"Çin Trampın ticarət müharibəsinə qarşı müttəfiqlər toplayır" - "Reuters"
Dünən, 10:14

"Dünya Ticarət Təşkilatının üzv ölkələri birləşməli və ABŞ-ın təktərəflilik, proteksionizm və qorxutma siyasətinə qarşı çıxmalıdır..."
Çin Trampın tətbiq etdiyi gömrük rüsumlarına qarşı çıxmaq üçün koalisiya yaratmaq məqsədilə ölkələr axtarır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Pekin mülki məmurları "hərbi rejim"ə keçirib və Trampın tətbiq etdiyi rüsumlara qarşı koalisiya qurmağa yönəlmiş fəaliyyətə başlayıb. Çin o cümlədən ABŞ-ın uzunmüddətli müttəfiqləri olan bir sıra ölkələrlə əlaqəyə keçib.
Çin Xarici İşlər və Ticarət nazirliklərindəki məmurlara tətil planlarını ləğv etmək və mobil telefonlarını 24 saat açıq saxlamaq göstərişi verilib. ABŞ-la bağlı məsələlərlə məşğul olan idarələr gücləndirilib, buraya Trampın ilk prezidentlik dövründə Çinin reaksiyasını hazırlayan məmurlar da daxildir.
Pekin ticarət müharibəsinin başlanmasının qarşısını almağa, çinli diplomatlar aylarla Tramp administrasiyası ilə əlaqə qurmağa, dövlətə məxsus Çin KİV-lərinin "qarşılıqlı faydalı" adlandırdığı ticarət əlaqələrini qorumağa çalışıb. Lakin ABŞ tərəfindən tətbiq olunan iri həcmli rüsumlar fonunda Çin razılaşma axtarışını dayandıraraq cavab rüsumları tətbiq etməyə başlayıb.
Pekinli diplomatlar Trampın rüsumlarına məruz qalan digər ölkələrin hökumətləri ilə əlaqə saxlayır, onlara əməkdaşlıq çağırışı ilə məktublar göndərir. Bu məktub larda Çinin mövqeyi izah olunur, çoxqütblülük və ölkələrin birgə səylər göstərməsinin vacibliyi vurğulanır.
Məktublarda ABŞ siyasətinə tənqidlər də yer alıb, bu tənqidlər Çinin rəsmi bəyanatları ilə uyğunluq təşkil edir. Çin ABŞ-ın Avropa, Yaponiya və Cənubi Koreyadakı müttəfiqləri ilə də əlaqə qurub. Bundan əlavə, Çin G20 ölkələrinin bir sıra hökumətlərinə çoxtərəfli ticarət sistemini dəstəkləyən birgə bəyanat imzalamağı təklif edib.
Bəzi istisnalarla, Çin və ABŞ arasında mal ticarəti demək olar ki, tamamilə dondurulub. Bununla yanaşı, Pekin xidmət ticarətini də məhdudlaşdırmağa başlayıb, vətəndaşlarına ABŞ-a səfər etməməyi tövsiyə edir və Amerika filmlərinin idxalını azaldır.
Çin və ABŞ: ticarət müharibəsi
ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə, əsasən də Çinə qarşı gömrük rüsumları tətbiq edib. Buna cavab olaraq Pekin də oxşar addım atıb. Bundan sonra Tramp bu cavab rüsumlarının ləğvini tələb edib, lakin Çin bunu rədd etdikdən sonra ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar daha da artırılıb.
Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ-da Çin məhsullarına tətbiq edilən ümumi rüsum faizi 145 faizə çatıb. Digər ölkələr üçün isə Tramp 90 günlük "pauza" tətbiq edib və rüsumları 10 faiz səviyyəsində saxlayıb.
Çin ticarət naziri Van Ventaonun sözlərinə görə, Trampın davamlı olaraq rüsumlar tətbiq etməsi humanitar böhrana gətirib çıxara bilər. O, bildirib ki, Dünya Ticarət Təşkilatının üzv ölkələri birləşməli və "təktərəflilik, proteksionizm və qorxutma siyasətinə" qarşı çoxtərəfli əməkdaşlıqla cavab verməlidir.