Qarabağın “kupçası”: nə qədər ki, o Azərbaycandadır...
8-03-2017, 10:52
Həmsədrlər yenə gəlir – əsas mesaj nə olacaq, “ən pis sülh müharibədən yaxşıdır” situasiyası nə vaxt bitəcək?
Qarabağ danışıqlarında müəyyən hərəkətlilik müşahidə edilməkdədir. Belə ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya iki günlük səfərinin ardınca ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu həftə Azərbaycana gələcəyi xəbəri yayılıb. Bu barədə rusiyalı həmsədr İqor Popov bildirib. Onun sözlərinə görə, bu həftə ərzində o, digər vasitəçilərlə birgə Bakıya təşrif buyuracaq.
Həmsədrlər səfər çərçivəsində prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Popovun dediyinə görə, Ermənistana səfər ayrıca bir vaxtda reallaşacaq.
***
Bəs vasitəçilərin Bakıya budəfəki görüşü nə ilə əlamətdar olacaq? Təəssüf ki, suala pozitiv cavab vermək mümkün deyil. Çünki ötən ilin aprel döyüşlərindən keçən 11 ayda nə həmsədrlərin, nə də işğalçı Ermənistanın konfliktin həllinə yanaşmasında ciddi dəyişiklik baş verməyib. Sülh danışıqlarında irəliləyişə bəslənən ümidlər özünü doğrultmayıb.
Ehtimal ki, həmsədrlərin budəfəki Bakı ziyarəti də ilk növbədə aprelin yaxınlaşması ilə əlaqədar atəşkəsin qorunub saxlanmasına Azərbaycandan zəmanət almaq məqsədi güdür. Ancaq nə vaxtadək? Gerçəkdənmi həmişə “ən pis sülh müharibədən yaxşıdır”?
Şübhəsiz ki, yox. Ona görə ki, atəşkəs sonsuzadək uzana bilməz. Bu, faktiki, işğal rejiminin uzanması demək olardı. Azərbaycan isə təbii ki, heç vaxt öz torpaqlarını bazarlığa çıxarmayacaq. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin torpaq güzəşti hesabına çözülə bilməz və Azərbaycan öz ərazisində heç vaxt ikinci qondarma erməni dövlətinin qurulmasına imkan verməyəcək.
Bu gerçəyi əslində Ermənistanda yaxşı bilirlər, sadəcə, onu dilə gətirməkdən ehtiyatlanırlar. Ermənistanda onu da yaxşı bilirlər ki, işğal rejimi hələ Dağlıq Qarabağı ilhaqı və ya “müstəqilliyi” demək deyil. Dünya birliyi buna getməyəcək.
***
“Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt ”status-kvo"dan danışılır, o zaman ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir". Bu barədə Ermənistanda Milli Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Manvel Sərkisyan deyib (publika.az).
“Azərbaycan həmişə vurğulayır ki, ”biz ərazi bütövlüyümüzün bərpası üçün bütün arsenalımızı tətbiq etmək hüququna malikik". Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır", - deyə erməni ekspert qeyd edib.
Sərkisyan Ermənistanın əsas probleminin məhz bu olduğunu bildirib. O, həmçinin XİN rəhbəri Edvard Nalbəndyanın “bu ilin sonuna kimi Qarabağı (qondarma ”DQR" - red.) bir ölkə tanıyacaq" açıqlamasının pafos olduğunu söyləyib. “Nalbəndyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışırsa, deməli, bu yalandır” - erməni politoloq əlavə edib.
***
Məsələ də ondadır ki, işğal altında olsa da, Dağlıq Qarabağla bağlı beynəlxalq hüquq, obrazlı desək, “Qarabağ kupçası” Ermənistanda yox, Azərbaycandadır. Nə qədər ki, bu hüququ biz könüllü şəkildə kimsəyə verməmişik, heç kim onu bizdən ala bilməz - zorla olsa belə. Necə ki, 29 ildir ermənilər buna nail ola bilmirlər.
Bu, o deməkdir ki, Azərbaycan, erməni politoloqun da etiraf elədiyi kimi, həqiqətən öz ərazi bütövlüyünü bərpa eləmək üçün bütün vasitələrə əl atmaq haqqına sahibdir. BMT-nin, bir çox digər mötəbər beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair sənəd-qətnamələri də bu haqqın bizdə olduğunu dönə-dönə təsdiqləyir.
Qalır onu reallaşdırmaq. Təəssüf ki, böyük gücləri, vasitəçi dövlətləri hələ ki daha çox münaqişə bölgəsində yalnız atəşkəs rejiminin saxlanması maraqlandırır. Onlar hələ ki konfliktin həllində real dönüşü təmin etmək üçün gərəkən diplomatik-siyasi səyləri göstərməyə hazır görünmürlər. Ancaq nə sülh, nə də müharibə vəziyyəti, “ən pis sülh müharibədən yaxşıdır” durumu sonsuzadək davam edə bilməz. Əksər ekspertlər də mövcud situasiyadan dolayı narahatlıqlarını ifadə edirlər.
***
“Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır”.
Bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır: “Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır. ATƏT-in Minsk Qrupu həmsədrləri, o cümlədən Rusiya məsələ ilə bağlı daha çox kosmetik işlər görür və əsas məqsədləri cəbhə xəttində nəzarət rejimini gücləndirməkdir. Guya bu cəhdlər nisbi sakitliyi bərqərar edəcək. Ancaq real vəziyyət onu deməyə imkan verir ki, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır”.
Politoloqa görə, siyasi zəmin də ondan ibarətdir ki, Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmalı və qaçqınlar geri qayıtmalıdır. “Təəssüf ki, bununla bağlı işlər görülmür. Ona görə də belə vəziyyətdə Qarabağ ətrafında yeni siyasi proseslərin yaranmasını gözləmək çətin olur”, - deyə o qeyd edib.
Ekspert hesab edir ki, gərginlik yaxın vaxtlarda daha da artacaq: “Ermənistan hakim dairələri müxtəlif yolla region iştirakçılarını da hədələyirlər. İrəvanın şantajlarına baxmayaraq, irimiqyaslı müharibə başlasa, Ermənistan iqtisadiyyatı iflic olacaq. Erməni cəmiyyətinin az qala, hər həftə onlarla tabut qəbul etdiyi bir vaxtda hesab edirəm ki, müharibə İrəvan üçün ən pis ssenaridir və bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək”.
***
Beləcə, 2016-cı ilin 4 günlük aprel müharibəsinin ildönümü ərəfəsində Qarabağ məsələsində sülh, yoxsa müharibə dilemması təzədən aktuallaşıb. Müharibə riskləri yenidən artıb. Aydın məsələdir ki, bu riskləri yalnızca həmsədrlərin savaş təlaşı ilə aradan qaldırmaq qeyri-mümkündür.
Dəfələrlə deyildiyi kimi, bundan ötrü vasitəçilər, nəhayət, üzlərini beynəlxalq hüquqa, Qarabağla bağlı qəbul edilmiş sənəd qətnamələrə çevirməlidirlər. Hansı hüquq və qətnamələri ki, heç kim ləğv etməyib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət tələb edir.
Siyasət şöbəsi