Bəzi icra başçıları prezidentin qəzəbinə tuş gələcək

19-05-2015, 15:51           
Bəzi icra başçıları prezidentin qəzəbinə tuş gələcək
Etiraf etmək lazımdır ki, bu gün ölkədə aqrar sektorla bağlı kifayət qədər ciddi problemlər var. Bu problemlər əsasən investisiya və sığorta ilə əlaqədardır. Belə ki, ekspertlər iddia edirlər ki, hazırda ümumi kredit portfelində aqrar sahənin payı 0,7 faiz, ölkə üzrə kənd təsərrüfatının sığortalanması isə 0,6 faiz təşkil edir. Çünki kənd yerlərində evlərin əksəriyyətinin sənədi yoxdur, sənədi olan evlər də likvid hesab olunmadığı üçün banklar tərəfindən girov kimi qəbul edilmir.

Bundan başqa, banklar, kredit təşkilatları kəndlinin pay torpağını da girov kimi qəbul etmir. Ona görə ki, onlar üçün əsas girov böyük şəhərlərdə yerləşən daşınmaz əmlak hesab olunur. Fermerlərin, kəndlilərin isə belə imkanı olmadığından onlar zəruri məqamda kredit götürməkdə çətinlik çəkirlər. Qeyd edək ki, artıq bəzi işbazlar yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməyə başlayıblar. Belə ki, əldə etdiyimiz bilgilərə görə, bir sıra rayonların icra başçıları müxtəlif yollara baş vuraraq əhalinin pay torpaqlarını girov qoymağa və əvəzində külli miqdarda kredit götürməyə nail olublar. Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, həmin icra başçıları banklarla əlbir hərəkət edirlər: "Deyilənlərə görə, ölkənin bir sıra rayonlarının icra başçıları dövlət tərəfindən əhaliyə verilmiş pay torpaqlarını müxtəlif banklarda girov qoymaq müqabilində külli miqdarda kredit götürüblər. Bildiyiniz kimi, bankların əksəriyyəti pay torpaqlarını girov kimi qəbul etmir. Lakin bəzi icra başçıları ayrı-ayrı bankların yerli şöbələri ilə danışıqlar apararaq hər iki tərəfin marağına cavab verən razılığa gəliblər. Sözsüz bu danışıqların sonunda əldə olunmuş razılıq yerli sakinlərin ziyanına işləyir. Çünki onların pay torpaqları banklarda girov olsa da, verilən kreditlər icra başçılarının büdcəsinə daxil olur". Məlumatlı şəxsin iddiasına görə, icra başçılarından biri bu yaxınlarda özünə və qohumlarına "milyonçular məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində dəyəri milyonlarla ölçülən bir neçə mülk alıb: "Deyilənlərə görə, həmin icra başçısı bu mülkləri camaatın pay torpaqlarını banklarda girov qoymaq müqabilində əldə etdiyi kreditlərlə alıb. Odur ki, bu gün bir sıra icra hakimiyyətlərində ciddi araşdırma aparmaq lazımdır. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının da Teymur Əliyev küsəsində evi olduğu deyilir. Əgər hüquq-mühafizə orqanları, Hesablama Palatası, İqtisadiyyat və Sənaye, eləcə də Kənd Təsərrüfatı nazirlikləri bununla bağlı araşdırma aparsalar, o zaman bir çox müəmmalı məsələlərə aydınlıq gətirilə bilər. Maraqlısı ondadır ki, mətbuat bu barədə ətraflı məlumat verir, əldə etdiyi informasiyaları ictimailəşdirir, lakin ortada konkret nəticə yoxdur. Kütləvi informasiya vasitələrinin araşdırma aparmaq imkanı olmadığından məsələnin dərinliyinə varmaq, problemləri həll etmək mümkün olmur".

Bu günlərdə Şəkinin keçmiş icra başçısı Murad Cabbarlının Bakıda həbs olunduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, artıq məhkəmə sabiq icra başçısı barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib: "Belə ki, bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı "Cahangir Hacıyev işi"ndə keçir. O, Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur. Murad Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. Deyilənlərə görə, o, Şəkinin icra başçısı postuna Cahangir Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.Bildirilir ki, Murad Cabbarlı Cahangir Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manat kredit götürüb və bu pula Şəkidə kərpic zavodu tikdirib. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilib. Gördüyünüz kimi, sabiq icra başçısının kredit fırıldağının üstü artıq açılıb və onun barəsində müvafiq tədbir görüləcək. Lakin hazırda icra başçısı postunda çalışan bəzi şəxslərin əməllərinə hələ də qiymət verən yoxdur. Halbuki onlar əhalinin payt torpaqlarının girov qoyulması və digər bir sıra işləri məhz İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə görürlər".

Mənbə iddia edir ki, bu cür qanunsuz əməllərə imza atan icra başçıları nədənsə "Kişinin evi olar" kəlməsindən bol-bol istifadə edirlər. Təbii kişinin evi, hətta maşını, bankda hesabı, villası, lap imkanı olsa təyyarəsi də olar. Lakin bütün bu sərvəti zavallı insanların, sadə vətəndaşların haqlarını tapdamaqla, onların pay torpaqlarını girov qoymaqla əldə etmək insafdan deyil. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 5-10 milyonluq villa almaq olmaz. Bu gün elə icra başçısı var ki, özünə və müavininə ev alır. 800-1000 manat əməkhaqqı ilə bunu etmək olarmı? Təbii yox. Deməli, onlar büdcə vəsaitlərini, kəndlinin, fermerin payına düşəni mənimsəyir…

Görünür, əhalinin pay torpaqlarına göz dikən, camaatın hesabına milyonlar qazanan icra başçıları hələ də anlamırlar ki, ölkə başçısı Azərbaycanda baş verən bütün məsələlərdən xəbərdardır. Və prezident yolunu azan məmurları lazımi məqamda dərhal yerində oturtmağı, onlara layiq olduqları cəzanı verməyi bacarır. Şübhəsiz əhalinin pay torpaqlarını banklarda girov qoyub külli miqdarda kredit götürən icra başçıları da tez bir zamanda ölkə başçısının qəzəbinə tuş gələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.