İrəvan qərar verdi, Bakı qane olmur – nə baş verəcək?

8-10-2024, 07:53           
İrəvan qərar verdi, Bakı qane olmur – nə baş verəcək?
“Heç kim zəmanət vermir ki, təzə gələn rəhbərlik Ermənistanda bu qaydaları və konstitusiyanı yenidən dəyişməyəcək”

Azərbaycanın Ermənistanla sülh imzalaması üçün qoyduğu əsas şərtlərdən biri olan Konstitusiya dəyişikliyi məsələsi ilə bağlı maraqlı vəziyyət yaranıb. Rəsmi Bakı bildirmişdi ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın ləğv olunması, bunun üçün isə konstitusiyanın dəyişdirilməsi vacibdir. İrəvan ötən aylarda bu məsələyə bir neçə dəfə toxunaraq, yaxın zamanlarda referendum keçirilməsinin mümkün olmadığını bəyan etmişdi.

Bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsi məsələyə baxaraq, öz şərhini elan edib. Belə məlum olur ki, rəsmi İrəvan referendum keçirmədən, asan yolla problemi “həll etməyə” çalışır. Məhkəmənin qərarı ilə Bəyannamədə yer alan ərazi iddialarının hüquqi qüvvəsinin olmadığı elan edilib. Rəsmi açıqlamada bildirilir ki, Müstəqillik Bəyannaməsi Konstitusiya qəbul olunandan sonra əhəmiyyətini itirib, bəyannamənin Konstitusiyada açıq şəkildə əks olunmayan müddəalarının hüquqi qüvvəsi yoxdur və Azərbaycanın Ermənistan qanunvericiliyinə qarşı iddia irəli sürmək üçün əsası yoxdur.

“Məhkəmə qərarında... Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır".

Yaranmış vəziyyət sülh danışıqlarına necə təsir göstərəcək? Hüquqi və siyasi baxımdan Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanın tələbinin yerinə yetirilməsi sayıla bilərmi?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən hüquqşünas Xalid Ağaliyevin sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi bu ölkənin konstitusiyasına nəzarət baxımından ən yüksək pillədə duran məhkəmə quruluşudur: “Hüquqi baxımdan, onun qərarlarının icrası həmin qərarların qüvvəyə minməsindən sonra məcburidir və ona qeyd-şərtsiz əməl edilməlidir. Konstitusiyanın Konstitusiya Məhkəməsinin qərar verməsinə səbəb olan norması dəyişdirildiyi hallarda, məhkəmənin qərarı qismən, yaxud da tamamilə qüvvədən düşür. Konstitusiya Məhkəməsi haqqında qanunda “məhkəmənin baxıb, qərar verdiyi məsələlərə yenidən baxıla, qərar verilə bilməz” göstərişi də yoxdur”.

Müsahibimiz deyir ki, məhkəmənin hazırkı heyəti iki ölkə arasındakı danışıqlarda açar nöqtə sayılan məsələyə aydın şərh verib, Ermənistanın konstitusion sərhədlərinin cizgisini çəkib, Qarabağın bu cizgiyə heç bir aidiyyatının olmadığını ifadə edib.

“Daha detallı ifadə etsək, Ermənistanın müstəqillik sənədi Konstitusiyadan əvvəl qəbul edilib, daha sonra qəbul edilmiş Konstitusiyanın müddəalarının Qarabağ torpaqlarına hər hansı iddia ehtiva etmədiyi şərhi qəbul olunub. Ümumiyyətlə isə bu, hüquqdan çox, siyasi məsələdir. Tutarlı arqumentlərə söykənərək, “bu qərarın bir daha dəyişdirilməyəcəyinin, fərqli heyətin fərqli qərar verəcəyinin qarantiyası yoxdur”, “bu çətinlik aşıldı” deyilə də bilər, fərqli yanaşma ortaya qoyula da bilər” – hüquqşünas bildirib.

“Ermənistan Konstitusiya Məhkəməsinin qərarı dövlətin adından verildiyi üçün qəbul ediləndir. Bu, Azərbaycanın istəyinin yerinə yetirməyə yönəlmiş ən qısa yoldur”.

Bu sözləri isə politoloq Xaqani Cəfərli saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, konstitusiyada dəyişiklik etməyin bir neçə yolu var, onlardan biri də məhkəmə qərarıdır. Azərbaycanın ərazisinin bir hissəsini Ermənistan torpağı kimi göstərən qanunvericilik aktlarının ləğvi və ya qüvvədən salınması sülhün əldə olunması ehtimalını daha da artır: “Ancaq tərəflər arasında mübahisələrin tamamilə aradan qalxdığını söyləmək çətindir. Çünki bölgədə sülhə maneə olan qüvvələr hələ güclüdürlər və sülhə imkan vermirlər. Buna görə də tərəflər müxtəlif məsələləri bəhanə etməklə hələlik sülh müqaviləsi imzalamayacaqlar. Məncə, sülh prosesi ABŞ-dəki prezident seçkilərindən sonra sürətlənəcək”.

Digər müsahibimiz, politoloq Mətin Məmmədli isə deyir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycanı heç vaxt qane edə bilməz, çünki biz həmin qərarı əsaslı hesab etmirik və Konstitusiya şurası qərara gələcəkdə yenidən baxa, ona fərqli şərh verə bilər.

“Məsələnin köklü həlli Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bunun üçün də referendum keçirilməlidir. Belə olarsa, gələcəkdə konstitusiyaya yenidən baxılması və həmin bəndin dəyişdirilməsi o qədər də asan olmayacaq. Bizim üçün önəmli olan Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır” - deyə, politoloq sonda bildirib.

Hərbi-siyasi ekspert Azad İsazadə də düşünür ki, Konstitusiya məhkəməsi bu gün hansısa qərar qəbul edibsə, sabah onunla bağlı fərqli qərar da qəbul edə bilər: “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olunur, orada isə göstərilir ki, Qarabağ Ermənistanın torpağıdır və qadağa qoyulub ki, Ermənistanın heç bir rəhbərliyi Qarabağ məsələsini təkbaşına həll edə bilməz. Yəni bu məsələ Qarabağda yaşayan erməni əhali ilə birgə müzakirə olunmalıdır. Bu məqamlar öz yerində qalır və dəyişdirilməyib”.

A.İsazadənin fikrincə, heç kim zəmanət vermir ki, təzə gələn rəhbərlik Ermənistanda bu qaydaları və konstitusiyanı yenidən dəyişməyəcək. Deyirlər ki, Ermənistan 2027-ci ildə konstitusiya ilə bağlı referendum keçirməyi planlaşdırır. Bu isə o deməkdir ki, 2027-ci ilə qədər sülh müqaviləsinin imzalanması çətinləşəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.