“Bu layihə baş tutarsa, Azərbaycan və Türkiyə böyük geo-siyasi oyunlardan kənarda qalacaq...”
Bu gün, 00:12

“Doğrudan da, Mərkəzi Asiyanın (MA) türkdilli dövlətlərinin(Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan) Kiprdə (Cənubi Kipr) səfirlik açmaq barədə Avropa Birliyi (AB) ilə anlaşması Azərbaycan siyasi meydanında da xeyli müzakirələrə səbəb olub. Kimsə həmin addımı türk dünyasına qarşı demarş kimi dəyərləndirir, kimsə də hətta bunu türkdilli dövlətlər tərəfindən Türkiyəyə "xəyanət" adlandırır. Bir sıra türkiyəli ekspertlər isə baş verənlərin geo-siyasi fəlakət olduğunu bildirirlər. Bəs əslində baş verən nədir? Nədən MA ölkələri, o cümlədən də 4 türkdilli dövlət bu addımı atdı? Ümumiyyətlə, ictimai-siyasi dairələr üçün sanki gözlənilməz olan bu qərarın arxasında hansı amillər, səbəblər və maraqlar dayanır?”
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında özünün qoyduğu və son günlər siyasi cameəni də ciddi maraqlandıran sualları belə cavablandırıb:
“Əgər hər şeydən əvvəl AB - MA əlaqələrinin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, həmin əlaqələr heç də yeni deyil. Siyasi və iqtisadi baxımdan Rusiya ilə Çin arasında rəqabət meydanı olan regionun AB ölkələri ilə də daim əhəmiyyətli iqtisadi əlaqələri mövcud olub. Təhlillərdən aydın görünür ki, AB-nin MA regionuna dair öncədən planlaşdırılmış strateji və çoxşaxəli əməkdaşlıq proqramı mövcud olub və həmin proqram da mərhələli şəkildə həyata keçirilib. Bunlardan başqa Transxəzər layihələr, təhsil və maarifləndirmə sahəsində də əməkdaşlıq daim mövcud olub. Hazırda isə bu geo-siyasi əməkdaşlığa keçir. O cümlədən tamamilə mümkündür ki, AB ilə Çin əl-ələ verib Şərq-Qərb dəhlizini Mərkəzi Asiya ölkələri və İran üzərindən çəkirlər. Yəni Qazaxıstan, Özbəkistan, Türkmənistan- İran və nəhayət, İranın Oman körfəzindəki iki mühüm limanı, o cümlədən Bəndərabas limanı üzərindən üzərindən yüklərin Avropaya daşınmasını təmin edirlər. Bax, belə bir layihə görünür. Düzdü, onun haqqında hələlik açıq danışılmır. Belə şeyləri adətən məxfi saxlayırlar və danışıqlar başa çatdıqdan, qərar qəbul olunduqdan sonra elan edirlər. Əks halda qarşı tərəfdən hansısa ciddi problemlər yarana bilər. Yəni, məsələn, biz gördük ki, Ərəbistan yarımadası və Aralıq dənizi üzərindən keçən Avropa dəhlizi nəzərdə tutulurdu. Hətta bununla bağlı memorandum da imzalandı. Amma bu imzalanmadan heç iki ay ötməmiş “HƏMAS” tərəfindən İsrailə məlum 7 oktyabr hücumu həyata keçirildi və ardınca İsrailin Qəzzaya qarşı bu günədək bitməmiş genişmiqyaslı hərbi əməliyyatları başlandı. Nəticədə bəhs edilən layihənin qarşısı alındı və artıq o layihə haqda danışılmır. İndi də belə görünür ki, AB və Çin MA ölkələri və İran üzərindən dediyimiz layihəni həyata keçirmək istəyirlər. Ancaq hələlik bu haqda heç bir rəsmi məlumat yayılmır. Halbuki müəyyən məsələlər üzə çıxır ki, onlar belə bir layihənin varlığının əlamətlərini göstərir. Məsələn, İranın Çabahar və Bəndərabas limanları var ki, hər ikisi ölkənin cənubunda Oman körfəzinə açılır. Çin həmin limanların hər ikisini icarəyə götürüb və orada böyük genişləndirmə, yük həcminin artırılması işləri görülür. Sual olunur ki, o limanlar Çinin nəyinə lazımdır. Nəyə görə Çin o limanları götürüb? Yüklər o limanlara haradan gələcək? Əgər Çindən gəmi ilə gələcəksə, elə gəlib birbaşa Avropaya keçə bilər- nə ehtiyac var ki, İrandakı bu limanlara? Onda belə çıxmırmı ki, Çin həmin limanlara o məqsədlə, o niyyətlə icarəyə alıb və modernləşdirir ki, Mərkəzi Asiya və İran üzərindən dəmir yoluyla oraya gələn yüklər sonrakı mərhələdə Avropaya daşınsın. AB ilə MA ölkələri arasında Səmərqənddə əldə edilən anlaşma da bunun bir hissəsinə oxşayır. Yəni AB birdən-birə gəldi Mərkəzi Asiyaya çıxdı – bunu anladıq. Deyək ki, AB-nin orada iqtisadi maraqları var. Orada enerji daşıyıcıları- neft, qaz, eyni zamanda bir sıra faydalı qazıntılar mövcuddur. Məsələn, Qazaxıstanda Çin və Braziliyadan sonra üçüncü yerdə olan böyük litium ehtiyatları var. Söhbət, müxtəlif dəyərləndirmələrə görə, 1 milyon tondan çox litiumdan gedir... Qazaxıstan ümumiyyətlə, təbii sərvətləri, yeraltı ehtiyatları baxımından dünyanın ən zəngin ölkələrindən biridir. İndi, sual olunur ki, müəyyən anlaşma imzalandı və həmin ehtiyatların hasilatına, yataqların işlənməsinə başlanıldı - bəs bunların daşınması necə həyata keçiriləcək. Yəni, tutaq ki, “Transxəzər”- Orta dəhliz layihəsindən danışılır. Amma onun Çinin yüklərini daşımaq üçün gücü yetərli deyil. Hələ əlavə də Qazaxıstandan və s. yüklər – bu bir qədər inandırıcı görünmür. Onda belə çıxır ki, sözügedən yüklərin daşınması üçün nəqliyyat-kommunikasiya xətləri məhz Mərkəzi Asiya, o cümlədən Türkmənistan üzərindən çəkiləcək. Və ondan sonra da öncə dediyim kimi, İranın cənubundakı limanlardan Avropaya daşınacaq. Bax, təxmini belə bir geo-siyasi layihə görünür ki, bu layihənin həyata keçiriləcəyi halda Orta Dəhlizin əhəmiyyəti itir. Nəticədə Zəngəzur dəhlizi də yalnız Azərbaycanla Ermənistan arasında yenə mübahisə predmeti olaraq qalır. Və bundan sonra İran da Rusiyanın layihəsi olan Şimal-Cənub dəhlizinə qoşulmur. Çünki bir tərəfdən Avropa Birliyi, digər tərəfdən isə Çinlə həm iqtisadi, həm nəqliyyat, həm də siyasi əməkdaşlıq quran İranın artıq Rusiyaya ehtiyacı olmayacaq. Bax, belə bir dəyərləndirmə mövcuddur...
Qaldı konkret olaraq Mərkəzi Asiya ölkələrinin Cənubi Kiprdə səfirlik açmaları məsələsinə, bu, Avropa Birliyində qərarların qəbul olunma mexanizmi ilə bağlıdır. AB-də bütün qərarlar konsensus əsasında, yəni bütün üzv ölkələrin razılığı çərçivəsində qəbul edilir. Kipr buna qarşı çıxmasın, deyilən layihələrin həyata keçməsinə mane olmasın deyə, görünür, bir profilaktik addım kimi MA ölkələri tərəfindən həmin ölkədə səfirliyin açılması, yəni onların Kipri tanıması və onunla diplomatik münasibətlərin yaradılması tövsiyə olunubdur.
Və onu da deyim ki, Çindən Mərkəzi Asiya və İran üzərindən Avropaya yönələn belə bir layihə baş tutarsa, Azərbaycan və Türkiyə faktiki olaraq böyük geo-siyasi oyunlardan kənar qalacaq. Bunun da əsas səbəbi Zəngəzur dəhlizi ətrafında artıq 4 ildən artıqdır gedən dedi-qodulardır. Necə ki, İran da 15 ildir Asrara-Rəşt dəmir yolunun tikilməsini sabotaj edir... Yəni İran təbii ki, başqa bir plan gözləyirmiş – bu da, yəqin ki, elə bəhs etdiyimiz Çin-Mərkəzi Asiya-Avropa xəttidir...”