Ukraynanın qərb müttəfiqləri zərərin qarşısını almağa çalışır
Dünən, 10:14

Ağ Evdəki qalmaqaldan sonra Ukraynanın qərb müttəfiqləri vəziyyəti düzəltməyə çalışırlar. NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskidən ABŞ prezidenti Donald Trampla münasibətlərini yaxşılaşdırmasını istəyib.
Rutte BBC-yə bildirib ki, Ukraynanın davamlı sülh üçün ABŞ-ın və Avropa dövlətlərinin dəstəyinə ehtiyacı var. Polşa prezidenti Andjey Duda isə Zelenskini danışıqlar masasına qayıtmağa çağırıb. O vurğulayıb ki, Rusiya təcavüzünü dayandıra biləcək yeganə güc ABŞ-dır. Fransa prezidenti Emmanuel Makron isə ABŞ hökumətini mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb ki, “tarixin doğru tərəfində” dayana bilsin.
İtaliyanın baş naziri Giorgia Meloni isə Vaşinqtonda baş verən hadisələr fonunda ABŞ və Avropa arasında Ukrayna mövzusunda təcili sammit keçirilməsini təklif edib. Onun sözlərinə görə, bu sammit bugünkü böyük çağırışlarla necə mübarizə aparmaq lazım olduğunu açıq şəkildə müzakirə etmək üçün vacibdir.
Zelenski də vəziyyəti sakitləşdirməyə çalışır:
Tramp ilə ictimai mübahisədən sonra ABŞ prezidentinin tələb etdiyi kimi, “X” platformasında bir daha Amerika xalqının dəstəyinə görə təşəkkür edib. Günün əvvəlində onun Böyük Britaniyanın baş naziri Keir Starmer ilə Londonda fövqəladə görüş keçirməsi planlaşdırılır. Sabah isə o, yenə Londonda Avropa dövlət və hökumət başçılarının Ukrayna sammitinə qatılacaq.
Cümə axşamı Aİ-nin xüsusi sammiti
Gələn cümə axşamı Brüsseldə Aİ-nin xüsusi sammitində Ukraynadakı vəziyyət və əlavə yardım məsələləri müzakirə ediləcək. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib ki, Avropa İttifaqı Ukraynaya dəstəyini artıracaq ki, o, təcavüzkara qarşı mübarizəsini davam etdirə bilsin. Lakin razılığa gəlmək çətin ola bilər, çünki Aİ-də genişmiqyaslı qərarların qəbulu yekdillik tələb edir. Macarıstanın baş naziri Viktor Orban isə artıq dəfələrlə Kiyevə Aİ yardımını bloklayıb.
Sarvan Səmədoğlu
TEREF