Oliqarxların bazarında yoxlama: Bahalaşmanın qarşısı bu yolla alınacaq?

15-04-2017, 20:48           

Məlum olduğu kimi 2015-ci ilin dekabrında sahibkarlığın inkişafı üçün yoxlamalar dayandırılmışdı. Belə ki, iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar dövlət başçısı qərar verdi ki, 3 il müddətinə yoxlamalar dayandırılsın. Burada korrupsiya və rüşvətxorluq halları ilə bağlı və bir də vergi orqanlarının yoxlamaları istisna olunurdu. Digər bütün yoxlamaların dayandırılması barədə qərar verilmişdi. Dayandırılan yoxlamalardan sonra vəziyyətdən sui-istifadə halları çoxalmağa başladı.


Bəzi sahibkarlar keyfiyyətsiz məhsullar istehsal etməyə başladılar. Əsasən bazarda süni qiymət artımına yol verildi. Saxta ərzaq məhsullarının bazara axını genişləndi. Bununla da sahibkarlıq fəaliyyəti nəzarətsiz qalaraq həddini aşdı. Bu gün də bu problem davam edir. Məlumatlara görə süni qiymət artımının və saxta ərzaq məhsullarının bazara axınının qarşısını amaq üçün yoxlamalar yenidən bərpa oluna bilər. Ekspertlər isə hesab edir ki, bu yol səmərə verməyəcək.

Yoxlamalar qayıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində yoxlamaların yenidən bərpa olunması hər hansı bir effekt verməyəcək: “Bunun üçün yaxşı olardı ki, rəqabətli mühit artırılsın. Normal bazar iqtisadiyyatı formalaşmış və oturuşmuş ölkələrdə süni qiymət artımı mümkün deyil. Süni qiymət artımının qarşısını alan ən yaxşı mexanizm rəqabətli mühitdir. Dünyanın hər bir ölkəsində mal və xidmətlərin keyfiyyəti, tərkibi ilə bağlı ciddi yoxlamalar olur. Məhz süni qiymət artımı ilə bağlı yoxlama aparan ciddi qurum olmur. Rəqabətli mühit olarkən heç bir sahibkar süni şəkildə qiyməti artırıb, daha baha sata bilmir. Çünki rəqibi buna imkan vermir. Ona görə də qiymətləri aşağı salaraq daha çox müştəri cəlb edir.

Qiyməti artıran şirkət və ya fiziki şəxs gəlirlərini, dövriyyəsini itirir. Ona görə də Azərbaycanda Sovetdən qalma inzibati yollarla tənzimləmədənsə, hər hansı bir formada yoxlamaların sayının artırılmasındansa, rəqabətli mühitin artırılmasına çalışmaq lazımdır ki, təbii şəkildə bunun həlli tapılsın. Çox təəssüf ki, Azərbaycan reallığında yoxlayıcı orqanların sayının artıq olması, yaxud da onların biznesinin işinə birbaşa müdaxilə hallarının çoxalması əksinə, mal və xidmətlərin qiymətinin artmasına səbəb olur. Həmçinin qeyri-qanuni yollara, rüşvətə, korrupsiya hallarına yol açan əsas amillərdən birinə çevrilir. Azərbaycanda 15-ə yaxın dövlət və hökumət orqanının sahibkarların işinə müdaxilə etmək, yoxlamaq səlahiyyəti var. Müstəqillikdən üzübəri belədir və biz qiymətlərin süni şəkildə artımından, mal və xidmətlərin keyfiyyətsiz şəkildə bazara çıxmasından danışırıqsa, deməli, bu yol effektiv yol deyil”.

Yoxlamalara yox, təşviqə hə...

Ekspertin sözlərinə görə dünya təcrübəsi də sübut edir ki, vətəndaş müştəri ən yaxşı nəzarətçidir. Hansı şirkət öz malını daha ucuz və keyfiyyətli satırsa, ona üstünlük verməyə çalışır: “Bu da şirkətlərin marağını artırır ki, daha çox mal satmaq üçün ucuz və keyfiyyətli məhsular bazara çıxarsınlar. Bu səbəbdən dövlət orqanlarının işi nəzarətdən daha çox təşviqdən ibarət olmalıdır. Bazar oyunçuları daha çox təşviq olunmalıdır ki, daha keyfiyyətli və ucuz məhsulları bazara çıxarsınlar. Onun da yolu çox kəskin rəqabətin olduğu rəqabətli mühitdən keçir. Yoxlamalar var idi. Hətta 2014-cü ildə dövlət orqanları 50 mindən çox yoxlamalar aparmışdı. 2015-ci ildə bu kəskin aşağı düşdü və min dəfəyə qədər azaldı. Amma ciddi dəyişiklik olmadı. Təbii ki, bu biznesin yükünü azaltdı, amma nə qiymətlərdə, nə də keyfiyyətdə ciddi dönüş olmadı”.

Natiq Cəfərli hesab edir ki, rəqabətli mühitin artması bazarda oyuncu sayını artırır: “Bir mal və xidmət bir neçə şirkəti deyil, onlarla şirkətin bazara çıxarılmasına imkan yaradır. Rəqabətli mühit də həm malın keyfiyyətinə, həm də qiymətinə müsbət təsir göstərir. Bunun qanunvericilik üzrə yolları da var. Azərbaycan 20 ilə yaxındır ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmur. Danışıq aparılır, amma üzvlük həll olunmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.