasx” adlandırılmış Arazdəyən məntəqəsində tikilməkdə olan zavodun ərazisinə baş çəkiblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, “Aykakan Jamanak”ın yaydığı məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan özünün “Twitter” mikrobloqunda yazıb.

Yazıda xüsusi olaraq deyilir:

“Aİ müşahidəçiləri Azərbaycanın atəşi altında olan Yerasx metallurgiya zavodunun tikinti sahəsinə baş çəkiblər”.

Xatırladaq ki, dünən – iyunun 14-də Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Silahlı Qüvvələrinin Arazdəyəndə “xarici investisiyalarla tikilən metallurgiya zavodu istiqamətində atəş açması və nəticədə 2 Hindistan vətəndaşının yaralanması” haqda məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu iddianı rədd edərək “Tviter”də yazıb:

“Ermənistanda tikiləcək metaləritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik. Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi trans-sərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”.

Onu da əlavə edək ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddiasının əksinə olaraq həmin ölkənin sözügedən ərazisindən Azərbaycan ordusu mövqelərinin atəşə tutilması barədə məlumat yayıb.

Məlumatda deyilir:

“İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür”.
.
Bu arada eyni tarixdə, yəni iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının özünün müşahidə məntəqələrinin artırılmasıyla bağlı narahatlığını ifadə edərək guya “bölgədə sülhün təminatının yalnız Rusiya Federasiyasının sülhməramlı qoşunlarının olduğunu” vurğulayıb...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.