MSK rəsmisindən milyonlarla mənimsəmə ittihamına cavab
8-04-2017, 09:43
Mikayıl Rəhimov: “O bülletenlər Milli Məclisin mətbəəsində birbaşa dövlətin nəzarəti altında çap edilib”
Mərkəzi Seçki Komissiyasında (MSK) milyonlarla pulun mənimsənilməsi barədə şok məlumatlar yayılıb. “AzadlıqRadiosu”nun saytında bununla bağlı gedən yazıda ötən ilin sentyabrındakı referendumda MSK-nin külli miqdarda pulu yoxa çıxardığı göstərilib.
Referendumla bağlı çap olunan bülletenlərin hər birinin 1 manat 72 qəpiyə başa gəldiyi bildirilir. MSK bu məbləği Milli Məclisin Aparatının mətbəəsinə ödəyib. Burada söhbət 5 milyon 270 min 613 seçici sayı qədər çap edilən bülletenlərdən gedir. Təkcə çap işlərinə sərf olunan 9,1 milyon manatdır. Kağız alınmasına da xeyli vəsait xərclənib.
Referendumla bağlı vəsaitlərin əsas hissəsi çap işlərinə sərf olunub. Milli Məclisin mətbəəsinə bu məqsədlə ümumi dəyəri 15.7 milyon manatdan çox olan 9 sifariş verilib. Təkcə seçicilərə paylanan əl boyda bildirişlərin çapı üçün 1 milyon 557 min 872 manat 58 qəpik ödənilib. MSK ilə parlamentin mətbəəsi arasında razılaşma belədir:
- 1 ədəd səsvermə bülleteni - 1 manat 72 qəpik;
- 1 ədəd səsvermənin yeri və vaxtı barədə bildiriş - 25.91 qəpik.
Bunlardan başqa, MM-in mətbəəsi 2016-cı ildə dövlət büdcəsindən təşviqat plakatlarının çapı üçün 2 milyon 265 min 600 manat; istiqamətverici, maarifləndirici, təşviqat plakatlarının və kitabçaların çapı üçün 1 milyon 245 min 502 manat; «Yaddaş kitabçası» və trafaretlərin çapı üçün 869 min 424 manat və Referendum aktı layihəsinin çapı üçün 672 min 600 manat vəsait alıb.
MSK ilə fəal biznes münasibətlərində olan şirkətlərdən biri lPluton C» MMC-dir. 2009-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən küçəsində yaradılan bu şirkətin nə əlaqə telefonu, nə də internet səhifəsi var. Şirkətin MSK ilə əməkdaşlığının tarixçəsi də məlum deyil. O səbəbdən ki, ölkədə seçkilərin keçirilməsinə cavabdeh olan bu qurum 2017-ci ilədək iri satınalmalara dair məlumatları, demək olar ki, açıqlamayıb. Nə mediada, nə qurumun saytında, nə də satınalmaların tənzimlənməsinə məsul olan İqtisadiyyat Nazirliyinin idarə etdiyi tender.gov.az portalında bu haqda bir məlumat var.
2016-cı ildə «Pluton C» şirkəti MSK-dan 8 birbaşa müqavilə bağlamaq yolu ilə 5 milyon 277 min 135 manat alıb. Seçki məntəqələrində yerləşdiriləcək 10 min məlumat lövhəsinin hazırlanmasına görə şirkətə 1 milyon 365 min 625 manat ödənilib. Yəni, bir ədədinə görə 136 manat 56 manat. MSK 552 ədəd daşınmaz seçki qutusunun satın alınmasına görə «Pluton S» MMC-yə 131 min 900 manat ödəyib. Bir belə qutu büdcəyə 238 manat 94 qəpiyə «oturub».
Bu qutulardan savayı, MSK həmin şirkət vasitəsilə ötən il daha 5 min 500 ədəd seçki qutusu və 19 min ədəd gözlə görünməyən ultrabənövşəyi mürəkkəb alıb. Buna görə şirkətə 1 milyon 749 min 173 manat ödənilib. MSK bildirir ki, məntəqə seçki komissiyalarında 15 min 400 ədəd səsvermə kabinetləri var. Son referendumda onların işıqlandırılması üçün lampaların satın alınmasına 377 min 977 manat pul xərcləndiyi bildirilir. Bir «işıqlı» kabinet «Pluton C» MMC-nin köməyi ilə 24 manat 54 qəpiyə başa gəlib.
Gözəgörünməz mürəkkəbi müəyyən edən detektor və bu detektorlar üçün batareya alınması xərci 499 min 305 manat olub. Ölkədəki bütün seçki məntəqələrinin sayını nəzərə alsaq, bir ədəd detektora görə «Pluton C» MMC-yə 88 manat 73 qəpik ödənilib. Bu, həmin dövrdə Azərbaycanda qüvvədə olan minimum əmək haqqından 16 manat 27 qəpik az idi.
Qeyd olunanlardan başqa, «Pluton C» MMC MSK-nı ümumi dəyəri 691 min 244 manat olan ofset kağızı, tabaşirli kağız və ağ yazı kağızı ilə təmin edib. Şəffaf lövhəcik qabları üçün 99 min 120 manat, zəncirli sənəd çantası, kisə və protokollar üçün xüsusi qovluqların alınmasına görə 362 min 791manat da bu şirkət vasitəsilə istifadə olunub.
MSK-nın saytında ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqda o da qeyd olunur ki, referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair müxtəlif məzmunlu 7 reklam çarxı lsəsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilib». Bu video-çarxların hazırlanmasına görə lPrime-Time» MMC-yə 180 min 395 manat ödənilib.
MSK katibi Mikayıl Rəhimov qurum barəsində səslənən ittihamları əsassız sayır: “1993-cü ildən ölkəmizdə referendumlar keçirilib. Bunların heç birində qeyri-adi heç nə yoxdur. O bülletenlər Milli Məclisin mətbəəsində çap edilib, birbaşa dövlətin nəzarəti altında. Orada qaydaları pozmaq, qanun pozuntuları etmək mümkün olan məsələ deyil. Kim nə yazıbsa yazıb, uydurma fikirlərdir. MSK katibi olaraq, bu istiqamətdə hər hansı bir araşdırmaların aparıldığının şahidi olmamışam. Bunu MSK-nin fəaliyyətinə, gördüyü işlərə kölgə salmaq cəhdi kimi qiymətləndirirəm. Bu yanlış dezinformasiyaları yaymaq dövlətimizə, onun strukturlarına ləkə salmaq istəyən insanların işidir. Kim nə araşdırma aparırsa, nəsə üzə çıxarıbsa, bunu MSK-ya deməlidir. Belə dezinformasiyalar yaymaqla nəyəsə nail olmaq olmaz. Bu mümkün deyil ki, MSK-da korrupsiya hallarına yol verilsin. Bülletenlər birinci dəfə deyil ki çap olunub. Kağızın qiyməti məlumdur. Çap işi dövlət orqanının mətbəəsində aparılır. Belə yazılara söz tapmaq çətindir. Kimin nə iradı varsa, nə görübsə, MSK ilə bölüşə bilər.
Konkret informasiya verə bilərik ki, hansısa işi görmək üçün nə qədər vəsait sərf olunub. Bizim işimiz demokratik, şəffaf seçki keçirməkdir. O ittihamlar bizə deyilməyib, cəmiyyəti aldatmaq üçün ortaya atılıb. MSK-nı belə şeylərlə ittiham etmək düzgün deyil. Qanunvericiliyin tələblərinə uyğun şəkildə bülletenlərin çapının sifarişi verilir”.