Azərbaycan bəhailəri Tənzilə Rüstəmxanlıya AÇIQ MƏKTUB yazdılar
8-04-2017, 23:24
Azərbaycan Bəhai Dini İcması Modern.az saytında dərc olunmuş bir müsahibəyə gecikmiş rüaksiya verib. Söhbət saytımızın “Siyasətçi və din” rubrikasında dərc olunmuş 22.04.2016-cı il tarixli, “Onu deyənin özü imansız, dinsizdir” başlıqlı müsahibədən gedir. “Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı ilə edilən söhbətdə yer almış bəzi ifadələr Azərbaycan Bəhai Dini İcmasında narazılıq doğurub.
İcmanın İctimai Əlaqələr ofisinin koordinatoru Azər Cəfərov teref.az saytı vasitəsilə Tənzilə Rüstəmxanlıya açıq məktubla müraciət ediblər. Məktubda deyilir:
Açıq məktub
"Günaydın, Təzilə xanım! Sizi Azərbaycan Bəhai dini icması adından salamlamaq mənə həvalə olunmuşdur. Modern.az saytına 22.04.2016-cı il tarixində verdiyiniz müsahibədə bildirirsiz ki, 1996-cı ildə “bəhailərlə vəhhabilər Azərbaycana hücum etdilər", hansısa bəhai xanım Kanadadan gəlib bəhailəri "axtarmağa başladı” və “sizin müraciətdən sonra şeyxülislam Allahşükür Paşazadə bəhailərin qarşısını aldı”.
Ərz edim ki, Bəhai dini azərbaycanlıların ənənəvi dinidir. Bəhai icmaları Azərbaycanda 1844-cü ildən mövcuddur. 1937-38-ci illərdə bəhai icmalarının dağıdılmasına, icmalarda 38 rəhbər şəxsin öldürülməsinə və yüzlərlə ailənin ölkədən sürgün olunmasına baxmayaraq, Stalin rejimi kökümüzü kəsə bilmədi. Bəhailər Müqəddəs Azərbaycan torpağında həmişə olublar və həmişə də olacaqlar. Bura bizim vətənimizdir. Biz ana vətənimiz Azərbaycanı heç bir halda və heç vaxt tərk etməyəcəyik, onun sevinci də, kədəri də bizimdir. Onun rifahı və tərəqqisi naminə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Buna əmin ola bilərsiz.
Bəhai icmaları 1988-ci ildən açıq fəaliyyətdədir. “Kanadalı xanım”ın 1996-cı ildə bəhailəri axtarmasına ehtiyac yox idi. Çünki artıq həmin dövrdə icmalarda yüzlərlə bahai var idi və 2 dini icma dövlət qeydiyyatından keçmişdi. Rəsmi ünvanımız da bütün dünyaya bəlli idi. Diqqətinizə çatdırım ki, Azərbaycan yeganə İslam ölkəsidir ki, burada bəhailərin tam sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıbdır. Azərbaycan dövləti bizim hüquq və azadlıqlarımızın təminatçısıdır.
İkinci, Bəhai dini müstəqil dünya dinidir. O, nə İslamın, nə də başqa dinin daxilində məzhəb və ya təriqət deyildir. O, dünyanın 234 ölkəsində 2000 qədər millət, xalq və etnik qrupa mənsub 7 milyon insanı özündə birləşdirir. Bəhai dini İslami məzhəb olmadığına görə bəhai icmalarının nə Qafqaz Müsəlmanları Dini idarəsi ilə, nə də onun sədri möhtərəm Şeyxülislam Allahşükür Paşazadə cənabları ilə ruhani, inzibati və s. əlaqəsi və asılılığı yoxdur və ola da bilməz. Azərbaycan Respublikasının qanunları buna yol vermir. Bəhai dini icmaları AR –nın Konstitutsiyası, “AR Etiqad Azadlığı haqqında Qanun” və digər qanunvericilik aktları əsasında fəaliyyət göstərir və öz fəaliyyətini dövlətin təmsilçisi Dini Komitə ilə əlaqələndirirlər.
Üçüncüsü, "bəhailərin hücum etmələri" ifadəsi heç bir çərçivəyə sığmır. Öz ölkəmizdə biz kimə hücum etmişik, öz qohumlarımıza, dostlarımıza, qonşularımıza, yoxsa iş yoldaşlarımıza? Biz Azərbaycanı və onun insanlarını dilindən və dinindən asılı olmayaraq sevirik, bizi qohumluq, dostluq və işgüzar münasibətlər, ən əsası isə məhəbbət və etibar birləşdirir. Dünyanın hər yerində bəhailəri sülhsevər, öz ölkəsinə və xalqına sədaqətli, qanunlar qarşısında itaətkar, yüksək təhsilli və maarifçi toplum kimi tanıyırlar.
Möhtərəm Təzilə xanım! Biz əminik ki, dedikləriniz Bəhai dini və onun ardıcılları haqqında məlumatsızlığınızdan irəli gəlir. Bizim sizə və Sizin həyat yoldaşınız Sabir bəyə böyük hörmətimiz var. Sizin ailənizin doğma Azərbaycandan ötrü gördükləri işləri yüksək dəyərləndiririk. Ehtiyatlı olun! Sizin kimi bir möhtərəm və nüfuzlu xamının dodaqlarından qopmuş sözlər insanları çaşdırıb, onları hansısa qeyri-qanuni addımlara sövq edə bilər. Bunun məsuliyyətini dərk edirsizmi? Azərbaycanın indiki həsas dönəmində bu bizim ölkəyə, dövlətimizə lazımdırmı? Xahiş edirik sizdən, dini məsələlərlə bağlı hansısa ifadəni işlətməzdən öncə 100 dəfə ölçün və bir dəfə biçin, Azərbaycanı sevməyən qüvvələrin əlinə fürsətlər verməyin. Biz bilirik ki, siz Azərbaycanı öz həyatınızdan da çox sevirsiniz, ona görə də ehtiyatsızlıq edib, Onu qaraguruhun və məkrli qüvvələrin ayaqları altına atmayın.
Tənzilə xanım! Biz dövlətə ehtiram göstərir və onun qanunlarına itaət edirik, humanitar və qeyri-siyasi məsələlərdə dövlətə və Azərbaycan cəmiyyətinin başqa seqmentlərinə həmişə dəstək verməyə hazırıq. Bəhailərin öz ölkəsinə məhəbbəti siyasi partiyalarda iştirak etməkdə və ya siyasi fəaliyyətlə məşğul olmaqda deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əməyindədir. Azərbaycan bəhailəri özlərini cəmiyyətin maarifpərvər, mütərəqqi düşüncəli insanlarından ayırmırlar. Həmişə də onlarla əl-ələ verib, Azərbaycan ölkəsinin inkişafı və tərəqqisi naminə vətəndaş cəmiyyətinin bütün təbəqələri ilə birgə çalışmağa hazırdırlar. Bilirik ki, siz də Azərbaycan naminə çalışmağa hazırsız və bunu çox böyük şövqlə edirsiz. Gəlin dost olaq və bu ölkənin çiçəklənməsi naminə birgə çalışaq. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə, Azərbaycan Bəhai Dini icmasının
İctimai Əlaqələr ofisinin koordinatoru, Azər Cəfərov
P.S. İlkin tanışlıq üçün məktuba icma saytlarının elektron ünvanı əlavə edilmişdir.
azerbaycan-bahai-icmasi.org
bahai-yay-mektebi.org
gosazuhur.net
azerbaycan-bahai-kitabxana.org
azeridua.com
qezetlerde-bahailik.org
tefekkur.org
analar-atalar-usaqlar.blogspot.com"