İşləməyən qəpiklər dövriyyədən çıxarıla bilər? - Açıqlama
24-05-2024, 10:50
Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 1 qəpik olan yenilənmiş metal sikkələri dövriyyəyə buraxıb. Sikkənin arxa tərəfində yeni dizayn elementləri kimi dövlət gerbi, o cümlədən əsginasın buraxılış ili əlavə edilib. Yerdə qalan texniki parametrlər dəyişməz saxlanılıb. Yeni dəmir sikkələr köhnələri ilə birlikdə dövriyyədə olacaq.
Məlumdur ki, onsuz da nağd ödənişlər zamanı istehlakçılar nəinki 1 qəpiklikləri, çox vaxt heç 5 qəpiklikləri götürmürlər. O zaman yeni 1 qəpikliklərin dövriyyəyə buraxılması hansı zərurətdən doğub? Onlar niyə dövriyyədən çıxarılmır?
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat” a şərhində bildirdi ki, Mərkəzi Bankın sikkələrin dövriyyədən çıxarılması ilə bağlı səlahiyyəti yoxdur, ancaq təqdimat verə bilər:
“Nominal pul vahidləri yalnız Mərkəzi Bank və hökumətin qərarı ilə dövriyyədən çıxarıla bilər. O ki qaldı 1 qəpiklik sikkələrə, onun istehsal xərci 1 qəpiyin öz dəyərindən yüksəkdir. Belə olan şəraitdə 1 qəpiklikləri istehsal edib dövriyyəyə buraxmaq iqtisadi baxımdan sərfəli deyil. Təəssüf ki, bununla bağlı detallı məlumat verilmir. Amma dünyada da belə bir təcrübə var. Məsələn, ABŞ-da 1 sentin istehsalı 1,7 sentə başa gəlir. Çox güman ki, Azərbaycanda da belədir. Son illər alış-verişdə kartla ödənişlərə üstünlük verilməsi halları artıb. Bu baxımdan düşünürəm ki, 1 qəpikliklərin dövriyyədə saxlanmasına, pul xərcləyib əlavə istehsal edib dövriyyəyə buraxılmasına ehtiyac yoxdur”.
İqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, qəpiklər qanuni ödəniş vasitəsidir. Ekspertin fikrincə, aşağı nominallı qəpiklərin dövriyyədə problem yaratması qanun pozuntusudur:
“Aşağı nominallı qəpiklərin manatlıq, yaxud digər nominallı qəpiklərdən heç bir fərqi yoxdur. Digər problem budur ki, ödəniş terminallarında aşağı nominallı qəpiklərdən istifadə etmək olmur. Çox güman ki, bu ödəniş terminallarını proqramlaşdıranlar tez dolmaması üçün həcmi nəzərə alıblar. Bunun özü də problemdir. Vətəndaş aşağı nominallı qəpiklərdən rahat istifadə edə biləcəyini bilsə, bu onu o qədər də narahat etməz”.
X.Kərimli 1 qəpikliklərin dövriyyədən çıxarılması ilə bağlı təkliflərin əleyhinədir:
“Mən bunu doğru hesab etmirəm. Pul dövlətin simvoludur. Əgər kiçik nominallı qəpiklər dövriyyədən çıxarılsa, yuvarlaqlaşdırma edilməlidir. Bu isə vətəndaşların ziyanınadır. Nümunə üçün, əgər bir məhsulun qiyməti 3 manat 12 qəpikdirsə, sahibkar yeni qiyməti 3 manat 10 qəpik yox, 3 manat 15 qəpik kimi müəyyənləşdirəcək. Odur ki, qəpiklərin qiymət hesablamasından uzaqlaşdırılması çətinliklər yaradacaq. Bunun alternativi yoxdur. Digər tərəfdən, paralel aparsaq, kartla edilən ödənişlərin dövriyyələrinin həcminə baxanda 20, yaxud 50 manatlıq əsginaslardan istifadə zərurəti də aradan qalxa bilər. Əvvəllər nağd ödənişlərə üstünlük verilirdi. Hətta əməkhaqqını nağdlaşdırırdılar. "ƏDV-ni geri al", “cashback” layihələri vətəndaşı daha çox kartlarla ödənişə yönəldir. İnflyasiya olmayanda qəpiklərin emal xərci ilə kağızın emal xərci fərqlidir. Biz ödənişlərin formasında vətəndaşlara bərabər hüquqlar yaradırıq. Əgər qiymətdə qəpiklər varsa, qəpiyin texniki olaraq mövcud olması da şərtdir. Odur ki, yuvarlaqlaşdırma vətəndaşın ziyanına inflyasiya olacaq. Bu baxımdan, dövriyyədə qəpiklərin olmasını doğru hesab edirəm. Zatən məlumdur ki, Mərkəzi Bankın qəpik istehsal etdirməsi daha çox xərc tələb edir. Yeri gəlmişkən, daha az nominallı qəpik buraxılmasının daha çox xərci olur, nəinki 200 manatlıq əsginas buraxılmasının. ABŞ iqtisadiyyatı da bunun üzərində qurulub, çünki hər kəs ABŞ dollarını etibarlı qəbul edir və yığmağa üstünlük verir. İnflyasiya çox olarsa, qiymət hesablamalarında da qəpiklərin əhəmiyyəti qalmayacaqsa, o halda denominasiya (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir) məsələləri ortaya çıxa bilər. Bu isə Azərbaycan üçün aktual deyil, çünki Azərbaycan manatı kifayət qədər dəyərli valyutadır".