İntensivləşən təxribatların izi ilə: Erməni zabitlərə Rusiyadan “atəş” əmri gəlib?

16-06-2023, 08:35           
İntensivləşən təxribatların izi ilə: Erməni zabitlərə  Rusiyadan “atəş” əmri gəlib?
Elxan Şahinoğlu: “Təxribatların miqyası artarsa, bizim ultimatum verməkdən və antiterror əməliyyatından başqa yolumuz qalmayacaq”

Ermənistan ordusunun və Qarabağdakı separatçı silahlı quldur dəstəsinin təxribatlarının miqyası genişlənməkdədir. Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Nazirliyin bu gün yaydığı məlumatda isə qeyd edilib ki, bu gün saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bu gün Dövlət Sərhəd Xidməti də məlumat yayıb. DSX-nın məlumatında qeyd edilib ki, bu gün saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

Təxribatların intensivləşməsi səbəbləri və nəticənin nə olacağı ilə bağlı fikirlərini AYNA ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, baş verənlərin arxasında Rusiyanın dayandığı ehtimalları çoxdur:

- Ermənistanın Baş naziri ordularında “beşinci kalon” haqqında fikirlər səsləndirmişdi. Söhbət Ermənistan ordusunda Rusiyanın kəşfiyyatına bağlı yüksək rütbəli hərbçilərdən gedir. Bu təxribatın arxasında həmin zabitlərin dayandığı şübhələri artır. Məqsədləri də gərginliyi artırmaqdır. Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması həmin şəxslərin maraqlarına, dolayısı ilə Rusiyanın maraqlarına zərbə idi. Onlar təxribatın miqyasını genişləndirirlər. Görünən odur ki, erməni zabitlərinə Rusiyadan “atəş” əmri gəlib.

Yeri gəlmişkən, başqa bir təxribatı Kremlə bağlı olan “RİA Novosti” agentliyi törətmiş oldu. Yaydıqları xəbərdə bildirirlər ki, guya ABŞ Qarabağ separatçılarına mesaj göndərib ki, Bakı ilə danışıqlara getsinlər, yoxsa antiterror əməliyyatları başlayacaq. Guya bununla separatçılara Vaşinqton təzyiq edir. Birincisi, sual yaranır, ABŞ separatçılara hansı üsullarla təzyir edir?! ABŞ rəsmilərinin Rusiya rəsmilərindən fərqli olaraq, Qarabağ separatçıları ilə birbaşa təması yoxdur. Təmas olması üçün ya separatçılar İrəvana getməlidirlər, bu mümkün deyil. Çünki onlar Laçın sərhəd-keçid məntəqəsindən keçməlidirlər, buna risk etməzlər. Ya da ABŞ nümayəndələri Xankəndiyə gəlməlidirlər ki, bu da mümkün deyil. Çünki Laçın sərhəd-keçid məntəqəsindən keçməlidirlər. Yeganə variant qalır ki, internet üzərindən təmas qurulub. Hesab edirəm ki, belə bir məlumatın Kremlə bağlı mediada yayımlanmasının alt qatında xoşagəlməz niyyət dayanır.

İkincisi, Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların “xarici işlər naziri” Sergey Kazaryan təmsil edir. Moskvanın iddiasına görə, ABŞ üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun rəsmi Bakı ilə Qarabağ erməniləri ilə dialoqunun tərəfdarıdır. Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı “xain” kimi göstərməsi ondan xəbər verir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir.

- Ümumiyyətlə, Bakı Qarabağın erməni əhalisi ilə reinteqrasiya aparmaq istəyini ortaya qoyub. Onların imtina etməsi, tərksilah olmamaları antiterror əməliyyatını şərtləndirən haldır. Əgər belədirsə, onda Rusiya üçün bu, niyə təəccüblü olmalıdır?

- Təbii ki, bu, sirr deyil. Sadəcə Rusiya xəbəri qəsdlə yayıb ki, guya ABŞ Qarabağda qızışdırıcı mahiyyətli addımların atılmasında maraqlıdır. Halbuki buna dair bir dənə də sübut yoxdur. Rusiyanın xəbərinə inansaq, o zaman ABŞ nə istəyir ki? Vaşinqton istəyir ki, Qarabağ erməniləri ilə Bakı arasında dialoq olsun. Amma Rusiya bunu elə qələmə verir ki, guya ABŞ qarışdırıcı rol oynayır.

Kremlin yayıdığı xəbərdə diqqəti çəkən məqam odur ki, guya amerikalılar Qarabağ ermənilərini xəbərdar ediblər ki, Bakı ilə dialoq alınmasa, Azərbaycan Ordusu bölgədə antiterror əməliyyatına başlayacaq. Yenə deyirəm, burada gizli heç nə yoxdur. Həqiqətən dialoq alınmasa, separatçılar tərksilah olunmasalar, antiterror əməliyyatı qaçılmaz olacaq. Kreml sülhdə maraqlı olsaydı, Vaşinqtonu ittiham etmədən əvvəl özü Qarabağ ermənilərinə anlatmalıydı ki, Bakı ilə dialoqu davam etdirmək lazımdır. Əgər Rusiya sülhdə maraqlıdırsa, dialoqun qurulmasında özü təşəbbüskar olmalı idi. Onların üzərində Rusiyanın təsir imkanları da mövcuddur. Amma bunu etmir. Xəbərin yayılması ilə eyni gündə Laçın sərhəd-keçid məntəqəsinin atəşə tutulmasında Rusiyanın əlinin olduğu şübhələri çoxalır.

- Rusiya Ukrayna ilə müharibə apardığı bir vaxtda Cənubi Qafqazda gərginlikdə nə qədər maraqlı ola bilər?

- Ukraynada məğlub olduqca Cənubi Qafqazdakı mövqeləri zəifləməsin deyə diqqətlərini buraya yönəltməsi təbiidir. Çünki Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin bitməsinə az qalıb. Kremldə anlayırlar ki, Azərbaycan sülhməramlı kontingentin Qarabağda qalmasında maraqlı deyil, onların çıxarılması üçün addımlar atacaq. Zaman daraldıqca Qarabağdan hərbçilərinin çıxmasını istəməyən Rusiya separatçıların, Ermənistanın əli ilə təxribatların sayını artıracaq.

- Azərbaycan nə etməlidir?

- Boş dayanmamalıdır, addımlarını atmalıdır. Rusiyaya mesaj bu olmalıdır ki, iki ildən sonra sülhməramlıları ərazilərimizdə görmək istəmirik. Hətta iki ili də gözləməməliyik. Davamlı təxribatlar törədilirsə, o zaman sülhməramlılar niyə susqun dayanırlar. Rusiyaya konkret xəbərdarlıq edilməli və zaman verilməlidir ki, bir ay müddətində terrorçuların silahlarını təhvil alsınlar, onları ərazilərimizdən çıxarsınlar. Ultimatumda belə bir cümlə də olmalıdır ki, əks halda , separatçıları tərksilah etməyi və ərazidən çıxarmağı Azərbaycan Ordusu üzərinə götürəcək. Bu həm separatçılara, həm də Rusiya sülhməramlılarına xəbərdarlıq olacaq. Sülhməramlılara deyilməlidir ki, antiterror əməliyyatı zamanı Azərbaycan sülhməramlılarla qarşı-qarşıya gəlmək istəmir. Onlara bildirilməlidir ki, antiterror əməliyyatı zamanı Xocalıdakı qərargahlarından kənara çıxmasınlar. Kənardakı hərbçilərini də qərargahlarına yığsınlar. Çünki biz separatçıları tərksilah etmək istəyirik və toqquşmamız onlarla ola bilər. Bu zaman Rusiya sülhməramlıları ortada qalmasınlar. Təxribatların miqyası artarsa, bizim ultimatum verməkdən və antiterror əməliyyatından başqa yolumuz qalmayacaq.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.