BDU-nun dekan müavini tələbəni məhkəməyə verib

17-04-2017, 20:38           
BDU-nun dekan müavini tələbəni məhkəməyə verib
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə verib.
Bu barədə "Report"a N.İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov bildirib.
Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini tələbənin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. N.İsmayılzadə məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.
Müdafiəçi qeyd edib ki, N.İsmayılzadənin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də müvəkkili haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə dekan müavininin ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirilib.
K.Nəsibov 14 fevral 2017-ci il tarixdə mətbuatda N.İsmayılzadə haqqında “BDU-nun İlahiyyat Fakültəsində nələr baş verir - Şikayət var” başlıqlı yazı dərc olunduğunu deyib: “Yazıda göstərilib ki, "24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə gəlməmiş İlahiyyat fakültəsində təəssüf ki, bu gün dekan müavini, dosent Nigar İsmayılzadənin sayəsində rüşvətxorluq adı çəkilən təhsil ocağında “çiçək açıb”. İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə rüşvətlə qiymət yazdırmaqdan başqa onlar arasında ayrı-seçkilik edir, imkansız və imkanlı tələbələrlə ünsiyyətdə istifadə etdiyi dil bir-birindən kəskin fərqlənir. Fakultəmizdə qeyri-rəsmi imtahan “haqqı” təyin edən dekan müavini beş semestr imtahanının hər birindən 300 manat olmaqla ümumilikdə 1500 manat, dövlət imtahanından isə ayrıca olaraq 1200 manat alaraq hamını soğan qabığı kimi soyur”".
N.İsmayılzadənin iddia ərizəsində qeyd edib ki, göründüyü kimi yazı BDU-nun İlahiyyat fakültəsinin tələbələrinin adından yazılıb, ona qarşı rüşvət almaq, tələbələri təhqir etmək, alçatmaq kimi axır böhtan atılıb.
Vəkilin sözlərinə görə, bundan başqa, həmçinin İlahiyyat fakültəsinin bir qrup tələbəsinin adından N.İsmayılzadə haqqında tədbir görülməsi barədə şikayət ərizəsi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmova 10.03.2017-ci il tarixli müraciət olunub: “Həmin yazıların araşdırılması məqsədi ilə Abel Məhərrəmovun göstərişinə əsasən, yaradılmış komissiya tərəfindən araşdırma başlanılıb. Həmin araşdırma əsasında fakültədə oxuyan tələbələrlə görüşülüb və məsələ ilə bağlı çoxlu sayda onların izahatı alınıb. Həmin izahatlardan və şifahi aparılmış araşdırmadan məlum olub ki, İlahiyyat fakültəsində “Dinşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Zəka Mirağayev fakültənin tələbələrini aldadıb. Guya o, fakültənin əməkdaşı Aynur adlı xanımın işdən çıxarılmaması ilə bağlı imza toplandığını bildirilərək, onlara ağ kağıza imza atdırıb. Sonradan isə həmin ağ kağızda imza etmiş tələbələrin adından, onların məlumatı və razılığı olmadan Nigar İsmayılzadə barəsində qətiyyən həqiqəti əks etdirməyən sözlər yazaraq, barəsində ciddi tədbir görülməsini xahiş edib. Bundan başqa, Zəka Mirağayev öz qanunsuz hərəkətlərini daha “təkmilləşdirərək” 28 fevral 2017-ci il tarixdə digər mediada müsahibə verərək, Nigar İsmayılzadəyə qarşı yenə böhtan atıb, onu BDU-nun İlahiyyat fakültəsinin tələbələrindən rüşvət almaqda ittiham edib və 2015-ci ilə kimi fakültədə rüşvətxorluq halının olmadığını bildirib. Zəka Mirağayev hətta fakültənin müəllim heyətinin 90%-nin hüquqlarını müdafiə etdiyimin şəxsdən narazı olduğunu və müəllim heyətinində bu haldan narahat olduğunu deyib”.
K.Nəsibov həmiçinin bildirib ki, 2 mart 2017-ci il tarixdə digər mətbuat oraqnlarında “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazılar dərc olunub: “Eyni məzmunlu yazıda Zəka Mirağayevin sayta ünvanladığı şikayət məktubunun dərc edildiyi qeyd edilib. Yazıda göstərilib ki, “BDU-nun 4-cü kurs tələbəsi Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələb edir və bununla bağlı ən yüksək instansiyalara yazılı müraciət edib. Müraciətlərinə cavab verilmədiyi üçün şikayətini mətbuata yönəldib və ictimailəşməsini istəyir”, - deyəF müdafiəçi qeyd edib.
Vəkilin sözlərinə görə, Z.Mirağayevin mətbuatda “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazısında heç bir sübuta istinad etmədən böhtan atmaqla N.İsmayılzadəyə qarşı rüşvətxor kimi ağır ittiham irəli sürüb: “O, xanım dosentin şəxsi və işgüzar nüfuzunu zədələməyə çalışıb. Məlumat üçün onu da bildirirəm ki, Zəka Mirağayev tərəfindən sosial şəbəkələrdə səsləndirilən böhtanların həqiqətə uyğunluğunun araşdırılması məqsədi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmovun 02 saylı 28 fevral 2017-ci il tarixli sərəncamı ilə Komissiya yaradılıb. Komissiya İlahiyyat fakültəsində dekan, dekan müavinləri, kafedra müdirləri, tyutor, professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib, onların izahatları dinlənilərək, arayış təqdim edilib. Arayışda Nigar İsmayılzadənin müxtəlif neqativ hərəkətlərlə məşğul olması ilə bağlı irəli sürülən iddialar və səsləndirilən fikirlərin öz əksini tapmaması qeyd olunub”.
Müdafiəçi onu da əlavə edib ki, BDU tərəfindən vəkil sorğusuna verilən 29.03.2017-ci il tarixli, t-649 nömrəli cavab məktubuna əlavə edilmiş xasiyyətnamədən məlum olub ki, Z.Mirağayev 2003/2004 tədris ilində İlahiyyat fakültəsinin “Dinşünaslıq” ixtisasına ödənişli əsaslarla qəbul olunub: “O, 2004/2005 tədris ilinin I semestrində isə üzrsüz səbəbdən 280 saat dərs buraxdığına görə 31.05.2005-ci il tarixdən BDU-nun tələbələri sırasından xaric olunub. Zəka Mirağayev 2014/2015 tədris ilinin I semestrində rektorluğun 3/578 saylı, 12.09.2014-cü il tarixli əmri ilə “Dinşünaslıq” ixtisasının II kursuna bərpa olunub. Zəka Mirağayevin bir fərq imtahanı və üç akademik borcu var. Hesab edirik ki, Zəka Mirağayevin mətbuatda verdiyi müsahibəsində və yazılarında açıq-aşkar şəkildə Nigar İsmayılzadəni rüşvət almaq kimi ağır cinayəti törətməkdə ittiham etməklə ona və Azərbaycanın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universitetinə böhtan atıb. Zəka Mirağayev öz cinayətkar hərəkətləri ilə Nigar İsmayılzadənin şəxsi və işgüzar nüfuzunun zədələmişdir. Halbuki, Azərbaycan Konstitusiyasının 63-cü maddəsinin birinci bəndinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi, Zəka Mirağayev Nigar İsmayılzadəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan cinayət törətməkdə ittiham edir və bununla da ona maddi və mənəvi ziyan vurur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.