Trampın “üzünü döndərən” kimyəvi silah haqda bilmədiklərimiz...
13-04-2017, 09:22
Bu silahın tarixi, tətbiqi, təsirləri, Ermənistanda olub-olmaması barədə faktlar...
Aprelin 4-də Bəşər Əsəd rejiminin Suriyanın şərqində yerləşən İdlib vilayətində terrorçulara qarşı mübarizə adı altında kimyəvi silahdan istifadə etməsi və nəticədə sıralarında uşaqlar da olan 100-ə yaxın insanın həlak olması ABŞ-ın Bəşər Əsədlə bağlı son zamanlar yumşalmağa başlayan münasibətini daha da sərtləşdirmiş oldu. Kimyəvi silah məsələsi yeni prezident Donald Trampın mövqeyini 180 dərəcə dəyişdi və indi o, Əsədi “heyvan” adlandırır və hakimiyyətdən uzaqlaşdırılıb cəzalandırılmasının vacibliyini bəyan edir.
Bəs kimyəvi silah nədir ki, onun tətbiqi “qırmızı xətt”in keçilməsi hesab edilir?
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Zəhərləyici maddələr (ZM), əhalinin əmək və qoşunların döyüş qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir.
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə canlıları zəhərləyir. Kimyəvi silah təyyarə bombalarında, top mərmilərində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda, ərazini zəhərləmək üçün damcı-maye halında, insanları zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1kv.m səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir.
Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı yaranır. Kimyəvi zəhərlənmə ocağı o əraziyə deyilir ki, kimyəvi silahın və ya güclü təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı iki zonaya-ZM ilə bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar aerozolları yayılan ikinci zonaya bölünür. ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə ZM-i torpaqdan, bitkilərdən və müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda və dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi silahdan mühafizə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir.
Kimyəvi silahların əsas xüsusiyyətləri maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək, geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlama qabiliyyəti, zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı, istehsalının nisbətən ucuz başa gəlməsi və s.
Kimyəvi silahları toksikoloji təsnifata görə isə sinir iflicedici ZM, ümumzəhərləyici maddələr, dəridə yara əmələ gətirən ZM, boğucu ZM, qıcıqlandırıcı ZM, psixokimyəvi ZM, göz yaşardıcı ZM qruplarına ayrılır.
Sinir qazları: Sinir sisteminə təsir etdikdən sonra qısa müddətdə ölümə səbəb olur. Sarin, Tabun, Soman, VX. Hitlerin təlimatı ilə 1936-1944-cı illər arasında hazırlanıb. Yaponiyada bir təriqətin Tokio metrosuna hücumunda Sarin qazından istifadə edilmişdi.Qıcıqlandırıcı və korroziyaedici qazların tətbiqindən gözlər, dəri və tənəffüs yolu toxumaları ilk zərər çəkən bölgələrdir. Öldürücü olmasa da, səhhətdə əhəmiyyətli dərəcədə problemlər yarada bilir. Boğucu qazlar tənəffüs yollarını ağır şəkildə korlayıb, ağciyər xərçənginə səbəb olur.
Qan zəhərləri öldürücüdür. Sianid, Sian-xlorid adlanan bu kimyəvi silahdan Hitlerin xüsusi qaz otaqlarında da istifadə edilib.
Kimyəvi silahlar sırasında bitkiöldürücü aerezollar da mövcuddur. Onun tətbiqi bitkiləri öldürür, ya da torpağı zəhərləyir. Vyetnamda ABŞ bu növ aerezollardan meşələrdə yarpaq örtüyünün sıradan çıxması üçün istifadə edib.
Kimyəvi silahdan nə zamandan istifadə edilir və istifadə nə vaxtdan qadağandır?
Hələ Qədim Yunanıstanda primitiv kimyəvi silahlardan köməkçi vasitə kimi istifadə edilirdi, lakin sənaye miqyasında onu ilk dəfə Birinci Dünya müharibəsində tətbiq etməyə başlayıblar, amma məhvedici qüvvəsinə baxmayaraq kimyəvi silah aşağı səmərəlilik göstərdi. Kimyəvi və bioloji silahların, zəhərli qazların müharibələr zamanı istifadəsinə maneə yaratmaq üçün 1925-ci ildə Cenevrə protokolu imzalanıb. Bu protokol bioloji silahların müharibədə istifadəsini qadağan etməklə bərabər, araşdırılmasına, istehsalına və toplanmasına maneə törədir. Protokolu imzalayan ölkələrdən bəziləri işlərini davam etdirir, Yaponiya və ABŞ isə protokolu imzalamayıb.1972-ci ildə beynəlxalq səviyyədə bioloji və zəhərli silahların inkişaf etdirilməsini, istehsalını, saxlanılmasını, toplanmasını və başqa ölkələrə transferini qadağan edən müqavilə mətni hazırlanmışdı. 1972-ci il protokolu 143 ölkə tərəfindən imzalanmış, 18 ölkə sonradan qatılmış və 1975-ci ildə qüvvəyə minmişdi.
Lakin 1925-ci il “Cenevrə protokolu” ciddi nəticə verməyib və II Dünya müharibəsi zamanı Hitler Almaniyası və Yaponiya inadla müdafiə olunan partizanların gizləndikləri istehkamların təmizlənməsində kimyəvi silahı tətbiq ediblər. Kimyəvi silahdan daha sonrakı vaxtlarda da istifadə ediblər. Onu Vyetnam müharibəsi (1964-1973) zamanı hər iki tərəf istifadə edib. Eləcə də İran-İraq (1980-1988) müharibəsi zamanı da istifadə olunub. Səddam Hüseynin Hələbcədə kürdlərə qarşı kimyəvi silah tətbiq etməsi nəticəsində 3 min insan həyatını itirib.
13 yanvar 1993-cü ildə Parisdə 160 dövlətin iştirakı ilə “Kimyəvi silahların qadağan olunması” haqda Konvensiya imzalanıb. Konvensiya 1997-ci ildən qüvvəyə minib. Azərbaycanda isə Konvensiya 2000-ci ilin 30 martından qüvvəyə minib. Suriya Konvensiyaya 2013-cü ildə qoşulsa da, üzərinə götürdüyü öhdəliyi pozaraq, kütləvi qırğın silahını tətbiq edib.
Konvensiyaya görə, kimyəvi silah tətbiqi onun tətbiqi barədə əmr verənin və onu tətbiq edən ölkənin Beynəlxalq Haaqa Hərbi Tribunalı qarşısında cavab verməsi tələb edilir. Kimyəvi silahın tam məhvi 2017-2019-cu illərdə gözlənillir.
Ermənistan kimyəvi silaha sahibdir?
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib. Bu fakt ermənilərin kimyəvi silahdan istifadə etdiyini bir daha təsdiqləyib. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.
Kimyəvi tərkibli ağ fosforlu hərbi sursat kimyəvi silah hesab edilir və beynəlxalq konvensiyalara görə qadağan olunub. Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, işğalçı Ermənistanın başqa növ kimyəvi silah növlərinə malik olması da istisna deyil. Keçmiş SSRİ-nin kimyəvi silah istehsalında öndə gedən ölkə olduğunu xatırladan hərbi ekspert hesab edir ki, Ermənistanda SSRİ-dən qalma kimyəvi silahların olması ehtimalı yüksəkdir. Metsamor Atom Elektrik Stansiyası kimyəvi silah olmasa da, onun regiona yaratdığı və vəd etdiyi təhlükə kimyəvi silah təhlükəsindən daha ağırdır. Beynəlxalq birlik və regiona ölkələri bu məsələyə görə Ermənistanın üzərinə getməlidir.musavat.com/