Şimali Qafqazda toqquşan qlobal maraqlar: Ekstremistlər qayıdır?
7-05-2024, 00:01
Rusiyanın Şimali Qafqaz regionunda son aylar ərzində din adından istifadə edən radikal ekstremist qrupların fəaliyyətinin intensivləşməsi müşahidə olunur.
Belə ki, 2024-cü ilin mart və aprel aylarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən İnquşetiya, Dağıstan və Kabardin-Balkariyada antiterror əməliyyatları həyata keçirilib.
Rusiya KİV-lərinin məlumatlarına görə, martın 2-də Rusiya Federal Təhlükəsizlik Xidməti İnquşetiyanın Karabulak, martın 31-də Dağıstanın Mahaçqala və Kaspisk, aprelin 11-də İnquşetiyanın Nalçik, aprelin 22-də isə Qaraçay-Çərkəzin Karaçayevsk şəhərində antiterror əməliyyatı keçirib.
Antiterror əməliyyatı zamanı Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olduğu və yaralandığı da bildirilib.
Bəzi ekspertlər hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi təqdirdə Şimali Qafqaz yenidən qanlı qarşıdurma meydanına çevrilə bilər. Təbii ki, bu vəziyyət Azərbaycan üçün də real təhlükə yaradır.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya şərhində bildirib ki, bəzi güc mərkəzləri Şimali Qafqazda vəziyyətin gərginləşməsində maraqlı ola bilərlər:
“Sovet İttifaqı çökdükdən sonra, yəni 90-ci illərdə Rusiyanın Şimali Qafqaz regionu radikal dini ekstremist qrupların savaş meydanına cevrilib. Bu günə qədər mütəmadi olaraq Rusiyanın hüquq-mühafizə, müdafiə və təhlükəsizlik orqanları Şimali Qafqazda bu cür qruplaşmalara qarşı mübarizə aparırlar. Həmin qruplaşmalar həm Birinci, həm də İkinci Çeçenistan müharibəsində Rusiya ordusu qarşı vuruşublar.
Son dövrlər bu bölgədə radikal dini təmayüllü qruplaşmaların yenidən fəallaşması müşahidə olunur. Təbii ki, bu, Rusiyanın daxilində gedən proseslər, o cümlədən Ukrayndakı müharibənin gedişi ilə bağlıdır. Hazırda beynəlxalq güc mərkəzləri Rusiyanı daha da zəiflətmək üçün həmin qruplaşmalardan istifadə etməyə çalışacaq”.
Politoloqun sözlərinə görə, hazırda Şimali Qafqazda qeyri-stabil vəziyyətin hökm sürməsi müəyyən qədər Azərbaycana öz təsirini göstərə bilər:
“Azərbaycan regionunda sülh və sabitliyin olmasında maraqlıdır. Qafqaz regionun hər hansı ərazisində qeyri-stabil vəziyyətin yaranması istər-istəməz Azərbaycan bu və digər şəkildə təsir edəcək.
Bildirim ki, Azərbaycan Şimali Qafqazdakı xalqları ilə sıx tarixi və mədəni əlaqələri var. Bu əlaqələr bu gündə davam etməkdədir. Ona görə də Şimali Qafqazda təhlükəsizliyin möhkəmlənməsi ölkəmiz üçün də önəmlidir”.