Lapşinin həbs müddətinin uzadılmasında ÜAK “izi”... varmı?
10-04-2017, 09:39
Əsabəli Mustafayev: “İddialar əsassızdır, bundan sonra 9 ay da istintaq müddətinin uzanmasını qanun qadağan etmir...”
Aprelin 7-də Nəsimi Rayon Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə Trend-ə açıqlamasında A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Onun sözlərinə görə, məhkəmə istintaq orqanının təqdimatına baxıb və təqdimat əsasında A.Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə artırılıb. Vəkil bildirib ki, prosesə A.Lapşinin özü də gətirilib. Prosesdən sonra o, müvəkkilinin saxlanma şəraiti ilə maraqlanıb. A.Lapşin saxlanma şəraiti və səhhətindən şikayəti olmadığını bildirib.
Xatırladaq ki, Rusiya, İsrail və Ukraynanın vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. O, işğal altındakı Dağlıq Qarabağda qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Azərbaycan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi isə fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə Aleksandr Lapşinə qarşı cinayət işi qaldırıb və barəsində dövlətlərarası axtarış elan edib. Aleksandr Lapşin dövlətlərarası axtarış əsasında 2016-cı ilin dekabrında Belarusun paytaxtı Minskdə saxlanılıb. Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Buna baxmayaraq məhkəmə Baş Prokurorluğun ekstradisiya qərarını qüvvədə saxlamışdı və fevralın 7-də A.Lapşin Azərbaycana təhvil verilib. A.Lapşinin Azərbaycana verilməməsi üçün Rusiya cəhdlər etsə də ekstardisiyanın qarşısını ala bilmədi.
Rusiyadakı Ümurusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatına problem yaradılması və artıq qeydiyyatın ləğvi məsələsinin ortaya atılmasının arxasında duran məqamlardan birinin məhz Lapşin məsələsi ilə bağlı olduğu iddiaları da var. A.Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılmasının Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə baxacağı 11 aprelə bir neçə gün qalmış baş verməsi isə bəzilərində belə bir sual yaradır ki, bu iki məsələ arasında əlaqə varmı? Lapşinin istintaq müddəti nə qədər uzadıla bilər?
Tanınmış hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Lapşinin həbs müddətinin 3 ay uzadılmasında heç bir hüquq pozuntusu yoxdur: “Müddətin uzadılmasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinin rol oynadığını iddia etmək yanlışdır. Müddət bitmişdi və istintaq prosesi yekunlaşmadığı üçün Aleksandr Lapşinlə bağlı məhkəmə həbs müddətinin artırmaq qərarı çıxarmalı idi. Bu, hüququn tələbidir. Burada irad bildiriləsi heç bir şey yoxdur. Aleksandr Lapşinə qarşı cinayət işi az ağır dərəcəli cinayətlər kateqoriyasına aiddir. Burada istintaq müddəti 11 aydır. İstintaq müddəti 11 ayı keçməməlidir. Aleksandr Lapşin Bakıya iki aydır ekstradisiya olunub və onun barəsində istintaq gedir. Bu da o deməkdir ki, Lapşinlə bağlı həmin 11 aylıq müddət hələ bitməyib. Qanun imkan verir ki, hətta qarşıdakı üç aylıq müddət başa çatandan sonra Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 aylığına uzadılsın. Burada heç bir hüquq pozuntusu yoxdur. Aleksandr Lapşin Azərbaycanda cəmi 2 aydır həbsdədir. Bundan sonra 9 ay da istintaq müddətinin uzanmasını qanun qadağan etmir”.
Vəkil istintaq prosesinin süni şəkildə uzadıldığını söyləmək üçün əsasların olmadığınəı da dedi: “Aleksandr Lapşin üç ölkənin vətəndaşıdır və o, Azərbaycanın qanunlarını pozan bir sıra hərəkətləri, təbliğatı həm də vətəndaşı olduğu ölkələrdən həyata keçirib. Ona görə də ola bilsin ki, istintaq hərəkətləri həm də həmin ölkələrə gedilərək həyata keçirilir. Bu amil də istintaqın uzanmasında rol oynaya bilər. Azərbaycan hökuməti də çalışır istintaq o qədər keyfiyyətli aparılsın ki, Aleksandr Lapşinin vətəndaşı olduğu dövlətlərin rəsmilərinin bu istintaqın keyfiyyətinə heç bir iradı olmasın”.