Mehriban Əliyeva: “Aprel hadisələri Azərbaycan xalqının birliyini göstərdi”
4-04-2017, 08:06
“Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi. Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü zamanı deyib.
“Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib və Azərbaycan bu işğala heç vaxt dözməyəcək. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək verməyin. Heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq”, deyə M.Əliyeva bildirib.