Qeydiyyatsız diaspor, Söyün Sadıxov və gözütox “babulya”...
5-04-2017, 09:22
İİ Yazı
Moskva son reytinq cədvəllərində də dünyanın ən bahalı 15 paytaxtından biri olaraq qalıb. Daşınmaz əmlakdan xidmətə qədər bütün qiymətlər “yanır”. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını 3 ildir böhran həddində saxlayır. 2014-cü ildə 1 dollar 33 rubl nisbətindəydi. Milli valyuta bugünlər son 3 ildə ən bahalı məzənnəsinə çatsa da, 1 dollar yenə aşağı-yuxarı 60 rubla bərabərdir. İqtisadçıların müşahidələrinə görə, Rusiyanın maliyyə siyasəti azad bazar qaydalarına tamamilə uyğundur. Bir az da sadələşdirsək, Rusiyada Azərbaycandakı kimi adını “üzən məzənnə”qoyub milli valyutanın dəyərini inzibati metodlarla müəyyən eləmirlər. Məzənnə banklararası valyuta birjasındakı hərracda şəffaf qaydada formalaşır.
Rusiya-Qərb münasibətlərində maraqlı bir məqam da Rusiyanın Avropa mallarına hər hansı sanksiya uyğulamamasıdır. Ukraynaya hərbi təcavüz başa çatmayana qədər Qərb Rusiyanın beynəlxalq maliyyə strukturlarına girişini bağlayıb, bir sıra məhsulların, o sıradan texnoloji avadanlıqların gətirilməsinə qadağalar qoyub, Rusiya isə daxildə istehsalı olan heç bir məhsulun ölkəyə girişini yasaqlamayıb.
Maraqlıdır ki, Qərbin sanksiyaları Rusiyanın qida sektorunu stimullaşdırıb. Rusiya daxildə Avropa məhsulları ilə rəqabət aparacaq ərzaq məhsullarının istehsalı üçün iş adamlarına çox uyğun şərait yaradıb – yeni sahələrin yaradılması üçün uzunmüddətli, aşağı faizli kreditlər ayrılıb. Şəffaf... “şapka”sız. Bazara çıxarılan keyfiyyətli yerli məhsul qısa zamanda daha bahalı xarici ərzaqları sıxışdırıb, beləliklə də Avropa qida sektorunun bir sıra brendləri nəhəng gəlir gətirən Rusiya bazarını itirib. Avropa hələlik Rusiyaya tətbiq etdiyi sanksiyaların tərs üzündən – öz itkilərindən həvəslə danışmasa da rəqəmlər qarşılıqlı ziyanın da az olmadığını göstərir.
Rusiyanın tədbirli davranması artıq ÜMD-də görünməyə başlayıb. 3 ildir 0-dan tərpənməyən artım tempi 1,5 faiz-ə yaxınlaşır.
“Nadinc” Rusiya son illər yalnız Avroatlantik məkanla gərginlik yaşamır. Suriya sərhədində Türkiyənin vurduğu hərbi uçağa görə Ankara ilə də münasibətlər bir müddət soyudu. Kreml həmin dönəm ən sərt tədbirlərə əl atdı – Türkiyə ilə bütün iqtisadi əlaqələr dayandırıldı, hətta məsələ türkiyəli tələbələrin ali məktəblərdən çıxarılmasına qədər irəlilədi. Ancaq siyasətdə əbədi dostlar olmadığı kimi, əbədi düşmənlər də yoxdur – münasibətləri maraqlar tənzimləyir. Bu maraqların diktəsi ilə ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər etdi, prezident Putinlə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu. Ancaq hansısa səbəblərdən Vladimir Vladimiroviç Ərdoğanın Türkiyə şirkətlərinin Rusiyadakı fəaliyyətinin bərpa edilməsi istəyinin üzərindən keçdi. Hələ də qadağalar qüvvədədir. Səfərdən bir aya yaxın zaman keçməsinə baxmayaraq Türkiyədən Rusiyaya bir tağ pomidor da keçmir. Yəni birbaşa keçmir... Dolayı yollarla isə ticarət dövriyyəsi davam edir.
Rusiya-Türkiyə iqtisadi münasibətlərinin pozulması Belorus iş adamları üçün yeni imkanlar açıb. İndi Türkiyənin kənd təsərrüfatı məhsulları Bolqarıstandan keçməklə Doğu Avropanı dolanıb Belorus sərhədindən Belorus məhsulu kimi Rusiya bazarına daxil olur. Söhbət bitki yağlarından, tərəvəzlərə, sitrus meyvələrinə qədər onlarla adda məhsulun dəyəri milyardlarla ölçülən dövriyyəsindən gedir. Rusiya bazarları bu gün Türkiyədə istehsal edilən və Belorusdan idxal olunan məhsullarla zəngindir. Bu dolayı yolun haqqını isə təbii istehlakçılar ödəyir.
Moskvada ərzaqlar da, xidmətlər də bahadır. Mağazalarda Bakı paxlavasından Mozambik yemişinə qədər nə arzulasan, tapılar. Moskva ərzaqlarının “gözü”nü şəhərin həm də tarixi məkanı olan “Yeliseyevski” mağazasından da tapmaq olar. Kiloqramı bizim valyutaya çevirsək, 23-27 manat arası olan kolbasaların, sosislərin, 20 manatdan aşağı olmayan konfetlərin dadı mükəmməldir. Ağartı, dəniz məhsulları, spirtli, spirtsiz içkilər, konservlər, şirniyyatlar, çörəklər, yarımfabrikatlar... hamısı keyfiyyətin ta özü... Moskvada, Kiyevdə, Almaniyada kolbasa məhsulları yeyəndən sonra həmişə düşünürəm, görəsən, Azərbaycanda “kolbasa məhsulları” adı ilə istehlakçıya sırınan əslində nədir?
Restoran və kafelərdə də qiymətlər kəllə-çarxdadı. Rus mətbəxini bəyənməyib (guya orda nə var...) türk restoranına getdik, 2 nəfərlik yüngül nahara təxminən 60 manat ödədik.
Restoran demiş, biz axı, Moskva restoranlarından birində “Azərros”un keçmiş prezidenti Söyün Sadıqovu da gördük. Əslində Azərbaycan jurnalistlərinin Moskvaya səfərinin təşəbbüsçüsü o idi. Razılaşmaya görə o, Moskvada diaspor məsələləri ilə bağlı geniş açıqlamalar verəcəkdi, bir sıra ilginc məqamlara işıq tutacaqdı. Bizim də bir xeyli suallarımız vardı. Ancaq 5 günlük səfər boyu Söyün Sadıxovu yalnız bir dəfə gördük. Ümumi söhbət zamanı Borçalıdan vurdu Azərbaycanın mediasındakı şou xəbərlərdən çıxdı, ancaq mətləb üstünə gəlmədi ki, gəlmədi. Səbəbi haqda versiyalar çoxdur... Qonşu masadakı dostlarını yola salmaq adı ilə məclisi tərk edən Sadıxov söz verdi ki, saat yarım sonra geri dönəcək. O saat yarım-bu saat yarım, adamı 4 gün gözlədik. Arabir Messenger və Whatsapp-da göründü, bizə sınmış bilgisayarımızın yerinə müvəqqəti noutbook göndərəcəyini vəd etdi, bu gün dedi - sabah, sabah da dedi sabah, beləcə bizim uçağımızın vaxtı çatdı...
Hər şeyi anlamaq mümkündür – bir quruluş dağılıb ölkə digər formasiyaya keçəndə təsadüfi insanların şans əsəri əlinin pula çatmağını da, iri kapitalın insanda özünüqoruma instinktini gücləndirdiyini də... Ancaq prezident Putinin təsadüfi insanları özünün millətlərarası məsələlər komitəsində görmək istəyini anlamaq xeyli çətindir. Özü də yetərincə sanballı alternativlər olduğu halda...
Rusiyadakı Azərbaycan diaspor təşkilatlarına gəlincə, öncə gözünüzün qarşısına böyük bir boşluq gətirin, sonra o boşluğun kənar-bucağında ətalətdə olan cismlər düşünün. Bax, həmin o cismlər özünü Azərbaycan diaspor təşkilatı adlandıran qurumlardır. Heç bir ciddi fəaliyyəti olmayan bu qurumları Rusiyada uzun illərdir yaşayanlar belə tanımır. Fəaliyyətləri isə Xocalı faciəsinin ildönümündə və Novruzda özümüzünkülərdən ibarət mərasimlər düzənləyib AzTV-dən çəkiliş qrupu gözləməkdən o yana keçmir.
Moskvanın aparıcı təhsil ocaqlarında çalışan bir neçə həmyerlimizdən diasporlar haqqında soruşanda qarşılıqlı sualları o qədər də gözlənilməz olmadı – “onlar var ki?” Düz deyirlər, yoxdur. Rəsmən də yoxdurlar. Rusiya Ədliyyə Nazirliyi özünü diaspor təşkilatı adlandırıb Azərbaycan hökumətindən ciddi dəstək alan qurumların heç birini qeydiyyatdan keçirməyib. Bir ofis kirayələyib, hər gün o ofisə kostyum və qalstukda gəlib hədəfi ancaq Azərbaycanda “gözə görünmək” olanların işini necə diaspora fəaliyyəti adlandırmaq olar? Nə bir tələbəmiz, nə bir əmək miqrantımız, nə hər hansı səbəbdən Rusiyada problem yaşayanımız bu icmadan dəstək görməyibsə, onun saxlanmasının anlamı nədir? Bir neçə il Rusiyadakı diasporların işini yaxından izləmək imkanı olan həmsöhbətimizin müşahidələri əslində yalnız Rusiyadakı yox, dünyanın bir çox ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının mahiyyətini açır:“Bilirsizmi, Azərbaycan diasporunda nə qədər gənc vaxt öldürür? Onlarla insan var ki, yaşları 35-ə çatıb, evlənmirlər – karyera qurmaq üçün Bakıdakı yüksək vəzifəlilərin ailələrindən subay qızlarla tanışlıq üçün fürsət gözləyirlər. Azərbaycan diasporunda çalışanların ən böyük arzusu isə Azərbaycanda vəzifəyə getməkdir”.
Bax belə... Bunca absurd...
Amma biz Moskvada çox dəyərli insanlar da gördük. Qətiyyən reklam tələb etmədən dostcasına bizə saysız informasiya verənlərə, Rusiya paytaxtında yaşayan önəmli şəxslərlə görüşdürənlərə, gələcək işbirliklərinin əsasını qoyanlara bir daha təşəkkür edirik.
Xüsusi bir minnətdarlığımı isə Rusiya paytaxtında uzun illərdir taksiçilik edən Rafiq Əliyevə bildirmək istəyirəm. Bakıdan olduğumuzu biləndən sonra israrlarımıza baxmayaraq heç də az olmayan gedişhaqqını almadı, üstəlik Moskva həyatı ilə bağlı xeyli informasiyanı bizimlə paylaşdı. Bununla da yetərlənmədi – ayrılanda şərqli ədası ilə “nə zaman gəlsəz, qulluğunuzdayam”la yola saldı bizi.
6 günlük səfər boyu məni ən mütəəssir edən isə bir rus “babulyanın” davranışı oldu. Metroya minmək üçün həmkarım Yana Madatova ilə bilet sırasına durmuşduq. Yaşlı bir qadın yaxınlaşıb “siz iki biletə 110 rubl verəcəksiz (təxminən 2 dollar), 100 rubla sizi öz kartımla keçirə bilərəm” dedi. Əlimizdəki 110 rublu versək də 10-u almadı (2 sent)... Bir çox ölkələrdəki kimi Rusiyada da ongünlük, aylıq biletlərdə gediş qiyməti birdəfəlik biletlərdən ucuzdur. Rusiyada valyutanın dəyərdən düşməsi aztəminatlı təbəqəni ağır duruma salıb.
Hərə əlindəki qəpik-quruşu bir şəkildə dəyərə mindirmək üçün çapalamaqdadır. Pensiyaçılar üçün çıxış yollarından biri 1 gediş 45 qəpikdən hesablanan aylıq gediş kartları alıb turistlərə 55 qəpiklik gedişi 50 qəpikdən təklif etməkdir. Görün durum nədir ki, arada yaranan 2 sentlik fərq qazanc hesab olunur. Təsəvvür edirsiz, yaşlı insanlar gündə 1-2 dollar qazanmaq üçün neçə saat ayaqda durmalıdırlar? Hekayə hələ bitməyib... Qadın bizi turniketdən keçirir və biz eskalatora doğru getmək yerinə yanlış girişə daxil olub yenidən çıxışa gəlirik... Təkrar bilet almaqdan başqa çarə yoxdur. Birdən yenə həmin qadın: “Axı, sizi 5 dəq qabaq yola saldım?..”. Gülümsəyirik: “Belə alındı...”. Bizi sıradan çıxarır, metro görəvlisinin yanına aparır, kartı xüsusi qurğuda yoxlatdırıb az öncə 2 gediş çıxıldığını sübut edir, qonaq olduğumuzu, yolu tanımadığımız üçün yanlışlıqla stansiyadan çıxdığımızı deyir, turniketdən ödənişsiz keçirir... Qələbəlikdə əlimizdəki pulu ona nə qədər uzatsaq da almır. “Nə danışırsız? Ödəmisiz. Yaxşı yol”... “Axı, siz vaxt itirdiz, başqa turist tapa bilərdiz”... “Allah göndərəcək”. Gülümsəyib gedir... Heç sevmədiyim Moskvanın “buzu” bu yaşlı və gözütox qadının alicənab hərəkəti ilə yumşalmağa başlayır sanki...
Hələlik, Moskva. Yaxşıların tükənməsin...
Aygün Muradxanlı