Xanım jurnalisti döyən icra başçısı məhkəməyə verilir
18-04-2017, 09:39
Fotomüxbirə kamera qarşısında zor tətbiq edən İbrahim Mehdiyevin hərəkəti ölkəmizi qınaq obyektinə çevirir; Elçin Şıxlı: “Yuxarı dairələr onu işindən azad etməli idilər”
Yasamalın icra başçısı İbrahim Mehdiyevin xanım jurnalist Fərqanə Novruzovanı vurması son günlərin əsas müzakirə edilən məsələlərindən biri oldu. Peşə fəaliyyətini yerinə yetirərkən - “Sovetski”dəki məscidin sökülməsi ilə bağlı suallarını ünvanlayarkən xanım jurnalistin kamerasını itələyən, onu sillə ilə vuran (bu səhnələr videokameraya açıq-aydın düşüb) icra başçısı bir anda “qəhrəman”a çevrilib, mətbuat və sosial şəbəkələrdə sərt qınaqlarla üzləşib.
Ölkənin hüquq müdafiə və jurnalist təşkilatları F.Novruzovanı müdafiə etməklə yanaşı, icra başçısının qanunsuzluğu ilə bağlı tədbirlər görülməsini, onun cəzalandırılmasını tələb edirlər.
Artıq bu gün İ.Mehdiyevlə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediləcək. Bununla bağlı “Yeni Müsavat”a açıqlamasında döyülən xanım jurnalistin özü məlumat verdi: “Şikayətim aprelin 18-də disklə bir yerdə Yasamal prokurorluğuna göndəriləcək. Müstəqil hüquqşünaslardan köməyini təklif edən çox oldu, ictimaiyyət nümayəndələri, həmkarlar dəstək olduqlarını bildirdilər”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı icra başçısının medianı bu şəkildə aşağılaması ilə bağlı bunları dedi: “İcra başçısı qarşısındakı jurnalisti zəhlətökən şəxs kimi görür, onu itələyir. Bu yolla özündən uzaqlaşdırır. Əslində bu hərəkətinə görə icra başçısı məhkəməyə verilməli, yuxarı dairələr onu işindən azad etməli idilər. Əgər vəzifəli şəxs-icra başçısı vətəndaş jurnalistə əl qaldırırsa, o zaman sıravi şəxsdən nə gözləmək olar? Şəxsi mövqeyim belədir. Bizdə həmrəylik deyilən şey yoxdur. Bunu 20 ildir deyirəm. Jurnalist təşkilatlarında və jurnalistlərdə də həmrəylik yoxdur. Bu baxımdan, heç kimin bu məsələdə həmrəy olub, birlikdə addım atacağına inanmıram. Atmaq istəyən olacaqsa, mən onların yanında olaram”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu icra başçısının qanunsuz hərəkətlərinə görə cəzalandırılmasını tələb etdi: “İcra başçısının sillə vurduğu jurnalistdən xahiş edirəm ki, onu versin məhkəməyə, biz də hüquq müdafiəçiləri olaraq, məhkəmədə çıxış edək və həmin jurnalisti müdafiə edək. Nəinki jurnalist, sadə bir insan əgər sual verirsə, ona cavab vermək məmurun vəzifə borcudur. O, vəzifədə niyə təmsil olunur? Prezidentin bunun haqqında qərarı var idi ki, hər bir məmur istənilən insanın sualına cavab verməlidir, o ki qaldı jurnalist. İcra başçısının bu hərəkətinə başqa cür haqq qazandırmaq olmur və o cəzalandırılmalıdır. Əgər xanım istəyir ki, şəxsinə olan bu özbaşınalığı sona qədər aparsın, o zaman versin məhkəməyə. Yanında şahidləri də var, videoçəkilişlər də. Həm haqqını qoruya bilər, həm də icra başçısının üzr istəməsini tələb edə bilər”.
Qeyd edək ki, hadisənin baş verdiyi ilk günlərdə İ.Mehdiyev məsələyə münasibət bildirib, jurnalistin onu bezdirdiyini desə də, ona əl qaldırmağını təkzib edib. Lakin hadisə yerindən çəkilən videoçəkilişdə icra başçısının jurnalistin kamerasını geri itələdiyi və onun başına sillə ilə vurduğu açıq şəkildə görünür. Bu, yaddaşlarda olan ilk hadisədir ki, icra başçısı jurnalisti küçənin ortasında sillə ilə vurur. Bu, ölkənin imicinə ciddi xələl gətirən faktdır. Hətta erməni saytları da bundan Azərbaycan dövlətinə qarşı istifadə etməyə başlayıblar.