Bəyanatla bağlı qalmaqal böyüyür - "Ən azından, ya rus, ya da ingilis dilində..."

16-06-2023, 00:05           
Bəyanatla bağlı qalmaqal böyüyür -
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə müraciət edərək, araşdırma aparmağa çağırıb.

Bildirilib ki, Ermənistan tərəfi Azərbaycanın sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejiminin ermənilər tərəfindən pozulması barədə məlumatlar yayır. Ermənistan XİN bu məlumatların, guya həqiqət olmadığını iddia edir və araşdırma istəyib. Ermənistan Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı mövqeyini bir daha xatırladıb.

Qeyd edək ki, Ermənistan XİN bu bəyanatı öz saytında ancaq erməni dilində yerləşdirib və bu, erməni mətbuatının diqqətini çəkib. Yerli mətbuat bəyanatın rus dilindəki versiyasının olmamasına diqqət çəkərək, əslində XİN-nin Rusiya tərəfinin diqqətini məsələyə cəlb etmək məqsədi daşımadığını yazıb.

Xüsusilə iki ölkə arasında sülh danışıqlarının intensivləşdiyi bir zamanda erməni tərəfinin dəfələrlə təxribatlara əl atması, sülhməramlıların məsuliyyət zonasındakı ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması halları artıb.

Maraqlıdır ki, bəyanatın rus dilində deyil, erməni dilində verilməsində məqsəd nədir?

TEREF.AZ-ın məlumatına görə, “Cümhuriyət”-ə açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, hər hansı beynəlxalq missiyanın, yaxud vasitəçinin cəlbedilməsi prosesində beynəxalq dillərdən istifadə olunmalıdır:

"Ən azından, ya rus, ya da ingilis dilində məlumat yerləşdirilməli idi, amma Ermənistan tərəfi bir tərəfdən şantaj xarakterli açıqlama verir, digər tərəfdən isə məsələnin lokal xarakterli olduğunu göstərməyə çalışır. Bəyanatın erməni dilində verilməsi göstərir ki, Ermənistan hakimiyyəti bunu yalnız öz ölkəsi üçün verib, ictimaiyyətin maraqlarına hesablayıb. Əgər həqiqətən də dırnaqarası sülhməramlıların orada fəaliyyətinin araşdırılmasına maraqlı olsaydı, o zaman bəyanat rus dilində də verilərdi.

Bu açıqlamanın əsas məqsədi ondan ibarətdir ki, baxın, biz çalışırıq, dayanmırıq, Azərbaycan təxribat törədir, qarşılığını isə veririk. Fakt ondan ibarətdir ki, bu günə qədər baş verən təxribatların arxasında Ermənistan olub. Sülh danışıqlarından yayınma cəhdləri var, bu cəhdlərin qarşısının alınması üçün Azərbaycan tərəfi bütün səylərini ortaya qoyub. Baxmayaraq ki, Azərbaycan bu qədər çalışır, nə Rusiya, nə də Qərb ölkələri tərəfindən bizim qədər bu məsələyə can yandıran yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.