Avropa Birliyi Azərbaycana viza rejimini ləğv edir – sensasion gəlişmə

13-04-2017, 10:38           
Avropa Birliyi Azərbaycana viza rejimini ləğv edir – sensasion gəlişmə
Qərbdən ölkəmizə “yaşıl işıq” planı; İddialar var ki, AB-nin miqrasiya və qaçqınlarla məşğul olan qurumları məhz Azərbaycan kimi ölkələrdən olan axını yönləndirmək, daha dəqiqi nəzarət etmək, miqrasiya qərarı verənlərdən isə səmərəli işçi qüvvəsi kimi istifadə etmək üçün viza rejimi şərtlərini xeyli yumşaltmaq niyyətindədir


Ötən ay Gürcüstanla Avropa Birliyi (AB) ölkələri arasında viza rejiminin ləğvindən sonra Azərbaycanda bu məsələnin aktiv müzakirəsi başlanıb. Hətta parlament və ən müxtəlif ekspertlər səviyyəsində AB-nin Azərbaycanla da viza rejiminin ləğvinə çağırışlar edilir.


Məlumdur ki, Azərbaycan AB ilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində assosiasiya sazişindən imtina eləsə də, Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Rəsmi Brüssel bu təklifə əvvəl etiraz etdi, amma ötən ilin ortalarından Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlar başlayıb. Ötən ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfərində ilk dəfə açıqlandı ki, artıq AB ilə Azərbaycan arasında strateji sənəd üzərində iş gedir. Məlumatlara görə, hər iki tərəfdən yaradılmış işçi qruplar artıq sənədlər üzərində işlərini tamamlayıblar.


Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığı ən yüksək səviyyədə genişləndirilir, ticarət dövriyyəsində də problemlər yoxdur. Məsələn, Statistika Komitəsinin aprelin 12-də açıqladığı rəsmi məlumata görə, bu ilin ilk iki ayında Avropa Birliyi ilə ticarət dövriyyəsi 42,9 faizi təşkil edib. Doğrudur, bu rəqəmdə qismən azalma olsa da, AB yenə də ticarət dövriyyəsində (11,2 faizi MDB üzvü dövlətlərin, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşür) öncül statusdadır.
AB-nin hər bir Azərbaycan vətəndaşının marağında olan viza rejiminin ləğvi üçün həm demokratiya, həm qanunvericilik bazasının yaradılması üçün şərtləri var. AB Azərbaycanda siyasi islahatların dərinləşdirilməsini və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü istəyir. Bu şərtlər qəbul olunarsa, Azərbaycan vətəndaşları da gürcülər kimi Avropa ölkələrinə vizasız gedib-gələ bilərlər. Yeri gəlmişkən, Azərbaycanla AB arasında ilyarım əvvəl viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Hələ o zaman belə xəbərlər vardı ki, AB və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi viza rejiminin sadələşdirilməsindən sonra aradan qalxa bilər.

Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Zahid Oruc da bu məsələyə toxunaraq bildirib ki, AB Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır: “Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi tərəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Qərb təşkilatlarının, Avropa Birliyinin istəyi varsa ki, Azərbaycan vətəndaşları ona tərəf üz çevirsin, o zaman öz qapılarını bu insanların üzünə açmalıdır. Yəni Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır”.


Hazırda AB çətin dövrünü yaşayır. Qaçqın axını Avropa ölkələri üçün hələ də ciddi problem kimi qalmaqdadır. Qurumu daha çox narahat edən isə miqrant axını fonunda bir sıra Avropa ölkələrində artıq milliyyətçilik və anti-İslamçı mövqedə duran siyasi partiyaların təsirinin artmasıdır. Radikal antimiqrasiya və antimüsəlman partiyaları AB-nin əsas ölkələrində, o cümlədən Hollandiyada, Fransada, Danimarkada, Finlandiyada, İsveçdə güclənir. Bu isə AB üçün ciddi təhlükədir.


İddialar var ki, AB hazırda bir sıra ölkələrlə viza rejiminin ləğvi üçün tətbiq etdiyi ön şərtləri yumşaltmağı müzakirə edir. Çünki onsuz da bir sıra ölkələrdən gələn miqrant axınının qarşısını almaq mümkünsüzdür. Amma bu yumşalmalar qaynar nöqtələrə aid deyil, söhbət AB üçün daha önəmli ölkələrə tətbiq edilən ön şərtlərin yumşalmasından gedir. Bu sırada isə MDB ölkələri sırasında Azərbaycanın da olduğu deyilir. Diplomatik kanallarla bu məsələnin hazırda rəsmi Bakı ilə müzakirə edilməsi barədə də xəbərlər var. Məlumdur ki, bu gün viza rejimi mövcud olsa da, Azərbaycan da daxil, istənilən şəxs rahatlıqla ölkəsindən çıxa, AB ölkələrinə gedə bilir. Yəni xüsusilə xaricə sığınmaq istəyənlər üçün viza rejiminin mövcudluğu əslində ciddi problem kimi görünmür. İddialar var ki, rəsmi Bakı ehtiyat edir ki, viza rejiminin aradan qaldırılması Avropaya güclü axın yarada bilər. Narahatlıq həm də ondan ibarətdir ki, bütün dünyada işsizlik problemi də yaşanır ki, miqrantların bir hissəsi siyasi səbəblərdən deyil, həm də yaxşı həyat və təminatlı iş üçün ölkələrini tərk etmək məcburiyyətindədirlər.
AB viza rejimi üçün tələb etdiyi şərtləri yumşaltmaqla əslində indi yaranmış iki ciddi problemin həllinə nail olmaq istəyir. Təhlillər göstərir ki, viza rejiminin ləğv olunduğu ölkələrdən Avropaya miqrant axını əvvəlki illərə nisbətdə xeyli azalır. Viza tətbiqi “qadağan olunmuş alma daha şirindir” effekti yaratmaqla bərabər, rahat həyat arxasınca gedənləri işləməyə deyil, daha çox sosial yardımlarla dolanmağa həvəsləndirir. Həmin ölkələrdə isə gərginliklər məhz miqrantların “müftə yedirdilməsindən” yaranır. Böyük Britaniyanın qurumu tərk etməsi qərarından sonra AB maliyyə məsələlərinə daha ciddi diqqət ayırmağa məcburdur. AB maraqlıdır ki, ölkəsinə gələnlər cəmiyyətdən ayrı deyil, onun bir parçası olsun, millətçilik və anti-İslam əhval-ruhiyyəsi ölkələri təhdid etməsin. İkinci bir tərəfdən, Avropanın işçi miqrantlara da ehtiyacı var.

Heç kimə o da sirr deyil ki, hazırda AB ölkələrinin qaçqın düşərgələrində Azərbaycandan da olan “siyasi qaçqın”lar var. Onların əksəriyyəti siyasi fəallar deyil, heç Azərbaycan müxalifətinin liderlərinin adını belə doğru-dürüst bilmirlər. Bakıdakı səfirliklərdən viza alaraq Avropaya üz tutanlar seçdikləri ölkəyə çatan kimi vizalarını unudub özlərini “siyasi əzabkeş” kimi göstərirlər. Azərbaycan Suriya və ya Seneqal deyil, əksinə, bir sıra Avropa ölkələrindən belə stabil və təhlükəsiz ölkədir. Amma “vizanı rahat həyata bilet” hesab edənlər AB ölkələrinin qaçqın düşərgəsində aylarla oturum almaq növbəsi gözləyirlər.


İddialar var ki, AB miqrasiya və qaçqınlarla məşğul olan qurumları məhz Azərbaycan kimi ölkələrdən olan axını yönləndirmək, daha dəqiqi, nəzarət etmək, miqrasiya qərarı verənlərdən isə səmərəli işçi qüvvəsi kimi istifadə etmək üçün viza rejimi şərtlərini xeyli yumşaltmaq niyyətindədir. Əslində bu da rəsmi Bakının xeyrinə işləyə bilər. Çünki AB ölkələrinə üz tutanlar sonra beynəlxalq təşkilatlarda Azərbaycanın “üz qarası”na, başağrısına çevrilir, ölkənin nüfuzuna xələl gətirir...


“YM”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.