Hökumət inhisarçılarla bacarmır: Monopolistlər başağırısına çevrilir

12-04-2017, 21:29           

Nazim Bəydəmirli: “İqtisadiyyata inhisarçılıq aradan qaldırılmayınca...”

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında süni qiymət artımı ilə bağlı çıxış edib. Dövlət başçısı qeyd edib ki, 2017-ci ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb: "Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir.Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik.

Süni qiymət artımına yol verilməməlidir.İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır".

Məlumdur ki, ölkəyə məhsul idxal edən zümrə hakimiyyətdə təmsil olunan oliqarxlardır.Ölkə başçısı süni qiymət artımına yol verən sahibkarlara dəfələrlə öz iradını bildirib və bu istiqamətdə müvafiq tapşırıqlarını verib. Amma görünən odur ki, bu iradları, təklifləri nəzərə alan yoxdur. Ümumiyyətlə, ard-arda yaşanan devalvasiyalardan sonra hökumət süni qiymət artımının qarşısını almağa çalışıb.Belə ki, manat ucuzlaşdırıldıqdan sonra istehlak bazarında sui-istifadə hallarına və süni qiymət artımına qarşı nəzarəti gücləndirildi.Bu istiqamətdə həm alıcıların maraq və mənafelərini qorumaq, həm iri supermarketlərin, pərakəndə satış obyektlərinin bazarda satış üzrə mövcud təklifləri böyük əhəmiyyət daşıdı.



İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadiyyatda süni qiymət artımı anlayışı yoxdur:

“Bazar iqtisadiyyatında sahibkar istehsal etdiyi və göstərdiyi xidməti bazara uyğun qiymətlərlə təklif edir. Tələb və təklif qarşılığında qiymət ortaya çıxır.Gəldiyim qənaət ondan ibarətdir ki, deməli, bazarda məhdudlaşdırıcı amillər var. Bu amillər inhisarçılıqdır, bu da iqtisadiyyatın müxtəlif zəncirlərində var. Zənnimcə, monopoliya, inhisarçılıq elə idxaldan başlayır.Çünki Azərbaycana əsas qida məhsulları və istehlak malları xaricdən gətirilir.Müəyyən şirkətlər, qurumlar və adamlar var ki, müxtəlif malları inhisara alıblar.Ölkəyə həmin məhsulları ancaq onların şirkətləri gətirə bilir.Digər sahibkarlar da buna nəzarət edə bilmirlər.Ona görə də, süni qiymət artımı deyilən anlayış ortaya çıxır.Yəni, həmin şirkətlər və qurumlar bazara qiyməti diktə edirlər. Əgər azad bazar iqtisadiyyatı inkişaf etmiş olsaydı, yəni, istənilən adam istənilən malı azad şəkildə gətirmiş olsaydı ölkəmizə gələn malların qiymətləri qonşu Gürcüstana gələn malların qiymətilə təqribən eyni olardı. Çünki coğrafi baxımdan Azərbaycan Gürcüstandan heç də uzaq məsafədə yerləşmir”.

İqtisadçının sözlərinə görə müxtəlif şirkətlər topdansatış şəbəkələrini ələ keçiriblər:

“2012-ci ildə müxtəlif istehsalçılara, o cümlədən, metal istehsalçılarının bank hesablarına qarşı reyder hücumlar təşkil olunmuşdu. İdxalda olan monopoliya nəticə etibarilə sonradan istehsala və pərakəndə satışa sıçradı. Vətəndaş istehlakçı olaraq malı alana qədər bu etaplardan keçən inhisarçılığın təsiri olan qiymət artımını öz cibində hiss edir. Bunun da qarşısını heç nə ilə almaq olmaz.Təbii ki, vergi yolu ilə iqtisadiyyatın tənzimləyici orqanı var. Sıravi şirkət sahibləri, xırda sahibkarlar vergilərini tam ödəyir.Ancaq böyük holdinqlər və şirkətlər hansı ki, arxasında yüksək çinli məmurlar durur və onlar vergini tam ödəmədiyinə görə tənzimləmədə də inhisarçılıq baş alıb gedir.Bu zaman rəqabət də olmur.Bütün bunlar üst-üstə gəldikdə o məsələ ortaya çıxır ki, iqtisadiyyatda inhisarçılığı, məmur sahibkarlığını aradan qaldırmasaq şikayətlər olacaq, optimal qiymətlər olmayacaq, vətəndaşlarımız narazı qalacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.