Pezeşkian niyə hədəfdədir? – ŞƏRH

Bu gün, 16:47           
Pezeşkian niyə hədəfdədir? – ŞƏRH
12 günlük müharibədən sonra İranda prezident Məsud Pezeşkiana qarşı kampaniya başlayıb.

Tribunainfo.az xəbər verir ki, əsasən mühafizəkar qanadın etdiyi hücumlar daha aqressiv xarakter almaqdadır.

Ötən gün İran parlamentinin bəzi deputatları Pezeşkianı Azərbaycan və Türkiyə ilə çox yaxınlıq etməkdə ittiham etmişdi. Bunun ardından İran Ticarət Palatasının keçmiş rəhbəri də analoji qaydada münasibət sərgiləmişdi. O hətta Azərbaycana xüsusi diqqət ayrılmasına qarşı olduğunu da vurğulamışdı.

Dünən isə Rəşt Şəhər Şurasının üzvü və sərt fundamentalist dairələrə yaxınlığı ilə tanınan Rza Aşəri Pezeşkiana ölüm arzulayıb: “İsrail, bir yaxşılıq edərsən? Bizim prezidentimizi – İbrahim Rəisini öldürdün. Bu yeni prezident əvvəlkindən qat-qat inqilabçıdır. Ona da yüksək şəhadət nəsib etməyini xahiş edirik”.

Bu hücumların intensivləşməsi nə ilə bağlıdır? Məsələni Tribunainfo.az üçün şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, bunun iki səbəbi var. “Birincisi, Pezeşkian hələ bir xeyli əvvəl açıq tekstlə demişdi ki, Azərbaycanla münasibətləri qurmaq üçün yeni yanaşmaya ehtiyac var. O qeyd eləmişdi ki, indiyə qədər İran Azərbaycanla sistemli, qazana biləcək siyasət aparmayıb. Hətta misal olaraq, iqtisadi layihələrdə aktiv olmadıqlarını da göstərmişdi. Bu, İrandakı bəzi dairələri ciddi narahat etdiyindən ona qarşı səlib yürüşünə start verilib”.

Ekspert deyir ki, həmin qruplar ddağınıq deyil və vahid mərkəzdən idarə olunur. “İranda anti-Azərbaycan qrupları var. Onlar əsasən güc strukturlarına bağlıdırlar. Məqsədləri İranla Azərbaycan arasında münasibətlərin hər zaman gərgin qalmasıdır. Oraya atılmış əsassız ittihamlar, ara vuran açıqlamalar və digər məsələlər də bu qruplaşmaların başının altından çıxır”.

Fəraməzoğlu ikinci faktor barədə deyib ki, Pezeşkian İran-İsrail müharibəsindən sonra daha çıq oynamaqla yanaşı, həm də narazı davranışları ilə diqqəti çəkir. “Pezeşkian son müharibədən sonra gördü ki, artıq əvvəlki şəkildə davam etmək mümkün deyil. İndiyə qədər yaradılmış “hərbi güc” amilinin da boş balon olduğuna da şahid oldu. Bunun ardından öz imkanları daxilində qonşu ölkələrlə münasibətlərini normallaşdırmağa cəhd edir. Və əvvəlki dönəmlərdən fərqli olaraq, köhnə yanaşmaları dəyişdirməyə çalışır. Bu da təbii ki, ona qarşı hücumları kəskinləşdirib. Çünki onun müxalifləri 45 ildir eyni taktika ilə hərəkət edərək, İranın daha çox izolasiyada qalmasında maraqlıdırlar”.

Siyasi ekspert İranın izoliyasiyada qalmasının detallarını da açıb. O deyib ki, SEPAH və ona bağlı dairələr İranın sanksiya altında qalmasında maraqlıdırlar. “Çünki bu sanksiyalar həmin qruplara böyük gəlirlər gətirir. Məsələn, sanksiyanı bəhanə edib nefti ucuz alaraq, baha qiymətə satmaqla milyardlar qazanırlar. Bu yaxınlarda “Çay Debaş” qalmaqalının üstü açıldı. Məlum oldu ki, SEPAH-a bağlı məmurlar Hindistandan guya, 6.3 milyard dollarlı çay alıblar. Lakin üzə çıxan bu idi ki, həmin pulun cəmi 1 miliradı xərclənib. Belə misalları çox saymaq olar. Pezeşkian isə bütün bunlara qarşıdır və İranın bir qədər də sanksiya altında qalarsa, ciddi problemlərə düçar olacağını bilir. Bunu qapalı müzakirələrdə də qaldırır. Belə davam etməsinin mümkün olmadığını deyir”.

Fikrət Fəraməzoğlu onu da vurğulayıb ki, Pezeşkian bu prosesdə təkdir. Onun güvəndiyi əsas kontingent Güney Azərbaycanın aparıcı tacirləri və iş adamlarıdır. “Onun yeganə dəstəyi yerli burjaziyadır. Xüsusən də Güney Azərbaycandan olan iş adamları. Lakin onların mühafizkarların qarşısında nə qədər duruş gətirə biləcəyi sual altındadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.