İstehlak “səbətimiz” bəlli oldu –Kibrit, 95 benzini, qızıl üzük siyahıdan niyə çıxarılıb?
8-03-2017, 20:38
Dövlət Statistika Komitəsi (DSK) istehlak səbətinin tərkibinə yenidən baxaraq, «istehlak xərclərinin strukturunu nəzərə almaqla» ona dəyişikliklər edib. Bu ilin əvvəlindən ölkədəki inflyasiya yeni «səbətə» uyğun ölçülür.
İndi bu siyahıda bir çox mallar, məsələn, kibrit və Aİ-95 benzini, 55 əyarlı qızıl üzük yoxdur. İstehlak səbətinin tərkibinə dair Azadlıq Radiosunun sorğusuna cavablarkən, DSK-da belə deyiblər.
YARMA, ƏDVİYYAT, ŞƏRAB…
Səbətdən kənarda qalan azuqələr arasında yulaf və arpa yarması, quru süd, kefir, konservləşdirilmiş göbələk, darçın, hil, bitki çayı və tünd şərab da var.
ƏSAS «ZƏRBƏ» KİŞİLƏRƏ DƏYİB
İndən belə inflyasiya hesablanarkən, kişilər üçün dəridən kürk, isti astarsız palto, dəri gödəkcə, yun və sintetik parçadan hazırlanmış kostyumlar nəzərə alınmayacaq. DSK qadınların dəri gödəkcəsini, astarlı kostyum və çimərlik dəstini də səbətdən çıxarıb. Azyaşlı və məktəbli oğlanlar üçün yay kostyumu, eləcə də təmiz yun parça, yarımyun kamvol parça və trikotin parça da səbətdən kənarda qalıb.
«SIRADAN ÇIXMIŞ» TİKİŞ MAŞINI
Texniki inkişafın gerisində qalan bəzi elektrik məişət cihazları da, obyektiv olaraq, səbətə düşməyib. Bunlar maqnitofon-pleyer və stereosistemlərdir. Bu da var ki, tikiş maşınının siyahıdan çıxarılması sual doğurur.
DSK dəyişiklikləri əsaslandırmır və açıqlama vermir. Bu səbəbdən, məsələn, açarların hazırlanması, yataq ağlarının yuyulması, markalı zərflərin poçtla göndərilməsi, eləcə də bank xidmətinə görə vətəndaşların çəkdiyi xərcin istehlak səbətində niyə əksini tapmadığı suallı qalır. DSK inflyasiya hesablanarkən, restoranların yeməklə təminat xidmətlərini də nəzərə almayacaq.
GÜRCÜSTANIN «AÇIQ SƏBƏTİ»
DSK-da istehlak səbətinə daxil mal və xidmətlərin istehlak xərclərində xüsusi çəkisini Azadlıq Radiosuna təqdim etməyib və bunun yalnız xidməti istifadə üçün olduğunu bildiriblər. Amma qonşu Gürcüstanda istehlak səbəti açıqlanarkən, orada hər bir mal və xidmət üzrə istehlak xərclərinin xüsusi çəkisi ayrı-ayrılıqda ictimaiyyətə açıqlanıb.
Yeri gəlmişkən, bu il Gürcüstanda da istehlak səbəti yenilənib. Hazırda orada 12 yarımqrupa bölünməklə 305 adda mal və xidmət çeşidi var.
YENİ SƏBƏT DƏRMANLA «DOLDURULUB»
Bəs səbətə nələr daxil edilib? Buraya, əsasən, 9 adda dərman vasitəsi (validol, aspirin, Panadol/paracetamol, analgin, Voltaren/diclofenac, kaptopril, ampisilin, biseptol və almodipine) daxildir.
Nəhayət, bəzi ödənişlər də səbətə düşə bilib. Söhbət özəlləşdirilmiş mənzillərin yerləşdiyi ev və ya sonradan tikilmiş kooperativ binaların saxlanılması üçün ödənilən xidməthaqqından və orta ixtisas təhsili müəssisələrində təhsilhaqqından gedir.
BƏS BU SƏBƏT NƏYƏ LAZIMDIR?
İstehlak səbəti istehlak qiymətləri indeksinin – inflyasiyanın və ya deflyasiyanın hesablanmasından ötrü tərtib edilir. Buraya ərzaq və qeyri-ərzaq məhsulları, ev əşyaları və onların təmiri, əhaliyə göstərilən kommunal, nəqliyyat, təhsil, səhiyyə xidmətləri, əyləncə xərcləri və s. daxildir.
Bunadək istehlak səbətinin tərkibinə 2011-ci ildə baxılmış və oraya 565 adda mal və xidmət daxil edilmişdi. İndi onların sayı 520-yə salınıb. Bunların 151-i ərzaq mallarıdır.
İstehlak səbətinə reprezentativ olaraq həm kütləvi istehlak tələbatı duyulan mal və xidmətlər, həm də vacib olmayan, ancaq bir çox adamın yararlandığı ayrı-ayrı mal və xidmətlər (zərgərlik malları, xəz, sərnişin avtomobilləri və onlara texniki xidmət və s.) daxil edilir.
Metodologiyaya görə, yeni mal və xidmətlər onların alışına çəkilən xərclərin payı əhalinin ümumi istehlak xərclərindən 0.01 faizdən az olmadığı halda istehlak səbətinə salınır. (Azadlıq radiosu)