Laçın alayının Qərargah rəisi olmuş döyüşçü artıq iflic olub - AÇIQLAMA

Bu gün, 08:49           
Laçın alayının Qərargah rəisi olmuş döyüşçü artıq iflic olub - AÇIQLAMA
“Hesab edirəm ki, işğaldan azad edilmiş digər bölgələr kimi, Laçında da yaşayış evləri bərpa olunanda, yaxud yenidən tikiləndə ilk növbədə 1988-1994-cü, 2016 və 2020-2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyü, həmçinin bilavasitə Laçın rayonunun müdafiəsi və azadlığı uğrunda döyüşən, şəhid olan insanlar, onların ailələri nəzərə alınmalı idi. Bu, özü bir stimul, torpaq uğrunda döyüşənlərə verilən dəyər olmalıydı... Təəssüf ki, belə bir kriteri nəzərdə tutulmayıb. Torpaqların müdafiəsi, yaxud azad edilməsi zamanı qaçıb gizlənənlər hamıdan öncə evlə təmin edilib, ancaq əsil döyüşçülər, o torpaqlar, o cümlədən Laçın uğrunda canını-qanını qoyanların, artıq yaşları ötüb cürbəcür xəstəliklərə düçar olaraq bu gün-sabah həyatlarını itirə biləcək igidlərimizin çoxu illərdir ki, doğma yurdlarına dönüb son günlərini orada yaşamağın həsrətindədirlər. Uğrunda illərlə canını qoyduğu doğma yurdunda, torpağında yaşamaq həsrəti ilə qovrulan, artıq dərddən-qəmdən cürbəcür mərəzlərə mübtəla olan oğullarımızdan biri də 1991-1994-cü illərdə Laçın alayının Qərargah rəisi olmuş, istefada olan mayor Rafiq Nağıyevdir”.

Bunu I Qarabağ savaşında Azərbaycanda ilk nizami hərbi birləşmələrdən olan tanınmış Qarabağ qazisi, Laçın alayının yaradıcısı və ilk komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az-a açıqlamasında söyləyib.

“Laçın alayının Qərargah rəisi Rafiq Nağıyevlə iki gün öncə danışdım. İllər boyu VƏTƏN yolunda yaşadığı ağır səngər həyatı onun səhhətində öz ağır izlərini qoyub. İflic keçirib... Yaşı isə yetmişə yaxınlaşmaqdadır...
Hesab edirəm ki, Vətən, Qarabağ, Laçın uğrunda savaşmış, qan tökmüş insanlara belə laqeyd münasibət ilk növbədə xalqın və ayrıca camaatımızın günahıdır. Hər kəs yalnız öz şəxsi qayğılarını düşünəndə, öz problemlərini həll etməyə çalışanda belə alınır...
Mən Laçında olanda maraqlandım. Bəzi şəhid ailələri və qazilərin bərpa edilmiş evlərində də problemlər, çatışmazlıqlar çoxdur. Məsələn, 1992-ci ildə Laçının müdafiəsi zamanı şəhid olmuş Laçın alayının kəşfiyyat rəisi Vaqif Salmanovun ailəsinin bərpa edilmiş evində bir çox çatışmazlıqların şahidi oldum... Digər şəhidimiz Oqtay Gülalıyevin evi yarımçıq qalmışdı. Digər bir çox qazilərimizin də evləri bərpa edilməyib....”, -deyə davamında Qarabağ qazisi bildirib .

“Rafiq Nağıyev dəfələrlə rəsmən və şifahi müvafiq qurumlara, o cümlədən Dovlət “Qaçqınkom”a və Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinə öz evinin tikilməsi xahişi ilə müraciət edib. Mən də Laçına gedəndə Prezidentin xüsusi nümayəndəliyində oldum, Rafiq Nağıyevin evinin mümkün qədər tez tikilməsi xahişi ilə müraciət etdim. Heç özümün şəhərin mərkəzində rayon prokurorluğunun binası ilə üzbəüz olan evimin bərpası üçün müraciət etmədim. Sadəcə dedim ki, heç olmasa, evin xarabalığını dağıdıb yerində ağac əkin ki, eybəcər görünməsin...

Yenə deyirəm, günah ilk növbədə Laçın camaatınındır. Bütövlükdə xalq və ayrıca hər bölgənin, hər elin, hər obanın camaatı öncə öz şəhid ailələrinin, qazilərinin problemlərinin həllinə çalışmalıdır. Bu mənada Şuşadan olan döyüşçü, zabit, komandir həmkarımız Azay Kərimova Şuşa camaatının münasibətini nümunə kimi çəkmək istəyirəm. Azay bəy deyir ki, Şuşa şəhərində yeni tikilən evlər paylananda camaatın çoxu dedi ki, komandirə ev verilməsə, biz Şuşaya köçən deyilik- ondan sonra mənə zəng etdilər ki, gəl evini al”, - həmsöhbətimiz diqqətə çatdırıb.

“Bilirsiz, hər kəs yalnız özü üçün yaşayanda VƏTƏN, MİLLƏT, DÖVLƏT məfhumu mahiyyətcə ortalıqdan qalxır. Fərdi qaydada hər kəs “mən-mən” deyib yaşayanda onda nə torpaq əsil mənada azad olur, nə də Vətən əsil Vətən olur. Son 30-35 ildə on minlərlə şəhid verdik. Onlar da əgər yalnız özləri üçün yaşayaraq evlərində otursaydılar, bu gün torpaqlarımız azad edilərdimi? Torpaqlarımız məhz Vətən, Torpaq, Xalq, Dövlət düşüncəli insanların – şəhidlərimizin, qazilərimizin hesabına azad edildi... Onların qədrini-qiymətini vaxtında, sağlıqlarında bilmək, vermək gərəkdir... Sabah gec ola bilər...
Odur ki, bir daha üzümü müvafiq qurumlara və camaatımıza tuturam:

Rafiq Nağıyev Laçında yaşamağa HAQQI OLAN ƏN BİRİNCİLƏRDƏNdi! Onun erməni faşistləri tərəfindən dağıdılmış evini bərpa edin!
TANRI Rafiq Bəyə şəfa versin!
Bir qocaman döyüşçünün YURD , TORPAQ , ATA - BABA OCAĞI həsrətinə İNSANLIQ NAMİNƏ sən qoyun!
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA! Gecikmiş etiraf və fəaliyyəti bəzən TARİX və ZAMAN da bağışlamır”, -deyə keçmiş döyüşçü komandir sonda vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.