Milli Məclisdə Aliment Fondunun yaradılması müzakirə olunub

Bu gün, 11:24           
Milli Məclisdə Aliment Fondunun yaradılması müzakirə olunub
Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsində Azərbaycanıån İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2024-cü il üzrə məruzəsinin müzakirəsi baş tutub. Müzakirə olunan məqamlardan biri ombudsmanın Aliment Fondunun yaradılması ilə bağlı təklifi olub.

İclasda iştirak edən Ombusdman Aparatının rəhbəri Aydın Səfixanlı xatırladıb ki, Ombusdman Səbinə Əliyeva artıq bir neçə ildir ki, bu məsələni gündəmə gətirir. “Biz bu təkliflə başlıca olaraq uşaqların mənafeyinin müdafiəsini diqqətə çatdırmışıq. Bu mövzuda ən çox zərər çəkən ailədə yaşayan uşaqlardır. O baxımdan, təklifimiz fondun yaradılması və aliment ödəmə öhdəliyi olan şəxslərdən alimentin dövlət tərəfindən, cərimə və faizlər də əlavə olunmaqla, alınmasıdır. Bu sahədə bir çox dövlətlərin təcrübəsi var və biz bundan müsbət şəkildə istifadə edə bilərik”, - deyə o bildirib.

Təklif deputatlar tərəfindən birmənalı qarşılanmayıb. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, fondun yaradılması “saxta boşanmaların” sayını artıra bilər. Buna baxmayaraq, Oruc qey edib ki, “bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri” nəzərə alsaq, təklif aktuallığını saxlayır.

Komitə üzvü Razi Nurullayev isə iddia edib ki, Azərbaycanda boşanmaların artmasının səbəbi qadınların “sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”. “Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”, - deyə o qeyd edib.

Azərbaycanda alimentin minimum məbləği bu ilin yanvarın 1-dən 246 manata qaldırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yanvarda jurnalistlərə deyib ki, Aliment Fondunun yaradılması komitənin gündəmindədir. "Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir. Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır", - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.