Qubada stomatoloqlarlın məsələsi llə bağlı DİN-dən açıqlama
13-04-2017, 20:21
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə:
"Gundemxeber.az", "Terefinfo.az" və "Regionxeberleri.com" saytlarında yerləşdirilmiş yazıda Quba RPŞ rəisinin rayonda stomatoloq fəaliyyəti ilə məşğul olanlardan guya təmənna güdməsi barədə səslənmiş fikirlər tamamilə əsassızdır, bu iddialar uydurma və böhtan xarakterli olmaqla polisin yüksək işgüzar nüfuzuna və imicinə xələl gətirməyə yönəlib.
Görünür, belə məlumatların yayılmasına Quba rayonunda yaşayan 2 şəxsin- şəhər sakini Tərlan Nadirovun və rayonun Aşağı Xuc kəndində yaşayan Oqtay Məmmədovun RPŞ-yə müraciət etmələri cəbəb olub. Stomatoloq kimi fəaliyyət göstərən Hörmət və Orxan adlı şəxslərin onların dişlərini çıxarmalarından sonra ağız boşluğunda kəskin ağrıların yaranması səbəbindən hər iki faktın araşdırılaraq adları çəkilən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, sonuncuların həkim olub-olmadıqlarının, bu fəaliyyətlə məşğul olmarına dair müvafiq icazəsinin verilməsinin müəyyənləşdirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bərabər sağlamlığına yetirilmiş zərərin bərpası həmin ərizələrdə xahiş olunub.
T.Nadirovun və O.Məmmədovun müraciətləri əsasında RPŞ-də müvafiq araşdırma aparılıb və fakt təsdiqini tapıb, heç bir tibbi təhsili olmayan H.Mehrəliyevin, həmçinin O.Babaşovun bu fəaliyyətlə məşğul olmalarına dair müvafiq dövlət qurumu tərəfindən sonunculara xüsusi icazə (lisenziya) verilmədiyi, onların bu işlə fərdi qaydada, zəruri tibbi avadanlıq və ləvazimat olmadan məşğul olduqları müəyyən edilib. Hər iki şəxsin dişlərinin çıxarılması zamanı onlara yetirilən xəsarətin ağırlıq dərəcəsinin təyin olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pateloji Anatomiya Birliyinə müvafiq sorğu verilib.
Birinci faktla bağlı araşdırmanın nəticəsi olaraq material üzrə cinayət işinin başlanması rədd edilib, Hörmət Mehrəliyevin əməllərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tərkibi olduğundan (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) qəbul olunmuş qərarın surəti icra olunması üçün Səhiyyə Nazirliyinə göndərilib.
İkinci məsələ üzrə tibbi ekspertizanın rəyi RPŞ-yə təqdim edilmədiyindən Orxan Babaşovun əməlinə hələlik hüquqi qiymət verək mümkün olmayıb. Faktla bağlı araşdırma davam etdirilir.
teref.az olaraq başqa qurumlarında şikayətlərə DİN-yi kimi operativ reaksiya verməsini arzulayardıq!
teref.az