Axtarışda olan “Akula” Akifin gizləndiyi yer açıqlandı
6-04-2017, 10:03
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Dünən proses, demək olar ki, bütünlüklə “Real” MTK-nın həmtəsisçisi, zərərçəkən İlham Qasımovun iddiası üzrə epizoda həsr olundu. Xatırladaq ki, zərərçəkən özü dələduzluğa görə 13 il müddətinə həbs olunub və məhkəməyə konvoy vasitəsilə gətirilir.
Akif Çovdarov zərərçəkəndən 5 dəfəyə 1 milyon dollar pul alıb
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, zərərçəkən İlham Qasımovun sözlərinə görə, 2007-ci ildə ona xəbər veriblər ki, həmtəsisçisi olduğu “Real” MTK-nın ofisindən iki nəfəri MTN-ə aparıblar. “Nazirliyə yollandım, mənə xəbər verdilər ki, mənzili dollarla satdıqlarıa görə MTK-nın icraçı direktoru ilə digər məsul işçisini saxlayıblar. Məndən onların azad olunması üçün 250 min dollar tələb olundu. Pulu verdim, uşaqları buraxdılar”, - İ.Qasımov bildirib.
O, sözlərinə belə davam edib: “Bundan sonra 2009-cu ildə eyni hadisə yenə baş verdi. Rauf adlı bir keçmiş polis işçisi var, mənim tikdiyim binada mənzili göstərib ki, bu ev mənimdir. Məni MTN-ə çağırdılar ki, tapşırıq yuxarıdan verilib, sən bu adama ev “atmısan”. 150 min dollar evin qiyməti, 100 min dollar da cinayət işinin açılmaması üçün gətirməlisən. Məcbur olub o pulu da verdim”.
“Yadımda deyil, hansı il idi, xarici bir şirkətlə iş görürdük, Venesuelaya mal göndərməli idik. 1 milyon 200 min dollarlıq mübahisəli məsələmiz var idi. Bu işə görə bizi yenə də MTN-ə çağırdılar. Mənə dedilər ki, xarici şirkətə “pul atmısınız”. Heç cür başa sala bilmədim ki, bu iş bağlanıb, şikayət edən adam da əl çəkib. 200 min dollarımı alıb buraxdılar”, - İlham Qasımov deyib.
“2013, ya da 2014-cü il idi. Oğlum Nurlan yoxa çıxmışdı. 5-6 saat ərzində oğlumu tapa bilməyəndən sonra MTN-lə bizim aramızda vasitəçilik edən “Akula” ləqəbli Akif Mustafayevə zəng etdin ki, uşağı tapa bilmirik. Az sonra mənə xəbər gəldi ki, oğlum MTN-dədir. Dedim niyə tutmusunuz? Dedilər, narkotik aldığına görə. İnanmadım, çünki oğlum idmançı idi. Dedim, qanını analizə verin. Əgər narkomandırsa, tutun, çünki belə oğul mənə lazım deyil. Narkoman deyilsə, buraxın. Mən bu işə görə pul verməyəcəyimi dedim, lakin böyük oğlum araya girdi, aparıb 50 min dollar vermişdi”, - zərərçəkən sözlərinə davam edib.
Daha bir epizod həmin hadisədən bir qədər sonra baş verib. İlham Qasımov deyib: “Bacım oğlunun “Sofiya” şadlıq evində toyu idi. Moskvadan qonaqlarım gəlmişdi. Toyun düz ortasında bir qrup MTN əməkdaşı hücum edərək Rusiyadan gəlmiş qonaqlarım Tofiqlə Namiqi tutmaq istədilər. Tofiqi qadınların arasında gizlədə bildik. Namiqi xeyli döydükdən sonra tutub apardılar.
Məlum oldu ki, Namiqi sürücüsü Gülağa ilə birlikdə narkotik işinə görə tutublar. Yenə Akif Mustafayevə zəng etdim, 300 min dollara razılaşdıq”.
Ümumilikdə, 5 epizod üzrə zərərçəkən Akif Çovdarova 1 milyon 50 min dollar pul verdiyini deyib və indi həmin vəsaitləri geri tələb edir.
“Akula” Akif kimdir və harada gizlənir?
Zərərçəkən İlham Qasımov ifadəsində bildirib ki, onlarla MTN arasında bütün işlərdə vasitəçiliyi “Akula” ləqəbli Akif Mustafayev edib. “Sonradan məlum oldu ki, elə bizim evimizi yıxan Akif özü olub”, - zərərçəkən deyib.
Haşiyə çıxaraq bildirək ki, MTN-in ləğvi və vəzifəli şəxslərinin həbsindən dərhal sonra Akif Mustafayev ölkəni tərk edib. Bir müddət sonra o, İspaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, azad edilib.
İfadəsində İlham Qasımov əminliklə bildirib ki, hazırda Akif Mustafayev Moskvadadır və orada yaşayır: “Onun dəqiq ünvanını bilmirəm, amma həbsxanada olsam da, bilirəm ki,. Akif Moskvadadır”.
Zərərçəkən əlavə edib ki, həbsxanada olsa da, telefonu da var və hamı ilə əlaqə saxlaya bilir. “Qolunuzda saatınızın olmasından da görünür ki, telefonunuz da ola bilər”, - vəkil Kamandar Nəsibov bildirib.
MTN-ə verdiyi pulların mənbəyi barədə sualı cavablandıran İlham Qasımov 500 milyon dollar pulunun olduğunu və bu məbləğlərin onun üçün elə də böyük olmadığını bildirdi.
Epizod üzrə İlham Qasımovun cangüdənləri Xəyal Piriyev və Aqil Cəfərov, bacısı oğlu Sənan Səmədli, sürücüsü Elşən Məmmədov şahid qismində ifadə verdilər və zərərçəkənin ifadəsində bildirdiklərini təsdiqlədilər.
MTN-in əməliyyatı: narkotik hara yoxa çıxdı?
Keçmiş MTN əməkdaşları, “Sofiya” şadlıq evinin yaxınlığında həyata keçirilmiş əməliyyatda iştirak etmiş Elnur İbrahimov və Kənan Şükürlü şahid qismində ifadə verərək bildirdilər ki, MTN-ə Fuad Nəcəf adlı şəxsin Almaniyadan kokain narkotik vasitəsinin gətirdiyi barədə məlumat daxil olub.
“Sofiya” şadlıq evində İlham Qasımovun bacısı oğlunun toyu keçirilən gün müəyyən edilib ki, Ağa adlı şəxs şadlıq sarayında Namiqə yaxınlaşaraq pul götürüb və həmin pula Fuad Nəcəfdən narkotik vasitə alıb. Narkotik Namiqə təhvil verilən vaxt MTN əməkdaşları Namiqi, Ağanı və sürücü Gülağanı saxlayıblar.
MTN-də onların üstündə narkotik tapılmadığı üçün sərbəst buraxılıblar.
Zərərçəkmişin nümayəndəsi şahidə sual verib: “Necə olur ki, narkotik ötürənlə ötürülən adamı saxlayırsınız, amma üstündə narkotik tapılmır?” Buna cavab olaraq şahid bildirb ki, yəqin saxlanan zaman Namiq narkotiki harasa tullayıb.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın bazar ertəsi, aprelin 10-da keçiriləcəyini elan etdi.