50 qəpiyə satılan it ətindən hazırlanan kolbasa – Azərbaycanda

4-04-2017, 00:44           
50 qəpiyə satılan it ətindən hazırlanan kolbasa – Azərbaycanda
Azərbaycanda ətin qiyməti günü-gündən qalxsa da, ət məhsulu hesab edilən kolbasa və sosiskaların qiymətində heç bir artım müşahidə edilmir. Sümüklü ətin qiyməti təxminən 12-15 manat arasında dəyişilir. Piştaxta arxasında isə hətta, 4 manata kolbasa tapmaq olar. Xüsusən də, 8-ci kilometr bazarı ətrafında böyük və keyfiyyətsiz kolbasa biznesi qurulub. Bir ədədi bir manata satılan bu cür kolbasalar görəsən hansı ətdən istehsal edilib?
Cebhe.info-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəyə Hindistandan kolbasa üçün ət gətirilir. Bunun da qiyməti nə az, nə çox 3 və 3 manat 50 qəpik arasında dəyişilir:
“Əksər hallarda kolbasa yerli və təzə ətlərdən hazırlanmır. Ölkədə satılan kolbasa məhsullarının böyük əksəriyyətinin tərkibi Hindistandan gətirilən ət məhsullarından ibarətdir. Biz buna 100 faiz əminik. Bu cür ətlərin kilosu 3 manata ölkəyə daxil olur. Bəzən istehlakçını aldatmaq məqsədi ilə kolbasanın üzərinə heç nə yazılmasa da, qeyd edə bilərəm ki, onun tərkibində digər inqridentlərlə yanaşı soyadan da istifadə edilir. Xüsusən də soya unundan geniş istifadə olunur”.
E.Hüseynovun sözlərinə görə kolbasanın qiymətinin aşağı olması gətirilən ətin ucuz və keyfiyyətsiz olması ilə əlaqədardır. Kolbasada heyvanın istehlaka yararsız olan hissələrindən də istifadə edilir. Heç şübhəsiz ki, ölkədə satılan kolbasa məhsullarının bir qismi it ətindəndir. E.Hüseynov da bu qənaətdədir. Həmsöhbətimiz ölkədə qeyri-qanuni fəaliyyət göstərən kolbasa sexlərindən də söz açıb:
“Mütəmadi olaraq Koroğlu metrosu ətrafında yerləşən kolbasa sexləri haqda məlumatlar daxil olur. Əlbəttə, bu cür sexlərdə kilosu 50 qəpiyə alınan, leş yığanların verdiyi, mundar hesab edilən ətlərdən kolbasa istehsal edilir. İstisnasızdır ki, istehsalda at, eşşək əti ilə yanaşı it ətindən də istifadə edilir”.
Əlbəttə ölkədə qida təhlükəsizliyi haqqında qanun olmadığı üçün at, it əti yemək məcburiyyətində qalırıq. Qanun olmayan yerdə isə cinayət olar:
“Fevralda prezident qida təhlükəsizliyi haqda fərman imzaladı. Düşünürəm ki, gələn ildən etibarən bu məsələ də nizama salınacaq”.
Maraqlıdır, ümumiyyətlə ölkədə qida təhlükəsi olmayan kolbasalar satılırmı? E.Hüseynovun sözlərinə görə yalnız 3 firma standartlara cavab verir:
“Azad İstehlakçılar Birliyinin Qida Təhlükəsizliyi nişanı verdiyi 3 şirkət var ki, onlar tam nəzarətdədir. İstehsalçı firmalar “Sab”, “Sevimli Dad” və “Min Bərəkət”-dir. Bu firmaların qapıları hər zaman monitorinqlərə açıqdır, burada heç bir təhlükəli məhsul istehsal edilmir”.
Maraqlıdır ki, bu firmaların da istehsal etdiyi məhsullar digərləri kimi ucuzdur:
“Düzdür, bu məhsullar ucuzdur. Bu firmaların kolbasaları üçün ət Hindistandan gətirilir. Ucuz məhsul olsa da, heç bir qida təhlükəsi yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.