Zəncan, Təbriz və Qəzvində edamlar həyata keçirilib
29-11-2024, 18:14
Noyabrın 26 və 27-də Zəncan, Təbriz və Qəzvin şəhərlərində üç məhkumun edam cəzası həyata keçirilib.
İran İnsan Haqları Təşkilatı (IHR) və Hengaw Təşkilatının yaydığı məlumata görə, 26 və 27 noyabr tarixlərində İran Azərbaycanının müxtəlif həbsxanalarında bu məhkumların edam hökmləri icra edilib.
Noyabrın 26-da Zəncan həbsxanasında bir məhkumun edamı həyata keçirilib. Edam olunan şəxsin Cəfər Mirzaqasımi olduğu və Təbriz sakini olduğu bildirilib. O, üç il əvvəl narkotik maddə qaçaqmalçılığı ilə ittiham edilərək həbs edilmiş və məhkəmə tərəfindən edam cəzasına məhkum olunmuşdu.
Eyni gün Qəzvinin Çubindər həbsxanasında başqa bir məhkumun edamı icra edilib. Məlumata görə, bu şəxs Cəmşid Tahirxani olub. O, dörd il əvvəl "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunmuş və məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilmişdi.
Noyabrın 27-də Təbriz Mərkəzi Həbsxanasında daha bir məhkumun edam hökmü icra olunub. Məlumatlara əsasən, bu məhkumun adı Mürtəza Paşayi olub. O, narkotik maddə qaçaqmalçılığı ittiham edilərək məhkəmə tərəfindən edam cəzasına məhkum edilmişdi.
Hengaw insan haqları təşkilatının məlumatına görə, oktyabrın 10-da Qəzvin Mərkəzi Həbsxanasında iki məhkum, Təbriz sakini Hamid Cəfəri və Qəzvin sakini Əli Mərufxani edam edilib. Onlar narkotik maddə qaçaqmalçılığı ilə bağlı cinayətlərdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdilər. Məlumatda qeyd edilir ki, Ali Məhkəmənin 41-ci şöbəsi onların işinə yenidən baxılması ilə bağlı bildiriş versə də, bu göstərişə baxmayaraq edam hökmü icra olunub.
İranda narkotik cinayətlərinə görə edamların artmasına baxmayaraq, bu tədbirlərin narkotik istifadəsini azaltdığı müşahidə olunur. Rəsmi statistikaya görə, əhalinin 5%-i narkotik istifadəçisidir, 12%-i isə istifadəyə meyllidir. 2023-cü ildə İranda 834 nəfər edam edilib ki, onların yarıdan çoxu narkotik ittihamları ilə bağlı olub.
Bu ilin aprel ayında insan haqları üzrə fəaliyyət göstərən 82 təşkilat və qrup BMT-nin Narkotik və Cinayətlər Bürosu (UNODC) və insan haqları təşkilatlarına ünvanlanmış açıq məktub dərc edərək, İranda narkotik cinayətlərinə görə edamların dayandırılmasını tələb edib.