Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17-04-2025, 11:36

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) mühafizə xidməti əməkdaşlarının əmək hüquqları ciddi şəkildə pozulub. Universitet rəhbərliyi tərəfindən gözətçilər üçün nəzərdə tutulmuş mühafizə xidməti otağı bağlanaraq onların normal iş şəraitinə müdaxilə edilib.
14 aprel 2025-ci il tarixində baş verən hadisə nəticəsində soyuq hava şəraitində açıq havada işləməyə məcbur edilən əməkdaşlardan birinin halı pisləşib və ona təcili tibbi yardım göstərilib.
Mühafizəçilər bildirir ki, bu vəziyyət onların əmək haqlarının düzgün hesablanması ilə bağlı haqlı tələblərindən sonra baş verib. Onların sözlərinə görə, otaqların bağlanması və digər təzyiqlər bu tələbə cavab olaraq həyata keçirilib.
Məsələ ilə bağlı redaksiyamıza təqdim edilən video sübut hadisənin ciddiliyini əyani şəkildə təsdiqləyir. Kadrlarda gözətçilərin qeyri-insani şəraitdə işləməyə məcbur qaldıqları və təcili tibbi yardım maşınının əraziyə gəldiyi açıq şəkildə görünür.
Məlumat Bakunews.az xəbər portalına daxil olub. Hazırda hadisə ictimaiyyətin və müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb. Zərərçəkən əməkdaşlar ədalətli yanaşma və əmək şəraitlərinin bərpasını tələb edirlər.