"Bu səhv deyil, taktikadır: Tramp Sumıya zərbəyə görə Putinə haqq qazandırır" - "Politico"

17-04-2025, 11:14           
"Bu səhv deyil, taktikadır: Tramp Sumıya zərbəyə görə Putinə haqq qazandırır" - "Politico"
"Putinin apardığı müharibə qaydasız və tammiqyaslı müharibədir..."

Ukraynanın Sumı şəhərinə endirilmiş zərbə Rusiyanın uğursuzluğu olacaq. Bu, artıq uzun illərdir davam edən Rusiya taktikasının bir hissəsidir və Vaşinqton bunu yaxşı bilir.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrinin ictimai rəy bölməsinin redaktoru, şərhçi Ceymi Dettmer yazır.

Qeyd edilir ki, Rusiyanın Sumıya endirdiyi qanlı zərbə "təəssüf doğuran bir səhv" və ya təsadüf deyil. Bu, Rusiyanın uzunmüddətli hərbi taktikasının daha bir nümunəsidir və Vaşinqtonda bunu tam anlayırlar.

Tramp Putinə haqq qazandırır

Rusiyanın Sumıya raket zərbəsi nəticəsində 35 nəfər həlak olduqdan və yüzdən çox insan yaralandıqdan cəmi bir neçə saat sonra ABŞ prezidenti Donald Tramp bu hücumu "dəhşətli bir şey" adlandırıb. Amma eyni zamanda bunun bir səhv ola biləcəyini də irəli sürüb və vurğulayıv ki, bu, məqsədli olmayıb.

Onun bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatı ilə kəskin ziddiyyət təşkil edir: "Yalnız tamamilə dəli və alçaq birisi belə davrana bilər". Həmçinin Trampın bəyanatı onun xüsusi nümayəndəsi Kit Kelloqun şərhləri ilə də üst-üstə düşmür. Kelloq belə deyib: "Bu Sumı zərbəsi hər cür mənəviyyat və ədəb qaydasını aşır".

Dettmer yazır: "Kreml mülki əhaliyə qarşı məqsədli hücumları inkar edir, halbuki bu, beynəlxalq hüquqa görə hərbi cinayət sayılır. Ancaq Rusiyanın hücumları yaxşı sənədləşdirilib: xəstəxanalar, məktəblər, doğum evləri, teatrlar... siyahı uzana bilər. Bu, Moskvaya məxsus oturuşmuş hərbi strategiyadır. Bu heç vaxt ürək və ağılla bağlı yanaşma olmayıb, daha çox dəmir yumruqla yanaşmadır".

Pentaqon daha öncə açıq şəkildə qeyd edib: "Qiymətləndirməmizə əsasən, Rusiya vətəndaşları qorxutmaq və ukraynalıların ruhunu sındırmaq üçün mülki infrastruktur obyektlərinə qəsdən zərbələr endirir" və bu taktika hələ də davam edir.

Məhz buna görə Rusiya ordusu illərdir Ukraynanın enerji sisteminə hücum edir. Kiyev meri Vitali Kliçko 2022-ci ilin sonunda demişdi: "Onlar bizi donmağa məcbur etmək, elektrik, istilik, generatorları məhv etmək istəyir".

Suriya taktikası və Putinin strategiyası

Sumıya ikiqat zərbə məqsədli olub. Birinci partlayışdan beş dəqiqə sonra ikinci zərbə xilasedicilərə qarşı endirilib. Bu, Rusiyanın geniş yayılmış taktikasıdır və Suriyada istifadə olunanlara bənzəyir: xəstəxanalar, bazarlar, yaşayış məhəllələri qəsdən hədəfə alınırdı.

O zaman da, indi də Moskva bu hücumları "hərbi obyektlərə" yönəldiyini iddia edərək əsaslandırır. Sumıya hücumdan sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, guya, zərbələr Ukrayna ordusunun qərargahını vurub və mülki şəxslərin ölümü "sakit əhalidən canlı sipər kimi istifadə edilməsinin" nəticəsidir.

Bu cür bəhanələr Suriyada da pik saatlarda bazarlara, qaçqın düşərgələrinə edilən zərbələr zamanı eşidilib. Məqalə müəllifi həmin vaxt Suriyanın şimalında olub və bunu şəxsən görüb.

Jurnalistin yazdığına görə, Putinin apardığı müharibə qaydasız və tammiqyaslı bir müharibədir. Bu, Buçada və İrpendə törədilən vəhşilikləri, habelə 1999-cu ildə Qroznıya edilən bombardman kampaniyasını yada salır, o zaman 100 min nəfər şəhəri tərk etməyə məcbur edilib.

Bu fonda Trampın reaksiyası Kremlə qarşı açıq qarşıdurmadan yayınmaq cəhdi kimi görünür. Bəlkə də o, hələ də sülh danışıqları üçün hazır olduğunu göstərmək istəyir. Lakin Sumıya hücum bir daha göstərib ki, Putin üçün danışıqlar yalnız onun şərtləri daxilində mənalıdır.

Mart ayında ABŞ Dövlət katibi Marko Rubio qeyd edib: "A planı atəşkəsdir və Vaşinqtonun əsas məqsədi döyüşlərin tez bir zamanda dayandırılmasıdır". Ancaq Putin Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəs təklifini rədd edib. Tramp ilə telefon danışığından dərhal sonra Rusiya yenidən Ukrayna şəhərlərinə hücumlara başlayıb.

Putinin enerji sisteminə qarşı zərbələri 30 gün dayandıracağına dair vədi isə sırf taktiki görünüb, çünki artıq şaxtalar keçib. Eyni zamanda, Ukrayna "Neptun" raketlərinin uçuş məsafəsini 1000 km-ə qədər artırmaqla irəliləyiş əldə edib.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Putinin danışıqları ötən cümə günü də davam etsə də, bunlar yenə nikbin bəyanatlarla müşayiət olunub: "Biz çox vacib bir şeyin astanasındayıq". Amma artıq ertəsi gün Peskov bildirib ki, Moskva ilə Vaşinqton arasında konkret razılaşma planı yoxdur. "Ukraynalılar üçünsə təkcə dözmək qalır", - şərhçi deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.