Qeyri-leqal var-dövlət qazananların aktivləri dondurulacaq - Qanuna dəyişiklik
5-04-2017, 15:40
Bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası açan parlament Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barəsində məlumat verib.
Əvvəlcə komitə üzvləri “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə ediblər. Bildirilib ki, aparılan dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.
İclasda “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb. Sənədi şərh edən Z.Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı, yeni 7.11-ci maddə əlavə edilib. Qeyd olunub ki, yeni maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti müəyyənləşdiriləcək.
Sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Birinci vitse-spiker bildirib ki, müzakirə edilən sənədlər mahiyyət baxımından bir-biriləri ilə bənzərlik daşıyırlar. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Belə ki, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivləri dondurulacaq.
Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərarı verilib.