Müdafiə Nazirliyinin Mərkəzi arxivlər İdarəsindən özbaşınalıq - ŞİKAYƏT

14-04-2017, 13:18           
Müdafiə Nazirliyinin Mərkəzi arxivlər İdarəsindən özbaşınalıq - ŞİKAYƏT
I qrup Qarabağ mühribəsi əlili Əli Abbasovun həyat yoldaşı Məlahət Abbasova martın 30-da Hurriyet.org-a telefon vasitəsilə müraciət edərək bildirdi ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivlər İdarəsindədir. İdarədə qəbul günü olduğu üçün rəsmi müraciət edib. Dedi ki, oktyabr ayının 26-dan həm özü, həm də Əli Abbasovun vəkili Rabil Həmzəyev hərbi arxivə dəfələrlə müraciət ediblər ki, Ə.Abbasovun həqiqiətən də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsini, hərbi xidmət keçməsini təsdiqləyən arxiv səndi alsınlar. Amma o, get-gələ salınır, bu sənəd onlara verilmir.

Şikayətçi bizimlə danışdıqdan sonra mobil telefonu hərbi arxivin əməkdaşına verdi. Həmin şəxs Hurriyyet.org-dan olduğumuzu bilincə dedi ki, Qarabağ müharibəsi iştirakçısı olan Ə.Abbasovun sözügedən səndi axtarışdadır. Amma bu sənədi tapmaq üçün müəyyən qədər vaxt lazımdır. Əgər müvafiq sənəd tapılmasa, məhkəmə yolu ilə bu sənədin verilməsi mümkündür.

Müdafiə Nazirliyinin əməkdaşı deyir ki, gedin məhkəməyə “tərləyin”

Növbəti gün M.Abbasova Hurriyyet.org-a təkrar müraciət edərək bildirdi ki, həyat yoldaşının 1992-ci ilin noyabrında Ağdərə döyüşlərində ağır yaralanması haqqında əlində tutarlı sənədlər olsa da, o, həyat yoldaşının Azərbaycanda hərbi xidmət keçməsi haqqında sənədi əldə edə bilmir. Ona bəhanə gətirilir ki, həyat yoldaşı könüllü döyüşdüyü üçün belə bir sənədin ona verilməsi mümkün deyil: “Həyat yoldaşım Əli Abbasovun döyüşdə ağır yaralanması hərbi komissarlıq tərəfindən təsdiq olunub. Bununla bağlı Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının qərarı var, 145 saylı hərbi poliklinkanın verdiyi rəy əlimizdədir, məhkəmə də müvafiq qərar verib. Amma hərbi arxiv o sənədi vermir ki, bununla bağlı Müdafiə Nazirliyi onlara ştat ayırmayıb, arxivdə araşdırma aparmağa işçiləri və zamanları yoxdur.

Əslində isə sənəd mənə təqdim olunan ərəfədə hərbi geyimli şəxs, (sonradan öyrəndim ki, ad-soyadı Ruslan Rzayevdir) dedi ki, bu sənəd verilə bilməz. Səbəbilə maraqlandıqda dedi ki, o, könüllü döyüşüb, hərbi xidmətə aparılmayıb. Mən dedim ki, könüllü döyüşənin də halal haqqı var. Ölkə başçısı da Qarabağ uğrunda qanlarını tökənlərə qarşı xüsusi ehtiram göstərir, o cümlədən də mənim həyat yoldaşım 165 manat prezident təqaüdü alır. O, isə mənim də, həyat yoldaşımın da, vəkilimizin də haqqında kobud ifadə işlətdi. Mən bu cür davranışa etiraz etdikdə, o, daha da qaba ifadəyə yol verərək dedi ki, könüllü döyüşdə olana hərbi xidmət keçməsi haqqında sənəd verilə bilməz, gedib məhkəmə yolu ilə bu sənədi alım. Özü də tək mən deyil, orada olan bir çox vətəndaşlar ələ salınaraq, onların müraciətlərinə baxılmaması üçün həmin şəxs bəhanələr gətirdi. Bu münasibətdən isə belə qənaət yaranır ki, həqiq hərbi xidmətdə olmasına baxmayaraq həyat yoldaşıma bu sənədin verilməsi üçün “hörmət” etməliyəm. Çünki Ruslan Rzayev deyir ki, gedin məhkəməyə “tərləyin”..

“Cənab müdafiə naziri, Qarabağ müharibəsi döyüşçüləri ələ salınır”

M.Abbasova redaksiyamız “Hürriyyət” qəzeti və “Hurriyyet.org”vasitəsilə müdafiə nazirinə müraciət də etdi: “Maraqlıdır, görən müdafiə nazirinin xəbəri varmı ki, Qarabağ müharibəsində iştirakda sağlamlığını itirən, bu üzdən də özləri və ailələri bir çox məhrumiyyətlərə məruz qalan şəxslər ələ salınır, bürokratik əngəllə üzləşir? Həyat yoldaşım həm sovet ordusunda hərbi xidmətdə olub, həm də könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. Doğrudur, o döyüşərkən heç bir təmənnası olmayıb. Amma bu ölkədə başda İlham Əliyevin humanist prinsipləri olmaqla qanunlarımız da yol verir ki, Azərbaycanın ərazi bütövlüyü üçün canını fəda eləyən insanların sağlamlığının nisbətən bərpa olunması üçün dövlət onlara təzminat ayırsın. Bu bütün vətənini sevən, vətənpərvər oğullar kimi həyat yoldaşımın da halal haqqıdır. Nə üçün ona və ailəsinə, eləcə də bizim statusumuzda olan neçə ailəyə belə sayğısızlıq edilir? Odur ki, cənab Zakir Həsənovdan xahiş eləyirəm həmin şəxs haqqında müvafiq tədbir görülsün”.

M.Abbasova MN-nin Mərkəzi Arxivlər İdarəsindən poçt vasitəsilə ona verilən cavabı da redaksiyaya təqdim elədi. Müharibə əlili ailəsi verilən cavaba qane olmayıb, məhkəməyə müraciət edəcəyini bildirir.

Araşdırılmadan bütün sorğularımıza şablon cavab verilir

Ə.Abbasovun hüquqi nümayəndəsi Rabil Həmzəyev dedi ki, Mərkəzi Arxivlər İdarəsinə 10-dək sorğu göndərilib, hər dəfə də eyni cavab alınıb. Şablon cavablar isə onu deməyə əsas verir ki, istinad olunası sənədlər olduğu halda müharibə əlilinə tələb olunan sənədin araşdırması aparılmır.

Yazıda göstərilən məsələylə əlaqədar Müdafiə Nazirliyinin mövqeyini öyrənmək üçün yazılı və şifahi müraciət etdik. Telefonda bizə cavab verən şəxs redaksiyamızın əlaqə telefonunu götürüb, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının redaksiya ilə əlaqə yaradacağını bildirdi. Amma gün ərzində əlaqə yaradılmadı.

Elektron poçtla nazirliyin mətbuat xidmətinə etdiyimiz yazılı müraciətə isə hələ cavab almamışıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.