Pulitzer mükafatının 3 qat laureatı Tomas Fridman yazır...
17-04-2025, 12:44

ABŞ-ın daxilindəki durumunun bu qədər mükəmməl izahına hələ rast gəlməmişəm.
Pulitzer mükafatının 3 qat laureatı Tomas Fridman yazır:
Trampın ikinci administrasiyası – amansız bir parodiyadır. Tramp ikinci dəfə prezidentliyə ona görə getmədi ki, ölkə üçün müsbət işlət görsün, o, yalnız həbsdən yayınmaq və ona qarşı real sübutlara əsaslanaraq məsuliyyətə cəlb etməyə çalışanlardan qisas almaq üçün seçkilərə getdi.
O, 1970-ci illərin fikirləri ilə dolu bir beyinlə Ağ Evə qayıdır. Müttəfiqlərsiz, hazırlıqsız və hər gün dəyişən xaotik tariflərlə ticarət müharibəsi başladı.
Üstəlik, müasir iqtisadiyyatın — dünya üzrə istehsal olunan detallardan yığılan malların — mürəkkəb bir ekosistem olduğunu anlamadan.
Bu siyasət artıq bütün amerikalılara təsir edir. Tramp eyni vaxtda əsas müttəfiqləri — Kanada, Meksika, Yaponiya, Cənubi Koreya, Aİ — və əsas rəqibi Çin ilə dalaşır. Eyni zamanda getdikcə daha açıq şəkildə göstərir ki, onun üçün Rusiya Ukraynadan daha vacibdir. Dünya bunu görür və Amerikaya olan etimadını itirir.
Bu gün Trampın Amerikası dünyanın gözündə — qanunlardan, Konstitusiyadan və əsas Amerika dəyərlərindən uzaq, impulsiv bir liderin idarə etdiyi təcrid olunmuş bir dövlətdir.
Bəs demokratik müttəfiqlər təcrid olunmuş dövlətlərlə nə edirlər?
Birincisi, onlar artıq ABŞ xəzinə istiqrazlarını almaqda maraqlı deyillər. Bu o deməkdir ki, ABŞ bu istiqrazlar üzrə faiz dərəcələrini artırmağa məcburdur. Bu isə avtomobil kreditlərindən ipotekalara və dövlət borcunun idarə edilməsinə qədər bütün iqtisadiyyata zərbə vurur.
“Trampın dəyişkən qərarları və tarifləri investorları ABŞ dollarından və xəzinə kağızlarından uzaqlaşdırırmı?” – “The Wall Street Journal” bu yaxınlarda sual verdi. Ola bilsin, indi bunu demək tezdir, amma sual vermək vaxtıdır: gəlirlilik artır, dollar zəifləyir — bunlar etimadın itirilməsinin klassik əlamətləridir. Sistemi sarsıtmaq üçün kiçik bir çat kifayətdir.
İkincisi, müttəfiqlər artıq institutlarımıza inanmaqda çətinlik çəkirlər. Financial Times yazır ki, Avropa Komissiyası ABŞ-a gedən əməkdaşlarına “birdəfəlik telefonlar” və ən sadə noutbuklar verir — bu tədbirlər əvvəllər yalnız Çinə səfərlər üçün görülürdü. Amerika artıq hüququn aliliyi baxımından etibarlı hesab edilmir.
Üçüncüsü, əcnəbilər özlərinə və övladlarına sual verirlər: “Bəlkə artıq ABŞ-da təhsil almağa dəyməz?” Mən bunu Çində dəfələrlə eşitmişəm. İnsanlar qorxurlar ki, övladları əsassız səbəblərlə həbs oluna bilər, qohumları isə məsələn, Salvadordakı həbsxanaya deportasiya edilə bilər.
Tramp qanunun aliliyini dağıdır, müttəfiqləri uzaqlaşdırır, dollara olan etimadı sarsıdır və milli birliyi parçalayır. Hətta kanadalılar artıq Las Veqasa səfərlərdən imtina edirlər — onlar təhdid altında olmaq istəmirlər.
Əgər Tramp bu dəli siyasəti dayandırmasa, o, Amerikanı güclü, hörmətli edən hər şeyi məhv edəcək.
Mən həyatımda ölkəmin gələcəyindən heç vaxt indiki qədər qorxmamışdım.
Kamran Cəfərov
TEREF