Qanun layihəsi beynəlxalq cinayətkarların harada olmasından asılı olmayaraq məsuliyyətə cəlb olunmalarına imkan verir - Bahar Muradova
9-03-2017, 10:19
Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılmaya dair yeni hazırlanan qanun layihəsi cinayətkarların hansı ölkədə olmasından, cinayətin nə zaman baş verməsindən, cinayətkarın harada gizlənməsindən asılı olmayaraq, onların cinayət məsuliyyətinə cəlb olunmasına imkan verir.
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Vitse-spikerin sözlərinə görə, beynəlxalq cinayətlər, onların qarşısının alınması və cinayətkarların cəzalandırılmasına dair yeni qanun layihəsi Prezident yanında QHT-lərə Dövlət Şurası tərəfindən dəstəklənən qrant layihəsi çərçivəsində qeyri-hökumət təşkilatının təşəbbüsü ilə hazırlanıb: “Layihənin ilkin variantı hazırdır. Artıq layihəyə beynəlxalq ekspertlərin, müvafiq qurumların rəylərinin verilməsi, bu və ya digər təkliflərin nəzərə alınması mərhələsinə qədəm qoyulur”.
Layihənin MM-in müzakirəsinə nə zaman təqdim ediləcəyinə gəldikdə, B.Muradova qeyd edib ki, bununla bağlı fikir söyləmək hələ tezdir.
Vitse-sipkerin sözlərinə görə, layihəyə beynəlxalq ekspertlər, müvafiq qurumlar rəy verdikdən və şurada dəstək aldıqdan sonra onun parlamentin müzakirəsinə qəbul edilməsi barədə düşünmək olar: “Bu, həm də layihənin təqdim olunduğu beynəlxalq qurumların mövqeyindən asılıdır. Onlar rəylərini nə qədər tez verəcəklərsə, qanun layihəsi də bir o qədər tez mükəmməl layihəyə çevrilə bilər. Ancaq hər halda layihə MM-in müzakirəsinə müəyyən müddətdən sonra verilə bilər. Çünki hazırda layihənin 2-ci hissəsinin reallaşdırılacağı gözlənilir. QHT-lərə Dövlət Dəstəyi Şurası qərar verdikdən sonra layihənin 2-ci fəaliyyət hissəsi başlanacaq”.
B.Muradova beynəlxalq ekspertlər və müvafiq qurumların layihəyə gözlənilən rəy verəcəyinə də ümid etdiyini deyib.
Qeyd edək ki, beynəlxalq cinayətlər deyildikdə soyqırım, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur.