Putin hakimiyyəti dəyişir - elita şokda
1-03-2024, 17:28
Təsəvvür edin ki, birdən-birə Rusiyadan ölkəmizə 100 min azərbaycanlı qayıtmaq məcburiyyətdə qaldı, o zaman necə?
Fevralın 29-da Rusiya prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciəti ilə yaxın 6 ildə dövlətin qarşısında duran vəzifələri açıqladı. Bu ənənəvi çıxış əlbəttə ki, yenidən prezident olmağa hazırlaşan Putinin seçkiqabağı təbliğatı çıxışı deyildi. Federal Məclisə illik müraciət Rusiya Konstitusiyasının 84-cü maddəsinin tələbidir. Dövlət başçısı çıxışını ilin yekunlarına, əsas siyasət sahələrinin müzakirəsinə və gələcək planlarına həsr edir.
Bu, əsasən ölkə vətəndaşları üçün mühüm olan çıxışa son 2 ildə dünyada da ciddi maraq var. Səbəb aydındır: indi Moskvada verilən qərarlar, bəyanatlar həm də dünya düzəninin mənzərəsinə təsir edir. Məsələn, ötənilki müraciətində Putin Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlamışdı. Bu baxımdan Putinin çıxışını təkcə Rusiyada deyil, dünyanın aparıcı ölkələrində əlbəttə ki, izlədilər.
Rusiya bizim yaxın qonşumuz və strateji müttəfiqimizdir, o səbəbdən Putin hakimiyyətinin addımlarının Azərbaycana da aidiyyəti var.
Prezident seçkisinə iki həftə qalmış gerçəkləşən müraciətdə ölkə vətəndaşları yaxın illərdə necə yaşayacaqlarını Putinin dilindən eşitdilər. Sosial və iqtisadi sahədə verilən vədləri qiymətləndirmək əlbəttə ki, ölkə vətəndaşlarının məsuliyyətidir. Amma Rusiyada sosial və iqtisadi sahədə stabillik bu ölkənin ən müxtəlif vilayətlərində, şəhərlərində məskunlaşan azərbaycanlılar üçün də son dərəcə əhəmiyyətlidir. Rusiyada nə qədər azərbaycanlı yaşadığı haqda dəqiq bilgi yoxdur, bu əslində o qədər də əhəmiyyətli deyil. Çünki Rusiyadan hər ay Azərbaycana köçürmə yollu ilə göndərilən pullar çox şey deyir. Ona görə Rusiyadakı siyasi-iqtisadi stabillik dövlət marağımıza uyğundur. Burda rahat evlərində oturub, bilinən yerlərlərdən “aylıq paket” alıb dolanmaq olar, amma hər fürsətdə Rusiyanı söymək, dağılmasını, əhalisinin acından ölməsini arzulamaq ağıllı hərəkət deyil. Putinin sosial vədlərindən bəlkə də bizimkilər yararlana bilmədi, amma iqtisadi stabillik dövlət olaraq bizim maraqlarımıza uyğundur. Təsəvvür edin ki, birdən-birə Rusiyadan ölkəyə çox demirəm, 100 min azərbaycanlı qayıtmaq məcburiyyətdə qaldı, o zaman necə? Bir neçə layka görə internet televiziyalarında “Rusiya dağılsa, hər şey yaxşı olacaq” deyib, ucuz populizm gərəksiz işdir.
Putin çıxışına gözlənildiyi kimi ölkənin suverenliyi və təhlükəsizliyi mövzusu ilə başlayıb, Rusiya ordusunun döyüş hazırlığının artırılmasından bəhs edib: “Bizim bölmələrimiz inamla irəliləyir və getdikcə daha çox əraziləri azad edir. Biz Donbasda müharibəyə başlamamışıq, lakin onu bitirmək, nasizmi kökündən silmək üçün hər şeyi edəcəyik”. Rusiya lideri “Kinjal” və “Sirkon” kimi raket komplekslərindən effektiv istifadəsi ilə yanaşı “Burevestnik” raketinin və “Poseydon” sualtı aparatının sınaqlarının yekunlaşdığını da deyib.
Belə anlaşılır ki, Putin Rusiyanın malik olduğu silahlardan, onun nəhəng imkanlarından Qərbi qoxutmaqdan daha çox müharibəni mümkün qədər tez bitirmək, Qərblə razılaşma əldə etməyə çalışır. Makronun Ukraynaya qoşun yeritmək təklifini yada salan Putin Qərbi “bunun ağır nəticələri ola biləcəyi” haqda xəbərdarlıq edib. Putinin nüvə müharibəsi başlamamaq və təxribatlara əl atmamağa da çağırış edib.
Putinin çıxışı prezidentin seçkilərdən sonra yenidən formalaşdıracağı gələcək hökumətin kadr tərkibinin necə olacağına dair ipucları vermək baxımındanda maraq doğururdu. Ötən müraciətdən sonra Rusiya gözlənilmədən və bir az da müəmmalı “Priqojin qiyamı” yaşadı. Qiyamçı Rusiya Qəhrəmanı artıq həyatda yoxdur, ordu Putinə həmişəki kimi sadiqdir, amma siyasi elitanın narahatlıqları qalmaqdadır. Elita Putindən ümumi ifadələr olmadan ölkənin strateji cəhətdən necə, hansı istiqamətlərdə inkişaf edəcəyini eşitmək istəyirdi. Elita seçkidən sonra onun maraqlarının nə qədər qorunacağı, hakimiyyətdə və iqtisadi sferaların bölüşdürülməsində payı maraqlandırırdı.
Putin ona sadiq elitanın maraqlarını qorumağa çalışıb, amma yaş səbəbləri ilə elitada da nəsil dəyişməsi qaçılmazdır. Onların hamısı varislərini məsələn, Təhlükəsizlik Şurasının katibi Patruşev kimi kənd təsərüfatı nazir etmək iqtidarında deyillər. Amma onlar heç olmasa, Rusiyanın siyasi sistemində stabillyin davamını istəyirlər. Elitanı narahat edən də həm də bu idi.
Putin çıxışının bu hissəsi isə əsl sensasiya oldu. Daha 6 il müddətinə Rusiya prezidenti olmağa hazırlaşan Putin elita haqda nə düşündüyünü dedi, Rusiyada ali hakimiyyəti kimə və nə vaxt təhvil verməyə hazır olduğunu anons etdi.
Putin dedi ki, “elita” sözü özünü xeyli dərəcədə gözdən salıb: “Beləliklə, elita. İndiki formada nədir və əslində nə olmalıdır?
Bilirsiniz ki, “elit” sözü cəmiyyətə heç bir xidməti olmayan, özlərini xüsusi kasta hesab edənlər tərəfindən böyük ölçüdə nüfuzdan düşüb. Mən əvvəlki illərdə 90-cı illərin iqtisadiyyatında baş verən proseslərə görə ciblərini sıralayanları nəzərdə tuturam. Onlar mütləq elit deyillər. Əsl elita Rusiyaya xidmət edənlərdir, özlərini sübut etmiş döyüşçülərdir. Yəni elita vətənə sədaqətlə xidmət edənlərdir”.
pered-nachalom-czeremonii-oglasheniya-poslaniya-prezidenta-federalnomu-sobraniyu-rf.jpg (571 KB)
Prezident bununla da ondan dəstək gözləyən elita adlanan “xüsusi kastaya” zərbə vurdu.
Putin dedi ki, Ukrayna müharibəsində fərqlənmiş hərbi qulluqçular, könüllüləri vətənin müdafiəsi üçün silaha sarılanları bütün sahələrdə- biznesdə, hökumətdə, vilayətlərdə rəhbər vəzifələr tutmalıdırlar. “Təbii ki, bunu onlara öyrətmək lazımdır” deyən, Putin martın 1-dən etibarən hərbi veteranlar, eləcə də əsgər və zabitləri “Qəhrəmanların vaxtı” adlanan proqrama müraciət edə biləcəklərini dedi. Bu proqram da “qubernatorlar məktəbi” və “Rusiya liderləri” proqramının standartları əsasında qurulacaq. Bundan əlavə, veteranların və xüsusi əməliyyat iştirakçılarının ölkənin aparıcı universitetlərində təhsil almaq imkanı olacaq.
Nəhayət, Putinin o vədi: “Gələcəkdə Rusiya indiki qəhrəmanlara əmanət edilə bilər”. Putin özünə bu qədər arxayın olmasaydı, yəqin ki, əllərində küllü-miqdarda kapital olan elitaya bu cür təpki göstərməzdi…Bəs, elita ona hansı cavab verəcək?
Nazim SABİROĞLU
Musavat.com