Röyadan başqa köçkünlərə məsləhət verəcək adam tapmadınız?

29-01-2024, 16:11           
Röyadan başqa köçkünlərə məsləhət verəcək adam tapmadınız?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi populyar müğənni, Xalq artisti Röya Ayxanla birləşib bir rolik hazırlayıb.
Röya rolikdə çıxış eliyib. Deyib ki, arzusu işğaldan azad olunmuş ərazilərdə böyük orkestrlə konsert verməkdir. “Biz evimizə qayıdırıq,” - deyən Röya Ayxan keçmiş məcburi köçkünlərə çağırış edib: “Sevərək evlərinizə dönün”.
Maraqlıdır, ömründə bir gün köçkünlük həyatı yaşamayan, onun əzab -əziyyətlərinə qatlaşmayan, saatlarla , günlərlə yağışın, soyuğun , təndir kimi istinin zülümündən xəbəri olmayan Röya hansı haqla köçkünlərə "məsləhət verən", "ağbirçək" çıxıb?
3-4 il əvvəl rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlər idi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hanı o 1,2 milyon qaçqın və məcburi köçkün? Qaçqın və məcburi köçkünlərə "ağıl" vermək Röyanın ümidinə qalıbmı?
Vaxtı bitmiş köhnə, sınıq-salxaq vaqonlarda, relslərin üstündə, çadır şəhərciklərində, inzibati binalarda, məktəblərdə, baxçalarda, idarə binalarında , tələbə yataqxanalarında hər gün yaşadığı həyata üsyan edənlər, yurd, el-oba dərdindən yataqlara düşənlər, işsizlikdən, şəraitsizlikdən, düzgün qidalanmamaqdan, müalicə, müayinə almamaqdan xəstəlik tapanlar, I Qarabağ müharibəsi dövründə əzizlərini itirən, oğlunu şəhid verən yeganə təsəlləsi, "nə vaxtsa yurduma dönüb, orda torpağıma qovuşaram" olan valideynlər, atanı ancaq fotolardakı əsgər geyimi ilə təsəvvür edən keçmiş uşaqlar, indiki gənclər hardadır?Qarabağ işğal olanda məktəbli olan. yeniyetmə olan qızcığazlar indi qara geyimli şəhid analarıdır. yaşları da çox deyil, 40-45 arası? Hanı onlar? Bəlkə elə bilirsiniz onlar Röya qədər məsləhət verə bilməyəcək?
Axı, bu Röya ehtiyacı nədən qaynaqlanıb?

Bir yaxın qohumum var, xalam, deyək! Əsli xala! Baş Qərvənd kəndindəndir, itkin düşmüş, şəhid olmuş Abbas Behbudovun anasıdır. Əsli xala düz 1992-ci ildən gözü yollardadır. Oğul yolu gözləyir 19 yaşlı oğul! 1993-cü ildə Ağdam işğal olunandan Dərnəgül qəsəbəsindəki bərbad yataqxanalrın birində həyat yoldaşı Behbud dayı ilə birgə zülüm çəkir. Düz 31 ildir, bəh-bəhlə tikilən. istifadəyə verilən köçkün qəsəbərinin birində onları evlə təmin etməyiblər. Oğlu ailə qurandan , ailəsi böyüyəndən sonra kirayələrdə yaşayır. Belə valideynlər doludur o bərbad yataqxanaları olan Dərnəgüldə! Niyə bir dəfə bu xəstə və qocaların, şəhid valideynlərinin bala acısına, ev-eşik, torpaq itkisinə. şəraitsizlik, çarəsizlik dərdinə bir "rolik" həsr etmədiniz? Niyə? Axı onlar da oğul itkisinin müqabilində yeganə təsəllini yurdalrına dönməkdə görürlər... Əsli xalanın da Behbud dayının da əlləri uzanıqlıdır, həm Ağdam rayonu Qərvən kəndindəki evlərinə, həm də Zəngilan uğrunda döyüşlərdə itkin düşən oğlu Abbasa... Sizcə, onların da ürək sözü ola bilərdimi?

Azad da kəndimizdəndir. Düz 31 il uğursuz Daşaltı əməliyyatı zaman şəhid olmuş qardaşı Məhərrəm Abbasovun sorağında olub. Anası da, atası da "oğul" deyə-deyə bu dünyadan köç edib. Bu ilin yayında şəhidimiz Məhərrəmin Daşaltı kəndindən cəsədi- sümükləri tapılıb Bakıda şəhidlər xiyabanında dəfn edilib. Sizcə. Azadın, eləcə də, bir telini ağ. bir telini qara hörüb, şəhid yadigarı olan 2 körpəni böyüdən xanımın deyiləcək sözü ola bilərdimi?
Röyanın gözəl səsi var, oxuduğu mahnıların hamısı populyardır, hitdir. Amma hansı yollardan keçərək sənət dünyasına gəlişi yaddaşlarda "ilişib" qalıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, bu xalqın acılarını. dərdini, məşəqqətli ömrünü, yaşadığı bütün problem və qayğıları röyaların əlinə verib əllətməyin... Lütfən... Danışası. "rolik"i quraşdırılası adam çoxdur, lap çox...
Əntiqə Rəşid Aslan
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.