Moskva ilə İrəvan arasında “iplər” qopur: cəza tədbirlərinə bir addım qaldı
1-03-2024, 08:24
Tevos Arşakyan: “Ermənistan daxilində gərginliyin yaranması da tamamilə mümkündür”
Hrant Mikaelyan: “Ermənistanda ərazilərin Rusiya tərəfindən ilhaqınadək mənfi ssenarilər mümkündür”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına müsahibəsi zamanı İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu bəyan etməsi KTMT ölkələrinin narazılığına səbəb olub. Xüsusilə, Rusiya və Belarusdan həm rəsmi, həm də qeyri-rəsmi şəkildə Ermənistana qarşı açıq təhdidlər səsləndirilir.
Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, “Ermənistan təşkilatı tərk etsə, KTMT dağılmayacaq, lakin İrəvan bu qərara tələsməməlidir. Çünki sonradan KTMT-yə daxil olmaq çətin olacaq”.
Ermənistana təhdid təkcə Lukaşenko tərəfindən səslənməyib. Moskva da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vasitəsilə bəyan edib ki, “hüquqi olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən elan edilmiş KTMT üzvlüyünün dondurulması barədə İrəvandan müraciət daxil olmayıb. Kreml hələlik bu məsələyə tam aydınlıq gətirilməsinin şahidi deyil. Rusiya İrəvanın mövqeyini dəqiqləşdirməyi gözləyir”.
Bununla yanaşı, Moskva rusiyalı deputatların, politoloqların və ekspertlərin vasitəsilə Ermənistana xəbərdarlıq edir. Belə ki, Ermənistanın uzun illərdir dostu olduğunu deyən və əslində hər zaman Ermənistanı dəstəkləyən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində “Paşinyan KTMT-dən çıxmaqla kifayətlənməyəcək” deyib və davam etdiyi fikirlərində təhdid səsləndirib.
“Paşinyan daha sonra Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasını tələb edəcək”, - deyən Zatulin Ermənistan ərazilərinin Rusiya tərəfindən mümkün ilhaqına eyham vurub: “Gümrü bir vaxtlar Aleksandropol adlanan şəhərdir”.
Rusiyalı hərbi ekspert Ruslan Puxov isə Paris və Yeni Dehlidən silah alınması ilə bağlı danışıb və deyib ki, ermənilər həmin silahlardan istifadəni bacarmayacaq: “Ermənistan antidronlarla yanaşı, haubitsa və çoxsaylı reaktiv raketlər də alır. Bunlar tamamilə fərqli kalibrli sistemlərdir. Bunlardan istifadə ermənilər üçün çətin olacaq. Həm də silahların dili ingilis dilidir, bu da tətbiqi çətinləşdirir?”. Bununla ekspert Ermənistanın Rusiya çətiri altından çıxmasının İrəvan üçün baha başa gələcəyinə işarə edir.
Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət Fakültəsinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov isə qeyd edib ki, Ermənistan Qərb ölkələrilə əlaqələri genişləndirmək istəyir: “Hansı ki, bu ölkələr Rusiyaya düşməndir. Rusiyaya düşmən olan ölkələrlə İrəvanın əməkdaşlığı genişləndirməsi Moskvada mənfi qarşılanır. Qonşularla münasibətləri nizamlamadan, Qərbdən dəqiq təhlükəsizlik zəmanəti almadan Rusiya ilə münasibətləri korlamaq çox riskli addımdır. Hesab edirəm ki, Qərb bu zəmanətləri heç vaxt verməyəcək. Bu addım sadəcə olaraq Ermənistanı dövlətçiliyinin dağılması astanasına gətirəcək”.
Ekspertlər bildirirlər ki, Ermənistanın Rusiyaya qarşı apardığı siyasəti Moskva cavabsız qoymayacaq və cəza tədbirləri həyata keçirəcək. Erməni analitik Tevos Arşakyan hesab edir ki, Moskvadan İrəvana kifayət qədər təzyiq olacaq və bu, aydındır: “Ermənistan daxilində gərginliyin yaranması da tamamilə mümkündür. Yeri gəlmişkən, Paşinyan bu barədə artıq xəbərdarlıq edib. Amma məncə, Paşinyan bu siyasətindən geri çəkilməyəcək. Ümid etmək istəyirəm ki, Paşinyan və ya onun yerinə kim gələcəksə, ruhdan düşməyəcək, bu siyasəti davam etdirəcək. Çünki Rusiyadan qopmaq siyasəti Ermənistanın inkişafı deməkdir”.
Daha bir erməni politoloq Hrant Mikaelyan isə bildirir ki, İrəvanın bu addımlarının, hərəkətlərinin Ermənistan üçün mümkün nəticələri pis olacaq: “Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı yalnız Paşinyanın sözlərinin nəzərə alındığını göstərir, lakin onlara əsas reaksiya sonra gələcək. Ümumiyyətlə, bu, keçmişdə olduğu kimi, Ermənistan vətəndaşları üçün bəzi yeni fəsadlara səbəb olacaq. Ola bilsin ki, yenidən sərhəddə hərbi təchizatla bağlı problemlər yaransın. Ermənistanda təmsil olunan rus hərbçilərinin davranışı pisə doğru dəyişəcək”.
“Hətta Ermənistanda ərazilərin Rusiya tərəfindən ilhaqınadək mənfi ssenarilər mümkündür. Məlumdur ki, Zatulin Kremlin danışan dilidir. Onun Gümrü ilə bağlı dedikləri sıradan sözlər deyil, İrəvana xəbərdarlıqdır”, - analitik fikrini tamamlayıb.
Müəllif: Turan Abdulla
ayna.az