TikToker “Roşka”nın məhkəməsi başladı: işin istintaqa qaytarılmasını istədi

Bu gün, 15:24           
TikToker “Roşka”nın məhkəməsi başladı: işin istintaqa qaytarılmasını istədi
Bu ilin yanvarında narkotik ittihamı ilə həbs olunan “Roşka” ləqəbli TikToker Rövşən Süleymanovun məhkəməsi başlayıb.
İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə ilkin hazırlıq iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.

Daha sonra onun vəkili Mircəlal Muradlı bir neçə vəsatət qaldırıb.

Vəkil işin istintaqa qaytarılmasını xahiş edib. Bu barədə vəsatətini əsaslandıran müdafiəçi bildirib ki, istintaq zamanı müvəkkilinin hüquqları pozulub. Vəkilin sözlərinə görə, yol verilmiş çoxsaylı qanun pozuntuları var ki, onlar aradan qaldırılmadan bu işə məhkəmədə baxılması düzgün deyil.

Dövlət ittihamçısı cinayət işinin istintaqa qaytarılmasına etiraz edib. Prokuror bildirib ki, istintaq zamanı bu işə məhkəmədə baxılmasına mane ola biləcək pozuntuya yol verilməyib.

Vəkilin digər vəsatəti isə əlavə sübutların məhkəməyə təqdim olunması haqda idi.

TikToker də vəkilinin vəsatətlərini müdafiə edib.

Cinayət işinin istintaqa qaytarılması barədə vəsatət təmin edilməyib. “Roşka”nın işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 22-nə təyin olunub.

Qeyd edək ki, Rövşən Süleymanov yanvarın sonundan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Rövşən Süleymanov ötən ilin noyabrında da 45 sutka inzibati qaydada həbs olunmuşdu. Yanvarda həbs müddəti bitdiyinə görə azadlığa buraxılmışdı.

Bu ilin əvvəlində canlı yayınlarda etikadan kənar ifadələr işlədən bir neçə TokToker narkotik ittihamı ilə həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru