SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:47

İranda hakimiyyətin əlində “dəmir yumruq” kimi saxladığı İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH (Sepah-e Pasdaran-e Enqelab-e Eslami) Azərbaycana qarşı növbəti çirkin təbliğat kampaniyasına start verib.
Musavat.com xəbər verir ki, bu dəfə SEPAH-ın “Pasdaran” adlı teleqram kanalı öz qara piar maşınını işə salaraq, guya “sionistlərə xidmət edən Azərbaycan hakimiyyətinin xalqı Aşuradan məhrum etməyə çalışdığı” barədə uydurmalar yayıb. Onlar hətta Aşuranın tarixi ilə bağlı dəyişiklik edildiyini iddia etməklə yalanlarına bir az da “dini don” geyindirməyə cəhd ediblər.
Bu cəfəngiyyat, təbii ki, erməni mediası üçün “tapıntı” olub. Ermənilər İranın bu saxta iddialarını dərhal tirajlayaraq, özlərinin Azərbaycana qarşı mövcud təbliğat arsenalına əlavə ediblər.
Amma iş bununla da bitmir. Özünü “Qafqaz üzrə ekspert” adlandıran və əslində Azərbaycan düşmənliyində SEPAH-dan geri qalmayan iranlı Ehsan Movahedian da bu mövzunu fürsət bilib, növbəti dəfə Bakıya böhtan atıb. O, Aşura ilə bağlı yalanlarını sanki həqiqət kimi təqdim etməyə çalışaraq, iki dövlət arasında yaxşılaşmağa başlayan münasibətlərə zərbə vurmağa xidmət edib.
Halbuki həqiqət tamam başqadır: Aşura — müsəlmanlar üçün Məhərrəm ayının 10-cu günü, Kərbəla müsibətinin xatirəsi — Azərbaycanda hər il olduğu kimi bu il də geniş qeyd olunub. Məscidlərdə əzadarlıq mərasimləri qurulub, ehsan süfrələri açılıb, qanvermə aksiyaları keçirilib. Üstəlik, bütün bunlar ölkənin hər yerində — o cümlədən Ağdamın Cümə və Şuşanın Yuxarı Gövhər Ağa məscidlərində də təşkil olunub. Nə məhdudiyyət var, nə də şiə icmasını narazı salacaq hər hansı addım atılıb.
Bəs bütün bunların fonunda SEPAH niyə belə yalanlar uydurur? Çünki SEPAH — İranda yalnız hərbi deyil, həm də siyasi-iqtisadi gücə malik üfürülmüş bir strukturdur. O, bəzən hətta İran Xarici İşlər Nazirliyindən də “irəli gedərək” qonşu ölkələrlə münasibətləri zəhərləyir. Azərbaycan prezidentinin İran lideri ilə Xankəndidə görüşüb “öz vətənindəsən” deməsi fonunda belə dezinformasiyalar ortaya atmaq isə SEPAH-ın Bakı-Tehran xəttini bilərəkdən korlamaq cəhdidir.
Ən qəribəsi isə budur ki, məscidlərimizi işğal illərində xarabalığa çevirən, minarələrimizdə heyvan saxlayan ermənilərin mediası indi guya şiələrin “hüznü” üçün yanıb-yaxılır. Bu teatr tamaşasında SEPAH və onun əlaltısı Movahedian da öz rollarını canfəşanlıqla oynayırlar.
Görünür, məqsəd yalnız Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq deyil — həm də iki ölkə arasında hazırda müşahidə olunan diplomatik istiləşməni pozmaqdır. Amma tarixi, dini dəyərləri saxtalaşdırıb siyasi təxribat üçün istifadə etmək heç vaxt nəticə verməyib və verməyəcək də.