Azərbaycanda qazın tərkibinə vurulan qatqılar məlum oldu-FOTO
16-04-2017, 10:48
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı olduqca ciddi bir faktın üstünü açıb.
AFN xəbər verir ki, sosial şəbəkədən mütəxəssislərə səslənən Mirvari Qəhrəmanlı belə bir suala cavab axtarıb: "Hazırda Praqadayam. Evdə qaldığım üçün təbii ki, qazdan istifadə edirəm. Bilmək istərdim, nəyə görə xörək bişirərkən qaynama, qızartma prosesi burda, daha tez başa çatır? Qazın tərkibi, yoxsa başqa amil?"
Suala cavab verən sosial şəbəkə istifadəçisi Cəmil Məmmədovun açıqlaması günün hadisəsi sayıla bilər. Çexiyanın qazı Rusiyadan aldığını deyən C.Məmmədov bildirib ki, Rusiya qazının tərkibi 98 faiz metandır: "İstilik törətmə qabiliyyəti 8000 K/call-dı. Amma bizim qazın tərkibində CO2 və N2 (azot) çoxluq təşkil etdiyi üçün qazın kaloriliyi düşür 5000 k/call-a". O daha sonra qeyd edib ki, qaz emal olunmadan, mexaniki qarışıqlardan təmizlənmədən birbaşa istehlakçıya ötürülür: "80 saylı qərarda (Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərar-red.) göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli və standartlara uyğun DÜİST 5546 qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesabata əsasən ödəyir. DÜİST QOST 5546 təbii qazın tərkibi 92-98 faiz metan olmalı, istilik törətmə qabiliyyəti 8000-8500 k/kalori olmalıdır, quru olmalıdır və s.".
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da məsələyə maraqlı rəy bildirib: "Bizdə qazın tərkibinə yanmayan qatışıqlar əlavə olunur. Yanma zamanı o qazlar sadəcə uçub gedir və istilikyaratma prosesində iştirak etmir. Uçub gedən təkçə qaz olmur, həm də istehlakçıların pulu olur..."
M.Qəhrəmanlının başqa bir paylaşımı isə "qazın tərkibinə hava vuran" aparatın fotosudur. Həmin fotonu da yazıya əlavə edirik.