AntiTürk kampaniyasını kim və niyə körükləyir? – “Azərbaycanı müstəmləkə boyunduruğuna sürükləyirlər”

8-03-2017, 11:11           
AntiTürk kampaniyasını kim və niyə körükləyir? – “Azərbaycanı müstəmləkə boyunduruğuna sürükləyirlər”
Azərbaycanda Türkiyə və türklük əleyhinə yeni bir kampaniya bütün gücü ilə davam etdirilməkdədir.

Yeniçağ.Az xəbər verir ki, ölkənin müxtəlif statuslu şəxsləri tərəfindən Türkiyəyə və türk mənsubiyyətinə yönələn çıxışların intensivləşməsi bu tendensiyanın sistemli şəkildə idarə olunması qənaətini gücləndirir.

Azərbaycanda media və sosial şəbəkələr, o cümlədən müxtəlif ranqlı şəxslər tərəfindən Türkiyə əleyhinə yol verilən çıxışların xüsusilə, son dövrlərdə intensivləşdiyi diqqətdən yayınmır. Türkiyəyə, o cümlədən, Azərbaycanın türk mənşəyinə qarşı kəskin dözümsüzlük nümayişi az qala hər addımda müşahidə edilməkdədir. Bu antiTürk dalğanın davamlı istiqamət alması isə həmin çıxışların “şəxsi fikir və təşəbbüs”ün olmadığı ehtimalını önə çıxarır. Xatırlayırsınızsa, bir müddət əvvəl Türkiyə prezidenti ölkəsinin təhlükəsizliyinin Naxçıvandan başladığı barədə fikirləri antiTürk xətdə dayananları çevik hərəkətə gətirmişdi. İran, Rusiya və türk düşmənçiliyi ilə seçilən digər dövlətlərə bağlılıqlarını gizlətməyən fərdlər Ərdoğanı operativ surətdə hədəfə götürərək, onu “işğalçılıq niyyəti”ndə günahlandırmağa başladılar. Daha sonra isə Qafqaz İslam Ordusunun komandanı, Bakı Fatehi kimi tarixə düşən, paytaxtımızı bolşevik-daşnak işğalından azad edən Nuru Paşa hədəfə götürüldü. Özü də hansısa anonim sosial şəbəkə istifadəçisi deyil, parlamentin deputatı Araz Əlizadə tərəfindən… Üzləşdiyi reaksiya nəticəsində Nuru Paşa haqqında fikirlərini korrektə etmək haqda düşünməyən Əlizadə növbəti açıqlamaları ilə rəngləri daha da “tündləşdirdi”. Bu tozanaq “yatmadan” səhnəyə Əlizadənin deputat həmkarı Arif Rəhimzadə çıx(arıl)dı. Rəhimzadə Rusiya mediasına müsahibəsində “azərbaycanlıların türk olmadıqlarını” iddia edib. Təbii ki, onun bu “kəşf”i də geniş ictimai qınaq doğurdu, Rəhimzadə yaşının bu çağında ən kəskin ifadələrə tuş gəldi. Ancaq o da Əlizadə kimi, sözlərinə əl gəzdirmək əvəzinə, “türk olmadığımız” barədə fikirlərini təkrarlayaraq, cəmiyyətə meydan oxudu.

Dünən isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yiğit Bulutun 2013-ci ildə “Türkiyə Xəzərə açılacaq” kimi konkret kontekstdə ifadə olunmuş sözləri türk düşmənlərini “yerindən oynadıb”. Maraqlıdır ki, 4 il əvvəl edilmiş bu çıxışı gündəmə gətirən İranın yarımrəsmi “Fars” agentliyidir. Bu fakt özlüyündə hər şeyi deyir.

Təbii ki, Aəzrbaycanda Türkiyəyə və Türk kimliyinə münasibəti nəzərə aldıqda, istər Əlizadənin, istərsə də Rəhimzadənin belə nümayişkar davranışlarının özfəaliyyət olmadığını düşünmək üçün əsas yaradır. Bu şəxslər öz təbiətləri etibarilə, çox ehtiyatla hərəkət edirlər və “Başla” komandası almasalar, ayın tarixini də açıqlamazlar. O halda, təbii sual yaranır, bu türk düşmənçiliyini körükləyənləri kim cəsarətləndirir və irəli buraxır?

Mövzunu Yeniçağ.Az-a şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin fikrincə, bu kampaniyanın icraçılarının yüksək ranq sahibi olması tendensiyanın daha yüksək səviyyədə yönləndirildiyinə şübhə yeri qoymur:

“Bölgədə və xüsusilə dünyada böyük geopolitik biçim baş verir. Qocaman dövlətlər sıradan çıxarılır, süni müharibələr yaradılır, dünya xəritəsinin demoqrafik xəritəsi təzədən yaradılır, qitələrin dini kontingenti yenilənir. Ekspertlər bu gedişlə təqribən 50 ilə tam fərqli dini, siyasi, hərbi, maliyyə, iqtisadi, texnoloji mənzərənin yaranacağını deyirlər. Əhali durmadan artır, resurslar tükənir, alternativlər axtarılır. Bəşəriyyət yeni dönəmə daxil olmaqdadır.
Belə qlobal çağırışların mövcudluğu bölgənin də siyasi dizaynına təsir edir. Təsirli güclər Cənubi Qafqazda da öz nüfuzlarını bərqərar etməyə can atırlar.

Azərbaycan sivilizasiyaların mərkəzində yerləşdiyindən, bizim uğrumuzda daim savaş gedib, bundan sonra da gedəcək. Azərbaycan Türk dünyasının ayrılmaz hissəsi olsa da, bugünkü İran coğrafiyası ilə tarixi bağlar bizi “fars dünyası”na çəkmək, 200 illik rus müstəmləkəçiliyi isə bizi “rus dünyası”na dartmaq üçün “əsas” verib. Əlbəttə ki, bölgəyə kənardan təsir etmək istəyən başqa etnik, dini, maliyyə mərkəzləri də bölgə uğrunda savaş içindədirlər. Bu dava bizim qovşaq olmağımızın mənfi təzahürləridir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra qlobal güclər bütün seqmentlər üzrə fəaliyyət göstərirlər. Türkiyənin faktiki müharibədə olmasının da kökündə eyni bəla durur. Türk dünyasının lokomotivi olan Türkiyə Cümhuriyyəti süni şəkildə müxtəlif istiqamətlərdə təcavüzün hədəfinə çevrilib. Sualda qoyulan hər bir məsələnin arxasında Türkiyə-Azərbaycan ittifaqına xələl gətirmək məqsədi güdülür. Kamuflyajlı müxtəlif dövrlərin agentura şəbəkəsi bütün səviyyələrdə yorulmadan fəaliyyətdədir. Etiraf etmək lazımdır ki, belələrinin imkanları və ranqları son illərdə son dərəcə gücləndirilib. Xalqın arasında çaşqınlıq hökm sürür. Belə ünsürlər tabana malik olmasalar da, imkanları zəiflədilmiş cəmiyyəti çaşdıra bilir. Ard-arda baş verənləri təsadüfi saymaq olmaz. Bu vahid məqsədə xidmət edən siyasi xəttin müxtəlif təzahürləridir. Şəbəkə hər vəchlə cəmiyyətdə toplumsal qeyri-müəyyənlik yaratmaqla Azərbaycanı müstəmləkə boyunduruğuna sürükləmək məqsədi daşıyır. İnşallah, keçməz.

Azərbaycan dövlətçiliyinin təşəkkül tapması üçün Türkiyənin son 100 ildə göstərdiyi qeyrət tərəfimizdən unudula bilməz. Azərbaycan yalnız Türkiyəyə söykənərək , onu gözləyən xətalardan yayına bilər. Türkiyə dövləti kənar gücləri çəkindirmək iqtidarında olan tutarlı dəlillərimiz və güc mənbəyimizdir, bu, həmişə olacaq”.

Araşdırmaçı yazar Aqil Ələsgər də düşünür ki, məqsədli şəkildə antitürk təbliğatı aparılır: “Bir məsələni unutmaq lazım deyil ki, Rusiyada tatar, rus, avar, kabardin nə qədər rusiyalı, Türkiyədə türk, kürd, laz, çərkəz, boşnaq nə qədər türkiyəlidirsə, Azərbaycanda yaşayan türk, talış, ləzgi, kürd, udin də o qədər azərbaycanlıdır. Biz türk olmağımızla yanaşı azərbaycanlı olmağımızla da fəxr edirik. Çünki bura mənim də, sənin də, onun da vətənidir. Nədən bu ölkənin vətəndaşı olan talış, ləzgi, kürd, udin qardaşım öz millətinin ismini çəkdiyi zaman multikulturalizm, türk isə “mən türkəm” dediyi zaman etnik separatizm olmalıdır? Bölgənin əsas etnosu nə üçün öz kimliyini ancaq “azərbaycanlı” olaraq, göstərməlidir? Təbii ki, biz azərbaycanlı olmaqdan heç vaxt imtina etməməklə yanaşı türk olduğumuzu da unutmadıq, unutmayacağıq da. Mən ölkəmin zənginliyi olaraq gördüyüm digər millətləri necə öz adı ilə qəbul etdiyim kimi, onların da məni öz Azərbaycan türkü adımla qəbul etməsində bir problem görmürəm. Eyni zamanda nəzərə almalıyıq ki, əgər Ulu Öndər “Bir millət, iki dövlət” deyərək, bizim türk olduğumuzla bağlı mübahisələrə nöqtə qoyub. Türkiyə türkləri olduği kimi Azərbaycan türkləri də var və hər iki dövlətdə bu etnos çoxluq təşkil etdiyindən Ulu Öndərimiz bu sözü söyləyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.