Fransa Ermənistanı silahlandırır: Yeni planda İran izi

16-06-2023, 11:04           
Fransa Ermənistanı silahlandırır:
Fransa Tədqiqat Mərkəzi Ermənistanla bu ölkə arasında hərbi-texniki əməkdaşlığın aktivləşməsini proqnozlaşdırır.

Belə ki, Fransa Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyoru tədarük edəcək. Bu barədə Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun direktoru Emmanuel Dupu mətbuata müsahibəsində danışıb. Çatdırılmaların şərtləri və cədvəli barədə məlumat verilmir. Ümumiyyətlə, zirehli texnikanın açıq mənbələrdə tədarükü ilə bağlı məlumatlar mayın ortalarında yayılmağa başlayıb. Lakin Fransa tərəfdən bu xəbərlərə heç bir şərh gəlməyib. Dupunun sözlərinə görə, qeyd olunanla yanaşı, Ermənistan tərəfindən Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının da alınması imkanları müzakirə olunur. Mərkəz rəhbəri əlavə edib ki, Fransanın İrəvandakı səfirliyinə qarşıdakı hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşacaq. Attaşenin təyin olunmasını aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan etmişdi.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında həm Vaşinqton, həm də Brüssel formatı çərivəsində aparılan danışıqlarda sülhün əldə edilməsi istiqamətində məlumatların artdığı bir vaxtda Fransanın münaqişənin yenidən bərpa etmək cəhdləri müşahidə olunur. Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi sülh prosesinə zərbə vura biləcək və gərginliyin artmasına səbəb olacaq amildir. Bu baxımdan, Azərbaycanın mövcud situasiyada hansı addımlar atmalı olduğu sualı da meydana çıxır.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransanın zirehli döyüş maşınları satması rəsmi Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamətində ilk addımı deyil.

Fransa həm işğal dövründə, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə, həm 44 günlük Vətən müharibə dövründə, eləcə də ondan sonra Ermənistan ordusunun Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlanmış silahların verilməsində iştirak edib: “Bu haqda danışarkən daha çox Ermənistanın Rusiyadan və İrandan silahlar alması barədə məlumatlar yayıldı. Amma bu silahların sırasında Fransanın da payının olması reallıq idi. 44 günlük müharibədən sonra iki mərhələ üzrə, yəni 2021-ci ildən başlayaraq Fransa ilə birlikdə Ermənistanın müdafiə potensialının genişləndirilməsi üzrə İşçi Qrup səviyyəsində strategiya işlənib hazırlandı. Bu strategiyanın həyata keçirilməsi isə 2023-cü ilin aprel ayında Fransanın xarici işlər naziri Katrin Kalonnanın Ermənistana səfərindən sonra baş verdi.

Silahların daşınmasının ilk partiyası həmin vaxt təmin olundu. Hətta Fransa Xarici İşlər Nazirliyi Ermənistandakı səfirliyə bu işlərlə məşğul olmaq üçün hərbi attaşe də təyin etdi. Lakin diqqəti çəkən məqam bundan ibarətdir ki, son bir neçə ay ərzində Cənubi Qafqazdakı limanlardan 50-ə yaxın zirehli texnikanın keçirilməsinə dair hər hansı sənədləşmə aparılmayıb. Belə olan halda sual yarana bilər ki, Fransa bu silahları Ermənistana necə çatdırıb? Aydın məsələdir ki, Fransa Xarici İşlər Nazirliyi özünə məxsus təyyarə ilə də silah-sursat daşımayıb. Deməli, üçüncü ölkənin, yəni İran ərazisindəın istifadə etməklə bu döyüş texnikası Ermənistana ötürülüb. Bu məntiqi sual doğur ki, Fransa Avropa İttifaqının silahların və təhlükəli yüklərin daşınmasını qadağan etdiyi İrana tətbiq olunmuş sanksiyaları pozaraq bu ölkənin üzərindən Ermənistana silah satır? Qeyd edim ki, Fransa Avropa İttifaqının Ukraynadakı işğalçı müharibəyə görə Rusiya ilə əməkdaşlığa can atır və bunu gizlətmir”.

Ekspert bildirib ki, həm Birinci, həm də İkinci Dünya müharibəsində işğalçının tərəfinə keçən Fransanın öz maraqlarını güdməsi təcrübəsi tarixdə məlumdur:

“Fransa hakimiyyəti faşist Almaniyası ilə ən çox əməkdaşlıq edən bir ölkə kimi tarixə düşüb. Hazırda Fransa Prezidenti Emmanuel Makron Ukraynanın və Avropa Birlyinin təhlükəsizlik maraqlarına zidd gedərək Çinlə əməkdaşlıq edir. Eyni zamanda, Avropa Birliyinin enerji təhcizatında mühüm rol oynamış və xüsusilə də Ukraynada müharibənin başlamasından sonra enerji təhlükəsizliyinin təminatçısına çevrilmiş Azərbaycana qarşı Fransa yenə işğalçının yanında dayanır. Bu, həm də Avropa Birliyinin maraqlarına qarşı çıxmaqdır. Hesab edirəm ki, Azərbaycan Fransanın bu özbaşnalığına son qoymaq üçün rəsmi Parisin təcavüzkarı dəstəklədiyinə dair beynəlxalq platformalarda məsələ qaldırmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.