Azərbaycan İsraildən yeni silahlar alacaq – İrəvana pis müjdə

13-04-2017, 10:47           
Azərbaycan İsraildən yeni silahlar alacaq – İrəvana pis müjdə
İsrailin Ermənistanda yeni səfiri Eliyaxu Yeruşalminin erməni KİV-lərdən birinə verdiyi son müsahibə haqda yazmışdıq. Diplomata ünvanlanan qərəzli suallardan bir daha aydın görünür ki, erməni tərəf yəhudi dövləti ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığı heç cür həzm edə bilmir, bundan ciddi narahatlıq keçirir.

Lakin məlumdur ki, səfir bu qəbildən suallara kifayət qədər təmkinli, eyn zamanda erməniləri məyus edəcək cavablar verib. “Biz bu məsələni şərh etmirik”, deməklə faktiki olaraq, Azərbaycana silah satışının davam edəcəyinə işarə vurub.

Sitat: “Biz regionda sülh istəyirik. Bizim siyasətimiz ondan ibarətdir ki, sizin öz aranızda, qonşularınızın arasında sülh Minsk prosesinə əsaslanmalıdır. Siz öz xalqlarınızın rifahı naminə nəyi qəbul etsəniz, biz də onu məqbul sayacağıq. Ən əsası odur ki, bölgədə dinclik bərqərar olsun və Ermənistan sülh şəraitində yaşasın. İsrailin Azərbaycana silah satmasına gəlincə, təbii ki, biz bu məsələni şərh eləmirik. Bu məsələ mənim İrəvandakı görüşlərimdə də qaldırılmışdı və ehtimal ki, gələcək məsləhətləşmələrdə də qaldırılacaq”.

***

Şübhə yox ki, Azərbaycanla hərbi və hərbi-texniki sahədə əməkdaşlıqla İsrail ilk növbədə öz milli maraqlarını güdür. O ki qaldı konkret olaraq silah ticarətinə, bu istiqamətdə Ermənistan amilinə görə hansısa ləngimə və ya zəifləmə gözlənilmir. İsrailin güc strukturlarından birindəki etibarlı mənbənin haqqin.az saytına bildirdiyinə görə, əksinə, “Azərbaycanla əməkdaşlıq silah tədarükü də daxil, bütün sferalar üzrə davam etdiriləcək”.

Musvat.com-un məlumatına görə, qaynaq bildirib ki, İsrailin Azərbaycana silah satmasına yeganə əngəl ola biləcək qüvvə ABŞ ola bilər. “Ancaq indiyədək Vaşinqton iki dövlət arasında silah anlaşmalarına heç bir etiraz sərgiləməyib”, - deyə o qeyd edib.

Bu fikirlə Yaxın Şərq üzrə ekspert Vasili Papava da razıdır. Onun qənaətincə, SSRİ-nin çöküşü Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasına köməkçi olub: “O vaxtdan mürəkkəb geosiyasi arealda yerləşən iki dövlət arasında əməkdaşlıq müxtəlif istiqamətləri - hərbi, iqtisadi və siyasi sferaları əhatə edir”.

Ekspertin fikrincə, Azərbaycanın İsraillə əməkdaşlığında bir neçə mühüm strateji məqam var: “Birincisi, Bakı və Təl-Əviv regional təhlükəsizliyə artan hədələrlə üz-üzədir. İkincisi, yəhudi dövləti ilə əməkdaşlıqla Azərbaycanın siyasi elitası erməni diasporunun, ələlxüsus da ABŞ və Avropadakı erməni lobbisinin anti-Azərbaycan fəallığını balanslaşdırmağa cəhd edir. Və üçüncüsü, İsrailin dəstəyi ilə Azərbaycan özünün silahlı qüvvələrini və təhlükəsizlik orqanlarını modernləşdirməyə səy edir”.

Analitikə görə, Yaxın Şərqdən sonra İsrailin regional siyasətdə prioritet verdiyi əsas istiqamət Qafqaz bölgəsidir: “Qafqaza maraq İsrailin enerjidaşıyıcılarının diversifikasiyası, İranın bölgədə artan təsirini cilovlamaq və Azərbaycandakı çoxsaylı yəhudi icmaları ilə bağlıdır. Belə ki, Azərbaycan İsrail üçün o azsaylı müsəlman dövlətlərindəndir ki, ona xoş münasibətdədir. Hər iki tərəf hazırda təhlükəsizlik sahəsində də (informasiyalar mübadiləsi, operativ məlumatların analizi və s.) qarşılıqlı faydalı əməkdaşlığa malikdir”.

Ekspertin sözlərinə görə, yəhudi dövləti ilə yaxın əlaqələr Azərbaycana imkan verir ki, öz ordusunu müasir silah sistemləri ilə təchiz eləsin: “Hansı sistemləri ki, Bakı Qərb ölkələri və ABŞ-la əməkdaşlıq etməklə ala bilməzdi. Qeyd eləməyə dəyər ki, iki dövlət arasında hərbi-texniki əməkdaşlığın həcmi 1 milyarda dolları ötür ki, bu da Qərb ölkələri il analoji əməkdaşlıqdan on dəfələrlə böyükdür. Regionda qeyri-sabitliyin, Yaxın Şərqdə və Avropa ölkələrində terror təhlükəsinin artması fonunda Azərbaycanla İsrail arasında hərbi və təhlükəsizlik sferalarında əməkdaşlıq yalnız inkişaf edəcək ki, bu da onların strateji maraqlarına tamamilə cavab verir”.

***

Terror təhlükəsindən söz düşmüşkən, bu arada ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” Analitik Ofisi özünün son hesabat- məqaləsində Sankt-Peterburq metrosundakı terror hücumundan sonra Rusiyanın da təhlükəsizlik sahəsində “Yaxın xaric” ölkələri ilə, o cümlədən də Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək xətti götürdüyünü qeyd edir. Musavat.com-un məlumatına görə, “Beyin mərkəzi” Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təzəcə başa çatan Bakı səfərinə ən əvvəl bu rakursdan qiymət verib.

“Azərbaycan o cümlədən təhlükəsizlik məsələlərindən söhbət gedəndə ənənəvi olaraq, neytral mövqe tutur. Rusiyanın müttəfiqi, öz ərazisində rus bazasına yer vermiş Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə öz neytrallığını saxlayıb. O sırada Rusiya ilə əlaqələrdə uzun illər ərzində bu mövqeyini qoruyub saxlayıb və eyni zamanda Türkiyə ilə sıx hərbi əməkdaşlıq qurub. Ancaq işğal altındakı Dağlıq Qarabağa görə Azərbaycanın Ermənistanla olan konfliktinə Rusiyanın çevik yanaşmaları Moskva ilə Bakı arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın möhkəmlənməsinə rəvac verib.

Azərbaycan Rusiyadan silah tədarükünü artırıb, noyabrda iki ölkə hərbi-texniki əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakı səfəri nəzərdə tutulur - red.) Beləliklə də, regionda siyasi qeyri-sabitlik Moskvaya imkan verib ki, bir çox qonşu ölkədə öz təsirini gücləndirsin - xüsusən də söhbət təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedirsə” - hesabatda vurğulanır.

***

Şübhəsiz ki, Azərbaycanın Ermənistandan bir mühüm üstünlüyü də onun silahlanma yarışında diversifikasiya imkanına malik olmasıdır. Yəni Bakı İsrail və Türkiyədən başqa istənilən digər dövlətdən də müasir hərbi və HHQ sistemləri, döyüş maşınları almaq, onların bəzilərinin istehsalını hətta öz ərazisində qurmaq imkanına malikdir. Bu xüsusda müdafiə sənayesi naziri Yavər Camalovun yeni kamikadze dronların - “Zərbə” KH-lərin istehsalına başlanması ilə bağlı son açıqlaması diqqət çəkir.
Son illər ölkəmizlə yeganə nüvə müttəfiqimiz - dost Pakistan arasında dərinləşən əlaqələri isə məxsusi qeyd eləmək lazım gəlir. Bütün bunlar, üstəgəl, iqtisadi-maliyyə imkanları Azərbaycana işğalçı ölkə üzərində əzici hərbi üstünlük əldə eləmək üçün yaxşı fürsətlər deməkdir. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.