Nazir oğlunun borclu qaldığı əcnəbi qadınlar - 3 milyon dollar nə vaxt ödəniləcək?
4-04-2017, 20:59
Bildiyiniz kimi “Azəryol” voleybol klubu fəaliyyətini dayandırıb. Klub dağılmaqla bağlı qərarını 6 aya yaxındır ki, verib. Ancaq nədənsə, rəhbərlik bu barədə rəsmi açıqlamanı bir neçə gün (1 aprel) öncə yayıb.
Yeniçağ.az klubun fəaliyyətini dayandırması ilə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, 1 ildən çox idi ki, Ziya Məmmədov “Azəryol”, oğlu Anar Məmmədov isə “Lokomotiv”klublarının himayədarı imiş.
“Azəryol” da “Lokomativ” kimi eyni səbəbdən – borc üzündən bağlanıb. Belə ki, klubun voleybolçulara 1 illik maaş borcu var.
Borcunu verə bilməyən klub rəhbərləri voleybolçulara dağılışmaq barədə göstəriş veriblər. Deyilənə görə, hazırda klubun borcu 3 milyondan çoxdur. Heyətdə 10-a yaxın legioner olub. Yerli voleybolçular isə 2-3 nəfərdir. Məlumatı ötürən şəxs bildirir ki, yerli voleybolçulara ödənilən aylıq məvacib təqribən 4 min manata yaxın olub.
“Bakılılar” son vaxta qədər federasiyanın da yardımı ilə köhnə borclarının çox cüzi miqdarını qaytara biliblər. Ancaq klub rəhbərliyi külli miqdarda olan borcun üzərinə əlavə miqdarın da gəlməməsi üçün bu addımı atıblar. Rəhbərlik “Azəryol”dan gedən voleybolçulara söz verib ki, pullarını hissə-hissə qaytaracaq. Buna görə də bir az səbr etmələri xahiş olunub. Voleybolçular da xahişi və verilən vədi nəzərə alaraq hələ ki, məhkəməyə üz tutmayacaqlarını bildiriblər. Qeyd edək ki, klubun borclu olduğu idmançılardan biri də Yovana Brakoçeviçdir.
Serbiyalı voleybolçu “Azəryol”a Türkiyənin “Vakıf Bank TT” klubundan transfer edilib. Əldə etdiyimiz məlumata görə, Avropa çempionu, Dünya və Olimpiya mükafatçısı “qara-qırmızı”larla 400 min manat qarşılığında anlaşıb.
Klubun borcu olduğu voleybolçulardan biri də Lora Kitipova olub. O, 2013-cü ildə Almaniyanın “VC Stuttgart” klubundan “bakılılar”a keçid alıb. İddiaya görə, üçqat Avropa Liqasının mükafatçısı Azərbaycan klubuna nisbətən ucuz qiymətə razılaşıb – 230 min …
Təbii ki, bu borclar Ziya Rəcəbov kluba məşqçi gəlməmişdən öncə (2015-ci ilin sonları) olub. Rəcəbov “Azəryol”a baş məşqçi təyin olunduğu zaman maddi durumu nəzərə alaraq yerli idmançılara müraciət edib.
Xatırladaq ki, Ziya Rəcəbov kanalların birinə müsahibə verdiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı.