Ukrayna PrezidentininTrampa qarşı hansı təzyiq mexanizmləri ola bilər?
Bu gün, 15:26

Mən Ukrayna Prezidentinin xarici siyasət üzrə müşaviri olsaydım Trampa qarşı hansı təzyiq mexanizmləri təklif edərdim?
Uzun-uzadı olmasın deyə, çalışacam detalsız, əsas tezisləri və diplomatiyanın əsas istiqamətlərini qeyd edim, hansıları ki, yuxarıda qeyd olunan vəzifəni icra etsəydim Zelenskiyə məsləhət görərdim.
Fəaliyyət plana keçməmişdən qabaq bir neçə məsələni aksiom kimi qəbul edək.
1) Trampın Ukraynaya hərbi yardım ayırmasının ehtimalı 0%-ə bərabərdir.
2) Tramp rusyönümlüdür və Rusiyanın maraqlarından çıxış edir.
3) Nəinki Ukrayna, heç Avropa da Trampın prezidentlik dövründə ABŞ-dan dəstəkdən əlini üzməlidir.
Hal-hazırda Trampın Avropa və Ukraynaya hansısa əlavə hərbi, siyasi və ya iqtisadi dəstəyindən söhbət getmir və gedə də bilməz, məsələ başqadır, Tramp, ABŞ-ın uzun illər ərzində Avropanın təhlükəsizliyi üçün qurulan hərbi infrastrukturu dağıtmaq niyyətindədir. Avropaya isə həm bu infrastrukturu əvəzləmək, həm Hərbi Sənaye Kompleksini maksimal gücdə işə salmaq və inkişaf etdirmək istəyir, amma bunun üçün zaman lazımdır. Deməli bizim nəyə ehtiyaıcımız var? Zamana və bu zamanı Trampdan udmaq lazımdır.
İndi isə keçək planın özünə.
1) Maddi problemlər.
Ukrayna hal-hazırda iqtisadi(büdcə kəsirləri) problemlərlə üzləşir və dövlətin silahların alınması və istehsalı ilə yanaşı iqtisadiyyatı "ayaqda" saxlamaq prioriteti var.
Norveç.
Ukraynalı diplomatlar Norveçin iqtidarı, müxalifəti, vətəndaş cəmiyyəti və rəy liderlərilə çox aktiv iş aparmalıdırlar. Hədəf: Norveçin Ukraynaya aktiv dəstəklənməsinə qoşulmasıdır. Norveçin çox böyük rezervləri var, onlar o qədər böyükdür ki, Norveç təkbaşına Ukraynanın hərbi-iqtisadi xərclərini qarşılaya bilər. Amma bunun üçün ukraynalı diplomatların gecə-gündüz norveçlilərlə işləməsi lazımdır.
2) Aİ.
Aİ zatən konsolidasiya prosesinə start verib, Almaniya fəallaşır, Aİ Ukraynaya hərtərəfli dəstəyi gücləndirmək niyyətindədir və s. Bu barədə çox yazmışıq.
Amma və lakin, silahlar üçün ayrılan pullar, məsələnin yarısıdır, o silahları almaq üçün onları hələ tapmaq/istehsal etmək lazımdır. Bu isə problem olaraq qalır, Aİ hələ də HSK-ni tam gücə sala bilməyib və bunun üçün, yuxarıda qeyd etdiyimiz kimi zaman lazımdır. Bu təqdirdə həm keyfiyyət həm kəmiyyət baxımından nəyə ehtiyac var? ABŞ istehsallı silahlara.
İndi isə keçək əsas məsələyə. Diplomatiya- intriqaları yaratma və onlardan faydalanma sənətidir.
3) ABŞ-dan silahları almaq olarmı? Yuxarıda 2-ci(Tramp rusyönlüdür və Rusiyanın maraqlarından çıxış edəcək) aksiomu xatırlayaq. Trampdan təmənassız silahları almaqdan ehtimalından ümumiyyətlə unudaq və hətta Ukrayna(və ya formal olaraq Ukraynaya silahları təhvil vermək üçün digər ölkə olsun) ABŞ-dan silahları müqavilələrlə almaq istəsə, bu da çox çətin olacaq, mümkünsüz dərəcəyə yaxın. Bəs nə etmək lazımdır?
Trampın ətrafında, Trampı dəstəkləyənlərin arasında, onun bu davranışının(silahların satışının dayandırılmasına) kimlərə ciddi zərər vuracağını axtarıb-tapmaq lazımdır, və təbii ki, bu, ABŞ-ın hərbi sənaye kompleksidir, silah istehsalı nəhəngləridir: Lockheed Martin, Northrop Grumman, Raytheon, General Dynamics və s.
HSK-nin Konqresdə güclü lobbiçiləri var, hansılar ki bu şirkətlərdən asılıdır(əsasən respublikaçılar) və HSK-nin seçkilərə ciddi təsir imkanları var və s. Buna dair bir məsələyə toxunum. Zelenskilə bağlı respublikaçıları ən çox qıcıqlandıran məqamlardan biri, Zelenskinin seçki kampaniyası zamanı "bənövşəyi" ştat olan Pensilvaniyaya səfəri olub, repsublikaçılar bunu seçkilərə müdaxilə kimi qiymətləndirirlər. Hara getmişdi Zelenski? Mərmiləri istehsal edən zavoda. ABŞ-da HSK ilə bağlı hər şeyə çox həssas yanaşırlar, ona görə ki, HSK böyük qüvvədir.
Nə etmək lazımdır? HSK-ni Trampla toqquşdurmağa çalışmaq.
Necə?
Avropadan(+Norveç) silahların alınması üçün yetərincə maddi vəsait toplanandan sonra, Trampa silahların alınmasını təklif etmək. Trampın buna rədd cavabı verməsindən(99.9%) sonra isə HSK-nin nəhənglərilə aktiv əlaqələr qurmaq(ziyafətlər, səfirliyə dəvətlər və s.) Şirkətlərin rəhbərlərinə Trampın yaramaz siyasəti ucbatından, onların çox böyük müqavilələri itirəcəklərini izah etmək və göstərmək.
HSK onsuzda Trampın hərbi büdcəni kəskin azaltmaq niyyəti fonunda Pentaqondan fantastik məbləğlərdə müqavilələr itirəcək və bu fonda xaricdən müqavilələri itirsə də, silah baronları üçün bu artıq iqtisadi faciə olacaq.
Qısa olaraq: Avropadan vəsaitlərin toplanması➡️Trampa silahların alınması təklifi➡️Rədd cavabı təqdirdə Ukrayna diplomatiyasının şeflərinin iştirakı ilə ABŞ silah baronlarını(Keti Uorden, Ceyms Tayklet, Tomas Kennedi və s.) ziyafətə dəvət etmək.
Düşünürəm ki, cəhd etmək, HSK-ni Trampla toqquşdurmaq lazımdır. HSK ciddi təzyiqlər edib, silahların satışı müqavilələrinin bağlanmasına nail ola bilər.
P.S. Təbii ki, bütün müqavilələrdən Trampa "otkat" və "şapkalar" təklif edilməlidir, o belə şeyləri sevir.
Kamran Cəfərov
TEREF