250 milyon dollar qazanır, 4 milyard xərcləyirik
Dünən, 09:57

Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
Bu günə qədər ölkə üzrə 2-si dövlət, 22-si özəl olmaqla 24 aqropark qeydiyyata alınıb. Onların 22-si rayonda yerləşir və ümumilikdə 66,3 min hektar ərazini əhatə edir. Bu aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə logistika və qablaşdırma üzrə ixtisaslaşıb.
Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat, faktiki investisiya məbləği isə 900 milyon manatdan çoxdur. Dövlət dəstəyi çərçivəsində 16 aqroparka 142,4 milyon manat güzəştli kredit, 17 aqroparka isə 16,5 milyon manat dəyərində idxal güzəşti təqdim olunub.
Aqroparkların KTN-nə verilməsi bu sektorda hansı dəyişikliklərə yol açacaq?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, aqroparklar əsasən bitkiçilik, pambıçılıq və taxılçılıqla məşğul olur, digər sahələr isə kiçikhəcmlidir:
“Aqroparklar yaradılanda qarşıya məqsəd qoyulmuşdu ki, Azərbaycan 5 ildən sonra ərzaq buğdası idxalına son qoyur. Ancaq 20 il bundan əvvəl də 1,2-1,3 milyon ton ərzaq buğdası idxal edirdik, indi yenə həmin həcmdə ərzaq buğdası idxal edirik. Yəni ciddi dəyişiklik olmayıb.
Aqroparkların əsas xidməti 2015-ci ildə strateji məhsul elan edilən pambıq istehsalının genişləndirilməsi olub. Beləliklə, 2018-2019-cu ilə qədər bu sahədə artım qeydə alındı. Ondan sonra o sahədə də geriləmə başladı. Pambıq istehsalı ildən-ilə azalır. Aqroparklar özəl mülkiyyət olmadığına görə orada direktordan başlamış fəhləyə qədər hamı nəsə əldə etmək istəyirdi. Heç kim ona özününkü kimi münasibət bəsləmirdi.
Yəni digər dövlət əmlakı əsasında qurulan müəssisələr kimi burada da münasibət eyni idi. 10 ildə hökumət aqroparklara qoyduğu vəsaiti ölkədə özəl fermerlərə yatırsaydı, o hədəflərə bəlkə də 150 faiz çatmaq olardı. Azərbaycanda elə pambıq istehsal etmək mümkün deyil ki, onun lifinin uzunluğu 30-60 sm çatsın. Bu mümkün deyil”.
Ekspert deyir ki, taxılla bağlı da vəziyyət eynidir:
“Taxıl istehsalına nə qədər vəsait qoysaq da, istehsalı yerli tələbat səviyyəsinə qədər inkişaf etdirə bilmərik. Buna Azərbaycanın potensialı yoxdur. Tələbatın 80 faizinə qədər istehsal edə bilərik. Ərzaq buğdası idxalını təxminən bəlkə də 500 min tona qədər endirə bilərik.
Bunun üçün də ölkədə əsasən seleksiyaçılar işləyib, yüksək məhsuldarlıqlı buğda sortları yetişdirməlidirlər. Xaricdən yüksək məhsuldarlıqlı buğda sortlarının toxumunu idxal etmək səmərə vermir. Məsələn, Kanadada 70 sentner məhsul verən ərzaq buğdası Azərbaycanda 30 sentinerdən artıq məhsul vermir.
Deməli, xaricdən idxal yox, daxildə məhsuldar buğda sortları yetişdirməliyik. Bizim mütəxəssislərimiz çalışmalıdır, ilkin mərhələdə bunu təşkil etmək lazımdır ki, alimlərin yetişdirdikləri buğdadan fermer bir neçə il səmərə götürsün. Azərbaycanın kənd təsərrüfatını pambığa qurban verildi. Pambıq Azərbaycana ən yüksək gəlir gətirəndə 250 milyon dollar valyuta gətirib.
Ancaq kənd təsərrüfatı mənşəli məhsullarına ötən il 4 milyarddan artıq vəsait sərf eləmişik. Bizim idxalımızın az qalsın dörddə biri kənd təsərrüfatı məhsulları olsun. Vaxtilə əhalinin 70 faizi kənd təsərrüfatı ilə məşğul olurdu və 2 milyon hektar kənd təsərrüfatına yararlı torpaq var idi, indi əlimizdə olan torpaqları becərə bilmirik”.